AZ EN RU

Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə 15 May –Beynəlxalq Ailə Günü münasibətilə tədbir keçirilib

BMT-nin Baş Assambleyasının 20 sentyabr 1993-cü il tarixli qətnaməsinə müvafiq olaraq 15 may tarixi bütün dünyada “Beynəlxalq Ailə günü” kimi qeyd olunur. Bu əlamətdar günlə bağlı Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombusdman) və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə 15 may 2024-cü ildə Naxçıvan şəhərində yerləşən “Əyləncə adası” istirahət parkında ailə münasibətlərini tənzimləyən məhkəmə aktları üzrə tərəflər və onların uşaqları ilə maarifləndirici görüş keçirilib. Görüşdə çıxış edən Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Hüseyn Səfərov uşaq mənafelərinin etibarlı müdafiəsi baxımından ailə münasibətlərini tənzimləyən və Azərbaycan Respublikası adından çıxarılan məhkəmə aktlarının icrasının vacibliyini qeyd edib. Nazir müavini bildirib ki, uşaqların hərtərəfli inkişafı, gələcəkdə cəmiyyətin müstəqil və layiqli bir fərdi kimi yetişməsində valideynləri ilə keçirdiyi səmərəli vaxtın böyük əhəmiyyəti vardır. Bu baxımdan xüsusilə uşaqla ünsiyyət tələbinə dair məhkəmə aktlarının vaxtında və düzgün icrasında tərəflərin birgə səyinin əhəmiyyəti, tərəflərin üzərinə düşən öhdəliklər onların diqqətinə çatdırılb. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombusdman) Günay Rzayeva cəmiyyətin formalaşmasında ailənin mühüm rol oynadığını qeyd edib. O, həmçinin tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin yaşlılalara hörmət ruhunda tərbiyə olunması, uşaqların psixoloji vəziyyəti, sağlam həyat tərzinin təbliği cəmiyyətin sağlam gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova çıxışında öz layiqli, sosial mənəvi inkişafını təmin edən, ailə dəyərlərini özündə yaşadan ailələrimizin çoxluq təşkil etdiyini, ailələrə dövlətimiz tərəfindən xüsusi diqqət və qayğı göstərildiyini, vətənpərvər ailələrdə vətənpərvər uşaqların yetişməsi istiqamətində ardıcıl tədbirlər görüldüyünü vurğulayıb. Tədbir uşaqların əylənə biləcəyi, ünsiyyət qabiliyyətinin inkişaf etdirməyə kömək edən şəraitdə təşkil edilmiş, tədbirdə iştirak edən rəhbər şəxslərlə valideynlər arasında səmimi ünsiyyət yaradılmış, onları maraqlandıran suallar cavablandırılmış, ailə münasibətlərini tənzimləyən məhkəmə aktlarının icrası üzrə anlaşılması tərəflər üçün çətinlik yaradan məqamlar müzakirə edilmişdir. Tədbirə rəssamlar və Modern psixoloji mərkəzin psixoloqları da dəvət edilmiş, onların iştirakı ilə artterapiya aparılmış, çəkilən rəsmlər əsasında psixoloqlar tərəfindən həmin uşaqların mənəvi-psixoloji vəziyyəti təhlil edilərək onların valideynləri ilə müzakirə edilmiş və lazımi tövsiyələr verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ədliyyə

Nazirliyinin mətbuat xidməti

 

Nəşr edilib : 16.05.2024 09:44