AZ EN RU

Əfsanələrdə “yaşayan” Gəlinqaya...

Qədim Naxçıvan ərazisi tarixi abidələrin zənginliyi ilə Azərbaycanda, ümumilikdə isə Qafqazda özünəməxsusluğu ilə seçilir. Bu qədim diyarda antik, orta əsrlər dövrünə aid maddi-mədəniyyət nümunələri, ilk insanların yaşadıqları mağaralar, qədim yaşayış yerləri, möhtəşəm qala divarları, qayaüstü rəsmlər, daş qoç heykəllər, türbələr, körpülər və digər tarixi abidələr əcdadlarımızın ictimai-mənəvi həyatını, adət-ənənələrini və mədəniyyətini öyrənmək üçün qiymətli mənbədir. Onların çoxu tarixin boranına, tufanına sinə gəlib bugünümüzə olduğu kimi çatıb, bəziləri zədələnib, bir qismi sovet dönəminin qurbanı olub. Müstəqillik qazandığımız illərdə muxtar respublikası ərazisindəki tarix və mədəniyyət abidələri dövlət qayğısı ilə əhatə edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublika ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli Sərəncamına əsasən 1200-dən artıq abidə qeydə alınaraq pasportlaşdırılıb. Həmin sərəncam muxtar respublika ərazisindəki tarix və mədəniyyət abidələrinin tədqiqində, bununla yanaşı, həm də dövlətçilik tariximizin öyrənilməsində yeni mərhələnin başlanğıcını qoyub. Onlara böyük dövlət qayğısının ifadəsidir ki, bir neçə abidədə ilkinliyi saxlamaqla yeni həyat bəxş edilib. Əlincə, Gülüstan, Qarabağlar abidələri, imamzadələr təmir-bərpa olunub.

Məlumdur ki, Naxçıvan ərazisi tarixi abidələrin zənginliyinə görə Azərbaycanda özünəməxsus yer tutur. Bu qədim diyarda antik, orta əsrlər dövrünə aid maddi-mədəniyyət nümunələri, ilk insanların yaşadıqları mağaralar, qədim yaşayış yerləri, möhtəşəm qala divarları, qayaüstü rəsmlər, daş qoç heykəllər, türbələr, körpülər və digər tarixi abidələr əcdadlarımızın ictimai-mənəvi həyatını, adət-ənənələrini və mədəniyyətini öyrənmək üçün qiymətli mənbədir. Hazırda bu abidələr muxtar respublikamızın müxtəlif ərazilərində də mövcuddur.

Naxçıvan, eyni zamanda əsrarəngiz təbiət gözəllikləri ilə məşhurdur. Belə gözəlliklər içərisində dağ-təpələr, dərələr, vadilərlə yanaşı, həm də ana təbiətin özünün yaratdığı maraqlı abidələr var. Muxtar respublikamızın landşaftını bəzəyən belə təbiət abidələri içərisində xalq arasında “Gəlinqaya” adlandırılan abidələr özünəməxsusluğu ilə seçilir.

Bu abidələrlə bağlı ağsaqqal ulularımızın təxəyyülündən yaranan əfsanələr xalqımızın milli-mənəvi dəyərlərini, əxlaqını, düşüncəsini əks etdirir. Zaman-zaman bu əfsanələr folklorşünaslarımız tərəfindən toplansa da, hələ də bir qismi yazıya alınmamış, ayrı-ayrı adamların hafizəsində yaşamaqdadır. Şahbuz rayonunun ərazisində, Zəngəzur silsiləsinin cənub-qərb  yamacında, Naxçıvançayın sağ qolu  Zərnətünçayın mənbə hissəsindəki Gəlinqaya zirvəsi günbəzvari çıxıntıdır. Bu abidə haqqında müxtəlif əfsanələr mövcuddur. Belə əfsanələrin birində deyilir ki, bir gün düşmənlər qəfildən hücum çəkirlər. Eldə qaçhaqaç düşür. Adamlar özlərini itirir, hara qaçdıqlarını bilmirlər. El-obanın çox igidləri qırılır. Yağılar qabaqlarına keçənləri qoca demir, uşaq demir, qadın demir, hamısını qılıncdan keçirirlər. Bu qaçhaqaçda bir hamilə gəlin də gizlənməyə yer axtarır. Ha göz gəzdirirsə, gizlənməyə yer tapa bilmir. Üz tutur ayaqyalın, başı açıq dağlara sarı. Sən demə düşmənlər gəlini görüblərmiş. Düşürlər arxasınca. Gəlin piyada, düşmənlər də atlı, yazıq hara qaça bilər ki? Düşmənlər çathaçatda üz tutur göylərə, yalvarış edir. Elə bu vaxt düşmən atlıları özlərini yetirirlər. Amma yerlərindəcə donub qalırlar. Onların qarşılarında qadına oxşayan uca bir qaya peyda olur. Gəlin qayaya dönübmüş. Elə o vaxtdan da xalq arasında bu qayaya “Gəlinqaya” deyilir.

Bu abidə haqqında digər bir əfsanədə isə deyilir: qədim zamanlarda Şahbuzun çox ucqar kəndlərindən birində gözəlliyi aləmə yayılan sərv boylu bir gəlin varmış. Əri düşmənlə vuruşmada həlak olubmuş. Sevənləri çox olsa da, yaxından, uzaqdan gələn elçilər həmişə kor-peşman geri qayıdarmış. Günlərin bir günü gəlini tanımadığı bir oğlan qaçırır. Oğlan qorxusundan gəlini dağlara aparır. Onlar başı göylərə dəyən Toğlu qayayla Salvartı dağının arasından keçəndə gəlin çırpınıb oğlanın əlindən çıxmaq istəyir, ancaq bacarmır. Əlacsız qalan gəlin uca qaya başında üzünü göylərə tutub aman istəyir... Daşa dönmüş gəlinin abidəsi o vaxtdan el arasında “Gəlin qayası” adıyla tanınır.

Digər Gəlinqaya isə Şərur rayonu ərazisində - Dərələyəz silsiləsindən şimal-qərbə ayrılan Saraybulaq qolunun suayırıcısında yerləşir. Buradakı qaya da günbəzvari şəkildədir. Havuş kəndinin şimalında, Tamaşalı yaşayış yerinin yaxınlığında yerləşən qayanın hündürlüyü 2769 metrdir. Tədqiqatçılar bu abidəni VII-VIII əsrlərə aid edirlər.

Muxtar respublikamızdakı Gəlinqaya abidələrinə əsrarəngiz təbiət mənzərələri ilə diqqət çəkən Ordubad rayonunda da rast gəlmək olar. Buradakı Gəlinqaya rayonun Unus və Pəzməri kəndləri arasında yerləşir və abidə insan fiquruna bənzəməsi ilə diqqət çəkir. Həm Şərur, həm də Ordubad rayonu ərazisindəki Gəlinqayalar haqqında da əfsanələr dolaşmaqdadır. Bu əfsanələr indi də ayrı-ayrı adamların hafizəsində yaşayır. Hər birinin motivində də çətinlik anında göylərə üz tutub yalvarmaq, kömək istəmək və nəticədə daşa dönmək ana xətt kimi keçir. Mahiyyət etibarı ilə əfsanələrdə qadın ləyaqəti, qadın isməti ön planda durur və ağsaqqal babalarımızın, ağbirçək nənələrimizin təfəkkür və düşüncə tərzinin məhsulu kimi xalqımızın milli-mənəvi dəyərlərini, əxlaqını, düşüncəsini əks etdirir.

Lyudmila QULİYEVA

Naxçıvan Dövlət Universitetinin xarici dillər fakültəsinin müəllimi

Nəşr edilib : 28.02.2022 16:54