AZ EN RU

Əfsanəvi futbolçu Naxçıvanda

    Türkiyə futbolunun canlı əfsanəsi, Avropa ölkələrinin çempionatlarının ən məhsuldar hücumçusu üçün nəzərdə tutulan “Qızıl buts” mükafatının ilk və yeganə türkiyəli sahibi, “Qalatasaray” və “Fənərbaxça”nın 59 yaşlı sabiq hücumçusu Tanju Çolak Naxçıvan Muxtar Respublikasında səfərdədir.
    Naxçıvan Futbol Federasiyasının sədri Vüqar Abbasovun dəvəti ilə reallaşan səfər çərçivəsində qonaqlar öncə Naxçıvan şəhərinin mərkəzi meydanında ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, Heydər Əliyev Muzeyi ilə yaxından tanış olublar.  Tanınmış futbolçu Naxçıvan Muxtar Respublika Stadionundakı şəraitlə  də tanış olub, federasiya üzvləri ilə söhbət aparıb. 
    Səfərin ikinci günündə keçmiş futbolçu öncə Uzunoba Təlim Məşq İdman Kompleksində olub, Azərbaycan Region Liqası Naxçıvan zonası üzrə keçirilən “Batabat” – “Araz-Naxçıvan” oyununu canlı izləyib. Oyundan sonra Tanju Çolak futbolçularla görüşüb, onların fikirlərini dinləyib, xatirə şəkilləri çəkdirib. Həmin gün 59 yaşlı veteran futbolçu “Cahan AVM” Məhdud Məsuliyyətli Cəmiyyətində yerli azarkeşlərlə görüşüb. Futbol Federasiyası tərəfindən azarkeşlərə imzalı top və futbol formaları hədiyyə edilib.
    Naxçıvan Futbol Federasiyasının sədri Vüqar Abbasov Tanju Çolakla rəsmi görüşdə muxtar respublikamızda futbolun inkişafının 10 illik proqramı çərçivəsində görüləcək işlər barədə danışıqlar aparıb. Veteran futbolçu isə bildirib ki, hər zaman futbolun içində olmaq, bu idman növünün inkişafına töhfə vermək əsas məqsədimdir. Qardaş ölkə Azərbaycanda futbolun formalaşmasına fayda vermək məni xüsusi xoşbəxt edir.
    Naxçıvan Biznes Mərkəzində Naxçıvan Futbol Federasiyasının və “Araz-Naxçıvan” Peşəkar Futbol Klubunun idarə heyətinin üzvləri ilə Tanju Çolağın görüşündə Naxçıvan futbolunun inkişafı üçün fikir mübadiləsi aparılıb. Veteran futbolçu, həmçinin öz təcrübəsindən istifadə edib bu yolda əlindən gələni əsirgəməyəcəyini vurğulayıb. 
    Qeyd edək ki, Tanju Çolağın Naxçıvan Muxtar Respublikasına səfəri bu gün başa çatır.

 Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 21.02.2022 19:42