AZ EN RU

Ədliyyə orqanlarına işə qəbulla bağlı sənəd qəbulu davam edir

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən yerli icra və probasiya qurumlarında vakant icra məmuru vəzifələrinin tutulması üçün 22 aprel 2024-cü il tarixdə elan edilən işə qəbulla bağlı müsabiqədə iştirak üçün sənəd qəbulunun müddəti 21 iyun 2024-cü il tarixədək uzadılıb.

"Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü maddəsində nəzərdə tutulmuş tələblərə cavab verən, ali hüquq təhsilli Azərbaycan Respublikası vətəndaşları müsabiqədə iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək istəyən şəxslər nazirliyin “njustice.gov.az” saytının“ qulluğa qəbul” bölməsində yerləşdirilən ərizə formasını doldurmaqla nazirliyin elektron ünvanına göndərə və ya şəxsən müraciət etməklə həyata keçirə bilərlər.  

Qeyd edək ki, müsabiqənin birinci mərhələsi-test imtahanından uğur qazanmış namizədlərin digər zəruri sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər ikinci mərhələyə – söhbət mərhələsinə buraxılacaqlar. Müsabiqədə iştirak etmək arzusunda olan şəxslər imtahana hazırlıqla bağlı nazirliyin internet səhifəsinin (njustice.gov.az) "Qulluğa qəbul" bölməsində yerləşdirilən “Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanı və söhbət mərhələsində sualların hazırlanmasında istifadə olunan normativ hüquqi aktlar”dan yararlana bilərlər. Sənəd qəbuluna dair əlavə məlumat əldə etmək istəyən şəxslər (036) 545-00-69 nömrəli telefona zəng etməklə məlumat əldə edə bilərlər.

Nəşr edilib : 22.05.2024 16:45