AZ EN RU

Ədəbiyyatımızı milli mənəvi sərvətimiz və ümumbəşəri dəyərlər səviyyəsinə yüksəldən dahi

Xalqımızın Ümummilli Lideri, dünya şöhrətli siyasətçi Heydər Əliyevin digər sahələr kimi ədəbiyyatımızın da inkişaf edib, daha uca zirvələrə yüksəlməsində misilsiz xidmətləri olmuşdur. Ulu Öndər bədii ədəbiyyatımıza, ümumən, klassik irsimizə, zəngin söz sənətimizə hər zaman böyük dəyər vermişdir. Məhz Onun yüksək diqqət və qayğısı nəticəsində ədəbiyyatımızın görkəmli nümayəndələri fəxri adlarla təltif edilmiş, fəaliyyətləri yüksək qiymətləndirilmişdir.

Dahi şəxsiyyət mədəniyyət və ədəbiyyat xadimləri ilə mütəmadi görüşlər keçirmiş, həmişə onlara hərtərəfli dəstək göstərmişdir. Məhz bu yüksək diqqət sayəsində XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Süleyman Rəhimov, Mirzə İbrahimov, Rəsul Rza, Süleyman Rüstəm kimi ədiblərə keçmiş sovetlər birliyi dövründə ən yüksək ad olan “Sosialist Əməyi Qəhrəmanı” fəxri adı verilmişdir. Qürurvericidir ki, Ümummilli Liderimizin böyük zəhmətləri sayəsində qədim tarixə malik olan ədəbiyyatımız və mədəniyyətimiz dünyanın ən qabaqcıl sıralarında yer almışdır. Dünya şöhrətli siyasi xadimin türk xalqlarının mədəni abidələrinin, görkəmli ədiblərinin yubileylərində iştirakı Türk xalqlarının müştərək ümumi mədəni sərvətinin əhəmiyyətindən xəbər verir. Təsadüfi deyil ki, dahi şəxsiyyət Heydər Əliyev Türk dünyası ədibləri ilə bağlı dəyərli fikirlər söyləmişdir. Türkmən şairi Məhtimqulunun, qazax ədəbiyyatının görkəmli nümayəndəsi Abay Kunanbayevin, qırğız dastanı “Manas”ın yubiley mərasimindəki çıxışları Ulu Öndərin Türk dünyasının görkəmli şəxsiyyətlərinə və mədəni abidələrinə verdiyi böyük dəyərin sübutudur. Ümummilli Lider bilirdi ki, dünya türklərinin birliyini təmin etmək üçün onları mütləq vahid bir ideya ətrafında birləşdirmək lazımdır. 2000-ci ildə  qədim türk dastanı “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinin bütün dünyada qeyd olunması, bu birliyinin təmin olunmasında ilkin addımlardan biri idi. Dahi siyasətçi sovet rejimi sayəsində darmadağın olan dünya türklərini məhz bu dastan ətrafında bir araya gətirərək böyük türk birliyi yaratmağa nail olmuşdur. Məhz Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində ortaya qoyulan bu ideya reallaşdı. UNESCO səviyyəsində keçirilən dövlət tədbirləri isə atılan möhtəşəm addımın zəfəri idi. Bu münasibətlə görkəmli dövlət xadimi Heydər Əliyev demişdir: “Belə yubiley tədbirlərinin birlikdə keçirilməsində əsas məqsəd xalqlarımızın əsrlərboyu yaratdığı zəngin mənəvi irsi indiki nəsillərə qaytarmaq, eyni kökə, eyni tarixə malik olduğumuzu bir daha dərk etməkdir. Digər tərəfdən, belə yubiley tədbirlərini keçirməklə biz nümayiş etdiririk ki, İbn Sinanın, Nizaminin, Nəvainin, Yunus İmrənin, Füzulinin, Məhtimqulunun, Mahmud Qaşqarinin, Abayın, bir çox başqa dahilərimizin yaradıcılığı, “Kitabi-Dədə Qorqud”, “Manas” “Alpamış” kimi ölməz dastanlarımız bütün bəşəriyyətin mənəvi sərvətidir”.
Ulu Öndərimiz Azərbaycan ədəbiyyatına müdriklik və mübarizə məktəbi kimi baxmış ədəbiyyat və incəsənət əsərlərimizdə xalq həyatının bütün dərinliklərinə və genişliyinə qədər əks olunmasına xüsusi diqqət yetirməyi zəruri hesab etmişdir. Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan ədəbiyyatı klassiklərinin: Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Üzeyir Hacıbəyov, Səməd Vurğun, Rəsul Rza, Mirzə İbrahimov, Nəriman Nərimanov, Süleyman Rəhimov, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza Ulutürk və başqalarının xidmətlərini yüksək qiymətləndirmiş, onların ölkəmizdə və dünyada tanıdılması sahəsində dövlət səviyyəsində böyük tədbirlər həyata keçirmişdir.
Görkəmli dövlət xadiminin ədəbiyyat siyasətində dahi Azərbaycan şairi Nizami Gəncəvinin xüsusi yeri var. Ulu Öndər Heydər Əliyev böyük klassikimiz ilə bağlı  demişdir: “Biz Nizami ilə bəşəriyyəti qovuşdurmağa tələsirik. Nizami elə bir sənətkardır ki, hər il bayramını keçirməyə dəyər”. Böyük Britaniyanın Oksford Universitetində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yaradılması, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Nizamişünaslıq şöbəsinin fəaliyyəti, AMEA Gəncə Bölməsinin tərkibində Nizami Gəncəvi Elmi Mərkəzinin yaradılması və fəaliyyətlərinin təşkili nizamişünaslıq tədqiqatlarının ölkəmizin dövlətçilik maraqları, habelə Azərbaycançılıq ideyaları ilə əlaqədə tədqiq edilməsinə xidmət göstərir.
Ulu Öndər Heydər Əliyevin 2000-ci il may ayının 24-də Nizami Gəncəvinin məqbərəsi önündə söylədiyi tarixi nitqini hər kəs minnətdarlıqla xatırlayır: “Bütün Azərbaycan xalqı Nizami Gəncəvi ilə fəxr edir. Ancaq gəncəlilər xüsusi iftixar hissi keçirirlər. Birincisi, ona görə ki, Nizami gəncəlidir. Gəncənin adını dünyada məşhur edibdir, bu torpaqda yaşayıbdır, bu torpaqda yazıbdır. Onun yazdığı əsərlər bütün dünyada məşhurdur. Təsəvvür edin, 850 il bundan öncə bu qədər böyük əsərlər yaratmaq!.. Bu əsərlər təkcə şeirdən ibarət deyildir, onların hər birində böyük elm var, böyük fəlsəfə var, dahi fikirlər var. Buna görə onun əsərləri də yaşayır, özü də yaşayır”. Ulu Öndərin Nizami şəxsiyyəti və yaradıcılığı ilə bağlı müdrik sözləri bu gün də hər kəsin qəlbində iftixar hissi oyadır. Böyük Nizami Gəncəvinin söz sənətinin dühası, humanist ideyaların təbliğatçısı kimi bütün dünyada tanıdılmasında, dünya ədəbiyyatı qalereyasına daxil olmasında Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Onun rəhbərliyi ilə 22 sentyabr 1975-ci  və 4 yanvar 1978-ci illərdə “Nizami məqbərəsinin qorunması”, 1 yanvar 1979-cu ildə Nizami Gəncəvinin ədəbi irsinin öyrənilməsini, nəşrini və təbliğini yaxşılaşdırmaq tədbirləri haqqında, 28 iyul 1981-ci ildə isə dahi mütəfəkkirin 840 illik yubileyi münasibətilə verilən qərar və göstərişlər böyük şair haqqında möhtəşəm tədbirlər görülməsinə, genişmiqyaslı tədqiqatlar aparılmasına səbəb olmuşdur. “Nizami” filminin çəkilməsi, “Xəmsə” kompleks abidələrinin ucaldılması, Nizami məqbərəsinin təmiri və qorunması, “Xəmsə”nin yeni tərcümə və  nəfis tərtibdə nəşr edilməsi, dünyanın bir çox şəhərlərində Nizami heykəllərinin ucaldılması, Bakı Metropoliteninin stansiyalarından birinə “Nizami” adının verilməsi və digər tədbirlər Ulu Öndər Heydər Əliyevin dahi Azərbaycan şairinə olan diqqət və qayğısının bariz nümunəsidir. Bu müdrik siyasətin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqındakı 2021-ci il 5 yanvar tarixli Sərəncamı ölkəmizdə və dünyada Nizami Gəncəvinin öyrənilməsi, onun əsərlərinin tədqiqi və beynəlxalq aləmə çatdırılması baxımından mühüm addımdır.
Ulu Öndərin göstərişi ilə 1994-cü ildə böyük Azərbaycan klassiki Məhəmməd Füzulinin 500 illiyinin qeyd olunması milli ədəbiyyatımıza olan hörmət və ehtiramın bariz nümunəsi, bütün bu tədbirlərin beynəlxalq səviyyədə təşkili isə bu böyük siyasətin parlaq əksi idi. Qeyd edək ki, Məhəmməd Füzulinin 1994-cü ilin 2 noyabrında keçirilən dünya miqyaslı möhtəşəm yubileyində 80-dən artıq millətin nümayəndəsi iştirak etmişdir. Dahi rəhbər bu münasibətlə Türkiyə Böyük Millət Məclisindəki çıxışında demişdir: “Füzuli keçmişdə də türkləri birləşdirən bir şəxsiyyət olmuşdur. Amma indi Türk dünyası XX əsrdə parçalanmış olduğu bir halda Türk dünyasına mənsub ölkələrin, demək olar ki, tam əksəriyyətinin (bir Türkiyədən savayı) onların həyatına, tarixinə, adət-ənənəsinə uyğun olmayan rejimlər içərisində yaşadığı vaxtda Füzuli bizi yaşadaraq bu günlərə gətirib çıxarmışdır”. 
Orta əsr poeziyamızda hürufizm ədəbiyyatının görkəmli yaradıcısı, cahana sığmayan Azərbaycan şairi Nəsiminin tanıdılması, yaradıcılığının ölkəmizdə sistemli tədqiqi və təbliği də məhz Ümummilli Liderimizin adı ilə bağlıdır. Bu siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ən yüksək səviyyədə davamı olaraq 2019-cu il İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ölkəmizdə “Nəsimi ili” elan edilmiş və UNESCO-nun görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileyləri sırasına daxil edilmişdir.
Ulu Öndər Heydər Əliyevin  keçdiyi ömür yolu  Azərbaycanın hər bir guşəsi kimi, Qarabağın da yaddaşına əziz bir xatirə kimi yazılmışdır. Dahi şəxsiyyət 1982-ci il yanvarın 14-də Molla Pənah Vaqifin məqbərəsinin açılışında iştirak etmiş, Vaqif yaradıcılığının poetik gözəlliyi, ədibin Azərbaycan ədəbiyyatındakı yüksək mövqeyi haqqında nitq söyləmişdir. Həmçinin Ulu Öndər tanınmış Azərbaycan şairləri və yazıçıları ilə birlikdə Vaqifin Poeziya Günləri çərçivəsində Xurşidbanu Natəvan və Mir Möhsün Nəvvabın abidələrinin açılışında da iştirak etmişdir.
Məlumdur ki, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, qalib sərkərdə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi ilə dünya hərb tarixinə öz adını qızıl hərflərlə yazdırdı. Azərbaycanın qeyrət simvolu olan  doğma Qarabağımız mənfur düşmən tapdağından azad edildi. Ulu Öndər hər zaman əminliklə söyləyirdi ki, biz mütləq Şuşaya qayıdacağıq. Çünki özü qədər inandığı, uğurlu siyasətinin layiqli davamçısı cənab İlham Əliyevi onun bu böyük arzusunu reallaşdırmağa qadir bir lider kimi görmüşdür. Torpaqlarımız böyük qəhrəmanlıqla azad edildikdən sonra Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev demişdir: “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq!  Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür!” 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan xalqına 2023-cü il 10 may tarixli müraciəti Ulu Öndər Heydər Əliyev manifestidir. Burada Ümummilli Liderin ruhuna dərin hörmət və ehtiramı vurğulamasındakı başlıca məqam isə onun məhz Şuşadan səslənməsidir. Bu “Heydər Əliyev İli”nə olan ən böyük dəyərdir. Çünki dövlətimizin başçısının bildirdiyi kimi, “Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Biz Onun və bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının arzusunu çin etdik”.
Bəli, Şuşa Azərbaycanın sənət beşiyidir. Ulu Öndərin ədəbiyyat siyasətində isə Şuşada doğulub boya-başa çatan, burada yazıb-yaradan, öz dahiyanə əsərləri ilə təkcə ölkəmizdə deyil, bütün Şərqdə öz sözünü deyən şair və yazıçılar mühüm yer tutmaqdadır. 9 may 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Cıdır düzündə bu il anadan olmasının 190 ili tamam olan XIX əsrin Azərbaycana bəxş etdiyi görkəmli simalardan, şəxsiyyətlərdən biri, şair, rəssam, xəttat, musiqi nəzəriyyəçisi, Qarabağ ədəbi mühitinin inkişafında özünəməxsus rolu olmuş ensiklopedist alim Mir Möhsün Nəvvab Qarabağinin Heydər Əliyev Fondu tərəfindən bərpa olunan məzarını ziyarət edib. Qeyd edək ki, 1992-ci ildə Şuşanın işğalından sonra başqa tarixi abidələrimiz kimi Mir Möhsün Nəvvabın qəbri də ermənilər tərəfindən dağıdılmışdı. Tarixi-mədəni abidələrimizin yenidən bərpası ilə bağlı atılan bütün addımlar Heydər Əliyev siyasi kursunun davamçısı olan İlham Əliyevin Ulu Öndərin ədəbiyyat siyasətini ən yüksək səviyyədə həyata keçirməsinin bariz nümunəsidir.
Azərbaycan ədəbiyyatını, bu qədim ədəbiyyatın görkəmli nümayəndələrini dünya ictimaiyyəti arasında tanıtmaq və onların yaradıcılığında özünü göstərən humanizm prinsiplərinin, milli, bəşəri ideyaların dünya elmi ədəbiyyatşünaslığına inteqrasiyasını təmin etmək dahi şəxsiyyət Heydər Əliyevin atdığı ən mühüm addımlardan biri olmuşdur. Ulu Öndərimizin Azərbaycana yenidən bəxş etdiyi dahilərdən biri də Hüseyn Cavid olmuşdur. Repressiya dövründə Sibirə sürgün olunmuş görkəmli ədibin nəşinin doğulduğu torpağa – Naxçıvana gətirilməsi məhz Ümummilli Liderin Azərbaycan ədəbiyyatına, ulu Cavidə olan böyük məhəbbətinin bariz nümunəsidir. Milli təəssüb anlayışını iliklərinə qədər bütün varlığı ilə hiss etdirən bu dahi şəxsiyyət öz uzaqgörən siyasəti ilə romantik bədii fikir inqilabının carçısı olan, ədəbiyyatımızda mənzum faciə janrının banisi, Azərbaycan ədəbiyyatının söz və fikir zadəganı Hüseyn Cavidi qürbətdən öz doğma diyarına gətirmiş, qəbri üstündə məqbərə inşa etdirmişdir. Bu addım görkəmli ədəbiyyat xadimlərimizə olan böyük ehtiramın ifadəsidir. Ümummilli Lider demişdir: “Hüseyn Cavid Azərbaycan xalqını, onun mədəniyyətini, ədəbiyyatını, elmini yüksəklərə qaldıran böyük şəxsiyyətlərdən biridir. Hüseyn Cavidin yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir. Onlar bu gün üçün, gələcək nəsillər üçün dərslik kitabıdır. Hüseyn Cavidin bütün yaradıcılığı, bütün fəaliyyəti Azərbaycan xalqının mədəniyyətini yüksəklərə qaldırmaqdan, xalqımızı azad, müstəqil xalq etməkdən ibarət olubdur”.

Türk dünyasının mənəvi atası, dünya şöhrətli siyasətçi, müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev ədəbiyyatımızın, incəsənətimizin və mədəniyyətimizin bəşəri arenada öz nadir inciləri ilə tanınması yönündə böyük xidmətlər göstərmişdir. Bu gün Ümummilli Liderin siyasi kursunu, Onun bütün sahələrdə apardığı böyük siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ən yüksək səviyyədə həyata keçirməkdədir.

Xumar MƏMMƏDOVA 
filologiya üzrə fəlsəfə doktoru, dosent
Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasının direktoru

Nəşr edilib : 04.09.2023 18:17