AZ EN RU

Ədəbiyyatşünas alimin 70 illiyi qeyd olunub

    АMЕА Nахçıvаn Bölməsində bölmənin Əlyazmalar Fondunun baş direktoru, filologiya elmləri doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü Fərman Xəlilovun 70 illik yubileyi ilə əlaqədar tədbir olub.
    Tədbiri giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq yubilyarın həyat və fəaliyyətinə nəzər salıb, onu tədqiqatçı və pedaqoq kimi xarakterizə edib, mühüm insani keyfiyyətlərindən söz açıb. Vurğulanıb ki, daşıdığı məsul vəzifələrin öhdəsindən uğurla gələn, təşəbbüskarlığı, elmi yaradıcılığa sevgisi, yenilikçi fikirləri ilə hər zaman seçilən arxivşünas alim Fərman Xəlilov 20-yə yaxın kitab və monoqrafiyanın, 200-ə yaxın elmi məqalənin müəllifidir. O, sahib  olduğu məziyyətlərə, eləcə də müəllifi olduğu əsərlərin elmi əhəmiyyətinə, əhatəlilik səviyyəsinə, tərtib keyfiyyətlərinə görə gənc nəsil tədqiqatçılar üçün nümunədir.
    Bölmənin sədri Fərman Xəlilovu 70 illik yubileyi münasibətilə təbriklərini çatdırıb, yubilyarı AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edib.
    Tədbirə onlayn qoşulan AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun icraçı-direktoru, filologiya elmləri doktoru Paşa Kərimov Fərman Xəlilovu əlyazmaçı alim, zəhmətkeş və ömrünü elmə həsr edən tədqiqatçı kimi səciyyələndirib. Alimin elmi yaradıcılığı haqqında fikirlərini bölüşüb, ona öz xoş diləklərini çatdırıb.
    Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Hacıfəxrəddin Səfərli  “Filologiya elmləri doktoru Fərman Xəlilovun həyatı, elmi və pedaqoji fəaliyyəti” mövzusunda məruzə ilə çıxış edib. Bildirilib ki, görkəmli alim, filologiya elmləri doktoru Fərman Yunis oğlu Xəlilov hələ tələbəlik illərində fəallığı ilə seçilib, müxtəlif konfranslarda Naxçıvan teatrı və maarif tarixi ilə bağlı məruzələr edib, kiçikhəcmli təmsillər yazıb, “Şərq qapısı” və başqa qəzetlərdə məqalələr dərc etdirib.
    Fərman Xəlilov “Mirzə Əli Möcüzün yaradıcılıq yolu” adlı namizədlik, “Mirzə Əli Möcüz: mühiti, müasirləri və ədəbi irsi” adlı doktorluq dissertasiyalarını uğurla müdafiə edib. O, apardığı uzunmüddətli tədqiqatlar, arxiv və kitabxanalardan topladığı materiallar, araşdırdığı ən incə məsələlər nəticəsində möcüzşünas alim kimi püxtələşib. Fəaliyyətinin 40 ilini şərəfli müəllimlik peşəsinə həsr edən Fərman Xəlilov pedaqoji fəaliyyətlə yanaşı, elmi axtarışlarını da davam etdirib.
    Onun çap olunmuş kitabları və məqalələri özünün mövzu-problematika aktuallığı, elmi təhlillərin dərinliyi və dolğunluğu ilə səciyyələnir. Elmi yaradıcılığının son 10 ilini AMEA Naxçıvan Bölməsi ilə bağlayan alim 2013-cü ilin noyabr ayından İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda Ədəbiyyatşünaslıq şöbəsinin müdiri vəzifəsində çalışıb, 2016-cı ildən günümüzədək AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun direktoru kimi məsul vəzifəni uğurla icra etməkdədir. 
    Tədbirdə bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent Zülfiyyə İsmayıl, Elmi Kitabxananın direktoru Sahab Əliyeva, Naxçıvan Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Xanəli Kərimli, Əlyazmalar Fondunun şöbə müdiri Fəxrəddin Eylazov və yubilyarın oğlu Yunis Xəlilovun çıxışları dinlənilib.
    Sonda yubilyar Fərman Xəlilov ürək sözlərini tədbir iştirakçıları ilə bölüşüb. Naxçıvanda elmin inkişafına, elm adamlarına göstərilən diqqət və qayğıya görə muxtar respublika rəhbərinə minnətdarlığını bildirib.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidməti

Nəşr edilib : 30.03.2022 19:29