AZ EN RU

Ədəbiyyatımızda və mədəniyyətimizdə Cəfər Cabbarlı sənətinin təbliği

Babək Rayon Mədəniyyət İdarəsində görkəmli dramaturq, hekayəçi, kinossenarist, rejissor, eyni zamanda ictimai xadim Cəfər Cabbarlının anadan olmasının 125 illik yubileyinə həsr edilən tədbir keçirilib. Rayon Mədəniyyət İdarəsinin müdir əvəzi Yusif Səfərli bildirib ki, Cəfər Cabbarlı milli ədəbiyyatın parlaq ənənələrini qorumaqla yanaşı, ədəbi-mədəni, ictimai mühitdə yenilik və müasirlik uğrunda mübarizəni yaradıcılığının əsas qayəsinə çevirib. Yaratdığı güclü xarakterlər və koloritli obrazlarla bədii-estetik fikir salnaməmizə misilsiz töhfələr verən C.Cabbarlı şəxsiyyət azadlığının və humanizmin, milli azadlıq və istiqlal ideallarının tərənnümçüsü olub, çoxcəhətli ədəbi və ictimai fəaliyyəti ilə xalqımızın dünya mədəniyyəti səhnəsində layiqli mövqe qazanmasına çalışıb.

Bir əsrdir Azərbaycan tamaşaçılarının neçə-neçə nəslinin estetik zövqünün formalaşmasında C.Cabbarlı pyeslərinin əvəzsiz rol oynadığını diqqətə çatdıran “Şərq qapısı” qəzetinin əməkdaşı Fariz Əhmədov onun milli və bəşəri dəyərləri ehtiva edən dramaturgiyasının bu gün də Azərbaycan teatrlarının bəzəyi olduğunu vurğulayıb. Ədəbi-mədəni proseslərin fəal qurucularından biri olaraq sənətkar yaratdığı güclü xarakterlər və koloritli obrazlarla bədii-estetik fikir salnaməmizə misilsiz töhfələr vermiş, humanizmin, milli azadlıq və istiqlal ideallarının tərənnümçüsü olmuş, çoxcəhətli ədəbi və ictimai fəaliyyəti boyunca daim xalqımızın dünya mədəniyyəti səhnəsində layiqli mövqe qazanmasına çalışmışdır.

Bədii hissə ilə yekunlaşan tədbirdə Babək Rayon Mədəniyyət İdarəsinin müəssisə direktorları və əməkdaşları da iştirak edib.

Fariz ƏHMƏDOV

Nəşr edilib : 15.03.2024 17:03