AZ EN RU

Ədliyyə orqanlarında ilin altı ayının yekunları müzakirə edilib

İyulun 31-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində ədliyyə orqanlarında 2023-cü ilin birinci yarısında görülən işlərə və qarşıda duran vəzifələrə dair kollegiya iclası keçirilib. Kollegiyanı Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, III dərəcəli dövlət ədliyyə müşaviri Daşqın Rəhimov açaraq gündəliyi və reqlamenti elan edib. Nazir çıxışında bildirib ki, nazirlik hesabat dövrü iş planı və fəaliyyət istiqamətləri üzrə qarşıya qoyulan vəzifələr yerinə yetirilmişdir. Hüquqi təbliğat və profilaktika sahəsində aparılan işlər davam etdirilmiş, nazirliyə aid cari tapşırıqların icrası təmin edilmişdir.

Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən elan olunmuş “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan xalqının ümummilli liderinin 100 illik yubileyi muxtar respublikanın ədliyyə orqanlarında geniş qeyd edilmiş, bu məqsədlə təsdiq edilmiş Tədbirlər Planının icrası istiqamətində müvafiq tədbirlər təşkil edilmişdir. Belə ki, “Heydər Əliyev İli” ilə əlaqədar olaraq mart ayında Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə birgə “Müstəqil Azərbaycan vəkilliyinin banisi Heydər Əliyev” mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Eləcə də ədliyyə orqanlarında müxtəlif formatda  tədbirlər təşkil edilmiş, media subyektlərində ədliyyə işçilərinin müəllifi olduğu  məqalələr dərc edilmişdir.  

Əhalinin hüquq mədəniyyətinin artırılması və maarifləndirilməsi, hüquqi yardımın göstərilməsi məqsədilə təsdiq edilmiş Tədbirlər Planına müvafiq olaraq  hüquqi mövzularda hazırlanmış videoçarxların Naxçıvan Dövlət Televiziyasında, şəhərin müxtəlif yerlərində quraşdırılan monitorlarda, nazirliyin internet saytında və sosial şəbəkə hesablarında yayınlanması həyata keçirilmişdir. Ailə institutunun inkişafı və nikah münasibətlərinin möhkəmləndirilməsi məqsədilə aidiyyəti dövlət orqanlarının əməkdaşlarının iştirakı ilə ali və orta ixtisas təhsil müəssisələri və rayonlar üzrə vətəndaşlar üçün maarifləndirici seminarlar təşkil edilmişdir.

Eyni zamanda vətəndaşlara hüquqi yardım göstərilməsi məqsədilə rayon (şəhər) məhkəmələrinin inzibati binalarında “Açıq qapı” günlərinin keçirilməsinə başlanılmışdır. Açıq qapı günlərində nazirliyin əməkdaşları vətəndaşlara ədliyyə fəaliyyəti ilə bağlı hüquqi yardım göstərmiş, onların problemlərini dinləyərək qanuna müvafiq məsləhətlər vermiş və müvafiq köməkliklər göstərmişlər.

          Penitensiar sahədə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində işləri davam etdirilmiş, məhkum və həbs edilmiş şəxslərin hüquqları qorunmuş, onlarla profilaktik tədbirlər həyata keçirilmiş, əməliyyat-axtarış və təhlükəsizlik tədbirləri gücləndirilmiş, cəzaçəkmə müəssisələrinin etibarlı mühafizəsi və məhkumların müşayəti təşkil edilmişdir.

Məhkəmə Ekspertizası Mərkəzində müxtəlif ekspertiza sahələri üzrə 644 ekspertiza işinin tədqiqatı aparılmışdır. Tədqiqatı aparılan ekspertizalar üzrə ümumilikdə 571 rəy, 35 ekspert  arayışı verilmiş, 11 iş icrasız geri göndərilmiş, 3 işin icraatı vəsatət verildiyindən müvəqqəti dayandırılmış, 24 işin icrası növbəti hesabat dövrünə qalıq qalmışdır.

Cari ilin birinci yarısında Nikah evləri və qeydiyyat şöbələri tərəfindən 4540 əməliyyat aparılmış və dövlət büdcəsinə 15232 manat dövlət rüsumu ödənilmişdir.

Hesabat dövrü məhkəmə və digər orqanların qərarlarının düzgün və vaxtında icra olunması diqqətdə saxlanılmışdır. Yerli icra və probasiya  qurumlarının icraatına 3368 icra sənədi daxil olmuş, bunlardan 964 iş tam icra olunmuş, 2155 iş icraya yönəlmiş, 130 iş geri qaytarılmış, 119 iş ərazi aidiyyəti üzrə göndərilmişdir. Verilmiş təqdimatlar əsasında 4 borclunun barəsində cinayət işi başlanılmışdır. 

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”yə uyğun olaraq daxil olmuş müraciətlər vaxtında qeydiyyata alınmışdır.

Bələdiyyə fəaliyyəti ilə əlaqədar aidiyyəti dövlət orqanları ilə qarşılıqlı əməkdaşlıq edilmiş, birlikdə aktual mövzularda seminarlar təşkil edilmişdir. Bələdiyyə orqanlarına zəruri metodiki və əməli köməkliklər göstərilmiş, kargüzarlıq işinin düzgün aparılması, qanunvericiliyin tələblərinə əməl edilməsi ilə bağlı lazımi tövsiyələr verilmişdir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq bələdiyyə orqanlarından nazirliyə daxil olmuş bələdiyyə aktlarının hüquqi ekspertizası keçirilmişdir.

          Hüquqi aktların Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktlarının Dövlət Reyestrinə daxil edilməsi qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq hesabat dövrü ərzində hüquqi aktların qanunvericiliyə uyğun və vaxtında daxil edilməsi təmin edilmişdir.

Kollegiya iclasında görülən işlərlə yanaşı, ədliyyə orqanlarında yol verilmiş bəzi nöqsan və çatışmazlıqlar müzakirə edilib, ədliyyə orqanları qarşısında qoyulan tələblər, eləcə də nazirliyin fəaliyyəti ilə bağlı verilən bütün tapşırıqların təmin edilməsinin vacibliyi vurğulanıb.

Nazir qeyd etmişdir ki, bütün struktur qurumlarda nizam-intizamın gücləndirilməsi, vətəndaş-məmur münasibət­lə­rinin sağlam zəmində qurulması, vətəndaş məmnunluğunun yüksəldilməsi üz­rə əlavə tədbirlərin görülməsi zəruridir.

Eləcə də  2023-cü ilə dair İş planının və digər tədbirlər planlarının vaxtında və dürüst icrası təmin olunmalı, nazirliyin fəaliyyət istiqamətlərinə uyğun ardıcıl tədbirlər həyata keçirilməli, ədliyyə sisteminin səmərəliliyinin artırılmasına yönəlmiş məqsədyönlü işlər görülməlidir. Verilmiş tapşırıqların icrası istiqamətində görülən işlərə nəzarət gücləndirilməli, nazirliyin bütün xidmət sahələri işə diqqəti daha da artırmalıdır.

Məruzə ətrafında Penitensiar Xidmətin rəisi, ədliyyə polkovniki Emin Kazımov, Məhkəmə Ekspertizası Mərkəzinin rəisi, baş ədliyyə müşaviri Rafiq Cəfərov; İcra və probasiya şöbəsinin rəisi, ədliyyə müşaviri Niyaməddin Əliyev, Bələdiyyələrlə iş mərkəzinin rəisi kiçik ədliyyə müşaviri Xəyal Eyvazov, Təşkilat-nəzarət şöbəsinin rəisi, baş ədliyyə müşaviri Səttar Zamanov çıxış edib, müzakirələr aparılıb.

Kollegiyada iclasında nazirliyin kollegiya qərarı təsdiq edilmişdir.   

Naxçıvan Muxtar Respublikası

Ədliyyə Nazirliyinin mətbuat xidməti 

Nəşr edilib : 31.07.2023 18:37