AZ EN RU

Ədəbiyyat xəzinəmizin əbədi sözə çevrilən böyük qələm sahibi 105 yaşlı Xalq yazıçımız Hüseyn İbrahimova ithafən…

Naxçıvan muxtariyyətinin 100 yaşını qeyd etdiyimiz bu dövrdə onun inkişaf yolundan danışarkən, hər şeydən əvvəl diyarımızın tarixini, mədəniyyətini, ədəbiyyatını, incəsənətini yaşadan adlı-sanlı ziyalılar düşür yada… Yüz illər boyu Azərbaycan elminə misilsiz töhfələr vermiş, diyarımızda mükəmməl mədəni mühit və ədəbi arena yaratmış Naxçıvanımızı ölkəmizdə, eləcə də Qafqazda tanıdan böyük sənətkarlarımızın, yazıçı və şairlərimizin, jurnalistlərimizin sırasında Vətənimizin bu guşəsində, bu qədim yurd yerində doğulan ziya sahiblərimizin adı da tez-tez çəkilir, xatirələri daim ehtiramla anılır. Əcəmi Naxçıvani, Bəhruz Kəngərli, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Məmmədtağı Sidqi, Məmməd Səid Ordubadi və daha kimlər-kimlər bu məmləkətin saf havasından, torpağından, suyundan güc almış, yaradıcılıqlarına təpər verən, sözlərinə ilham, qələmlərinə kəsər bəxş edən bütün həqiqətlər Nuh yurdunun hikmətli əllərindən su içmişdir. Bu diyarda doğulan və bir əsrə yaxın ömrünün iki qərinədən artıq dövrünü məhz ədəbiyyata, yaradıcılığa həsr etmiş ziya sahiblərimizdən biri də Azərbaycanın Xalq yazıçısı Hüseyn İbrahimov idi…

Yorulmaz ədəbi fəaliyyəti ilə yaddaşlarda qalan Hüseyn İbrahimov ötən əsrin 50-ci illərindən başlayaraq Azərbaycan ədəbiyyatına sanballı əsərlər bəxş etmiş, 100-ə yaxın hekayə, 20-dən çox novella, 3 pyes, 8 povestlə məhsuldar yazıçı kimi hörmət qazanmışdır. Hüseyn İbrahimov 1919-cu ildə Cəlil Məmmədquluzadənin “sahibi-mənsəb və ziyalılar vətəni” adlandırdığı, ədəbiyyat, mətbuat və incəsənətimizə qüdrətli simalar bəxş etmiş Araz çayı sahilində yerləşən Şahtaxtı kəndində dünyaya gəlmişdi. Qədim Şahtaxtı kəndində keçirdiyi acılı-şirinli günlər, yazıçının uşaqlıq yaddaşına həkk olunmuş zəngin həyat hadisələri onun əsas həyat məktəbi olmaqla bərabər, həm də gələcək yaradıcılıq yoluna yön vermiş, ona gələcəyin istedadlı yazıçısı kimi yeni cığırlar açmışdı…

Hüseyn İbrahimov 1940-cı ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirmiş, təhsil aldığı illərdən başlayaraq yaradıcılıqla məşğul olmuşdu. Elə ilk qələm təcrübələri də bu dövrlərdə meydana çıxmışdı. Təhsilini bitirdikdən sonra Şərur rayonunun Sədərək kənd orta məktəbinə təyinat alması (1940), burada keçən qısamüddətli pedaqoji fəaliyyət dövrü isə istedadlı yazıçının Şahtaxtı məktəbinin şagirdi ikən başlanan, texnikumda genişlənən müşahidələrinin dərinləşməsinə və zənginləşməsinə şərait yaratmışdı. Əvvəlcə Noraşen rayonundakı (indiki Şərur rayonu), daha sonra isə Naxçıvan Muxtar Respublikasındakı (1943-1947) Gənclər Təşkilatına rəhbərlik etməsi gənc Hüseyn İbrahimovun müxtəlif təbəqədən olan insanların həyatına daha yaxından bələdliyinə yol açmışdı. Bəlkə, elə buna görədir ki, xalq yazıçısının çoxillik yaradıcılığının bütün dövrlərində adi adamların, maarifçi ziyalıların və gənclərin taleyi ilə bağlı mövzular, süjetlər və obrazlar üstünlük təşkil etmişdi…

Görkəmli yazıçının tərcümeyi-halına nəzər saldıqda ilk olaraq onun məhsuldar fəaliyyəti diqqətimizi cəlb edir. Belə ki, Hüseyn İbrahimov hələ gənclik illərindən “Şərq qapısı” qəzetinin redaktor müavini (1947-1949) və Naxçıvan Nazirlər Soveti yanında Radio Verilişləri Komitəsinin sədri (1949-1954) vəzifələrində işləmiş, ardınca “Şərq qapısı”nın baş redaktoru təyin edilmişdir. Qeyd etmək yerinə düşər ki, yazıçının 1961-1965-ci illər, yəni “Şərq qapısı” qəzetindəki redaktorluq fəaliyyəti, gərgin və fədakar işi təkcə mətbuatın inkişafı ilə bağlı olmamış, bu müddət həm də onun cavan yazıçı kimi həyatın dərin qatlarını, ictimai münasibətlərin kəskinliyini, xarakterlərin daxili mürəkkəbliyini və incəliklərini öyrənməsinə geniş şərait yaratmışdı. Fikrimizi mübaliğəli şəkildə ifadə etsək, “Şərq qapısı” ilə keçən illər yazıçının yaradıcılıq yoluna işıq tutmuş, onun gələcəkdə ərsəyə gələcək ideyalarına mayak olmuşdu. Bununla yanaşı, Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində keçən təhsil illəri də gənc jurnalist və yazıçı üçün ideya-mənəvi təkamül və yaradıcılıq səriştəsi baxımından xüsusi məktəb rolunu oynamaqla həm də onun vətənpərvər jurnalist kimi yetişməsində böyük rol oynamışdır.

Yazıçının həyatında, tərcümeyi-halında, taleyində dövlət idarəçiliyi sahəsindəki fəaliyyəti xüsusi yer tutur. Təsadüfi deyildir ki, o, bir çox qələm dostlarından fərqli olaraq XX əsr Azərbaycan ədəbi-ictimai fikri tarixində dövlətçilik fəaliyyəti ilə yazıçılıq işini məharətlə uzlaşdırmağı bacaran sənətkarlardan biri kimi tanınır. Hüseyn İbrahimovun Naxçıvan Vilayət Partiya Komitəsində mühazirəçilər qrupunun rəhbəri (1960-1961), Təbliğat və Təşviqat şöbəsinin müdiri (1965-1970), Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri (1970-1975) vəzifələrindəki fəaliyyəti, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri (1963-1970) kimi məsul dövlət işində təmsil olunması həm də onu özünəməxsus ictimai baxışlara malik olan peşəkar siyasi düşüncəli ziyalı, o cümlədən ictimai həyatla həmahəng fəaliyyət göstərən yazıçı səviyyəsinə çatdırmışdır. Görkəmli ədibin siyasi fəaliyyəti onun yaradıcılıq manerasına da təsir göstərmiş, romanlarında, povest və hekayələrindəki bir çox qəhrəmanlar bu dünyanın – ictimai-siyasi həyatın real obrazlarından birbaşa ədəbi həyata gətirilmişdir. Fikrimizi əsaslandıraraq desək, Azərbaycan dövlətçilik tarixinin müxtəlif mərhələlərindən – Atabəylər dövründən, sovet hökumətinin qurulmasından, qaçaqçılıq hərəkatından, repressiya illərindən, müstəqillik uğrunda mübarizədən yazdığı əsərlərin, habelə əsərlərindəki raykom katibi, ispolkom sədri, istehsalat rəhbəri, komsomol katibi, məktəb direktoru, sadə kənd müəllimi kimi obrazların uğurlu alınmasında dövlətçilik sahəsindəki təcrübəsi öz sözünü demişdir.

Akademik İsa Həbibbəyli Hüseyn İbrahimovun 90 illik yubileyinə həsr etdiyi “Şəxsiyyətin və sənətin vəhdəti” adlı məqaləsində yazır: “Hüseyn İbrahimovun həyatı həmişə Yazıçılar Birliyi ilə üzvi surətdə bağlı olmuşdur. O, 1952-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Azərbaycan Yazıçılar İttifaqı Naxçıvan şöbəsinin məsul katibi (1980-1997) vəzifəsində o, regionda milli ədəbiyyatın inkişaf etdirilməsi, yeni yazıçılar nəslinin formalaşdırılması istiqamətində səmərəli fəaliyyət göstərmişdir. Hüseyn İbrahimovun Naxçıvan Yazıçılar Birliyinin sədri kimi (1997-2010) fəaliyyəti də müstəqillik dövründə Naxçıvanda yeni ədəbi mühitin canlandırılmasına xidmət edir. Azərbaycan Yazıçılarının əllinci illərdən sonra keçirilmiş bütün qurultay və plenumlarının iştirakçısı olan Hüseyn İbrahimov həmişə ədəbiyyatın milliliyi, xəlqiliyi, həyatiliyi, təbiiliyi uğrunda mübarizə hərəkatında, sadə kənd adamları və ziyalılarının obrazlarının ön mövqeyə çıxarılmasında fəal görünmüşdür. Naxçıvanda ədəbi mühitin və yeni yaradıcı nəslin qayğıları Hüseyn İbrahimovun məqsədyönlü fəaliyyəti sayəsində daim özünün müsbət həllini tapmışdır”.

Yaradıcılığa keçmiş sovet hakimiyyətinin tüğyan etdiyi bir dövrdə “O, düşməndə qoymadı anasının qanını” adlı şeiri ilə qədəm qoyan Hüseyn İbrahimovun gənclik illəri çox çətin dövrlərə təsadüf etmişdi. Bir tərəfdən amansız Stalin repressiyalarının başlaması, Azərbaycan ziyalılarının kütləvi şəkildə həbsə, sürgünə, hətta ölümə məhkum edilməsi, digər tərəfdən də İkinci Dünya müharibəsinin alovlanması onun kimi bir çox ziya sahiblərimizin həyatını alt-üst etmişdi. Soydaşlarımızı öz ata-baba yurdundan didərgin etdirən, qələm sahiblərimizə olmazın əzab-əziyyətlər yaşadan sovet hakimiyyəti bütün sahələrdə olduğu kimi ədəbi müstəvidə də senzura tətbiq edir, ideologiyanı təbliğ etməyən əsərlərə qadağalar qoyur, görkəmli yazıçılarımızı isə, necə deyərlər, qara siyahıya salırdı. Belə bir zamanda öz qələmin, öz ruhun, düşüncən və ideyan ilə yazıb-yaratmaq çox çətin, hətta mümkünsüz iş kimi görünürdü. Lakin həqiqəti olduğu kimi analiz etmək bacarığına, prosesləri qabaqcadan təhlil etmək səriştəsinə sahib olan bir neçə yazıçımız bütün bu ideoloji burulğanlardan kənarda yaradıcı fəaliyyət göstərməyə, siyasətin buxovları ilə mübarizə aparmağa çalışırdı. Həmin yazıçılar sırasında Hüseyn İbrahimovun da adı çəkilir; ona görə ki, yazıçının “Günəş doğan yerdə” romanını nəzərə almasaq, yaradıcılığının 40 ildən artıq dövrünü əhatə edən sovet hakimiyyətinin heç bir əlamətdar hadisəsi, tarixi günü və ya siyasi şəxsiyyəti haqqında onun bədii əsəri yoxdur. Hətta sovet hakimiyyətinin qurulması uğrunda mübarizəyə həsr olunmuş “Günəş doğan yerdə” romanında da müqayisədə həyat materialı ideologiyanın payından çoxdur. Əsərdəki keşməkeşli taleyə malik olan igid, məğrur, keçid dövrünün çətinliklərini yaşayan, “bir igid bir eli saxlar” əqidəsinə sadiq olan Qüdrət obrazı və süjetdə geniş yer tutan qaçaqçılıq hərəkatının təsviri romana geniş və təbii həyat nəfəsi gətirir. Beləliklə, bədii nəsrimizin sərt rejim çərçivəsində ideoloji tələblərin məngənəsindən çıxıb həyata, insanlara, mənəviyyata yönəlməsi, yaxınlaşması və dirçəlişində Hüseyn İbrahimovun da özünəməxsus xidməti və zəhməti vardır.

Görkəmli yazıçının yaradıcılıq duyumundan danışarkən mütləq şəkildə qeyd etmək lazımdır ki, Hüseyn İbrahimovun romançılıq istedadı bütün müsbət keyfiyyətləri ilə özünəməxsusluq qazanmışdır. Bəli, Hüseyn İbrahimov qələmini fərqləndirən başlıca səbəb əsərlərinin real həyatdan götürülməsi idi. Bununla yanaşı, görkəmli yazıçı əsərlərində, xüsusən də hekayələrində haqqında danışdığı coğrafi mühitin, ərazinin, o cümlədən qəhrəmanların koloritini yarada bilirdi. Yəni Hüseyn İbrahimov qələmi ilə tanış olanlar, sanki Naxçıvanı, bu qədim yurd yerinin hər bir qarşını addım-addım gəzir, insanların həyatı, dünyagörüşü, onların dostluğu, düşmənçiliyi, bir sözlə bütün müsbət və mənfi keyfiyyətləri ilə tanış olurdular. Yazıçının bədii irsinə daxil olan “Şirin xatirə”, “Qumralın məktubları”, “Təmiz adam”, “Kənd həsrəti”, “Arxayın Məmməd”, “Madam Heruta”, “Qadın nəfəsi”, “Vicdan səsi”, “Köhnə onluq”, “Aləmzər” əsərləri Azərbaycan ədəbiyyatının zərif, şümşad boynuna taxılan inci boyunbağının dənələri kimi bu gün də parlayaraq ədəbiyyatımıza yeni ayaq açan nasirlərə “nədən yazaq?” və “necə yazaq” sualının ən təbii, gözəl cavabıdır.

Yazıçının qələm dostlarının, onunla eyni dövrdə yaşamış ziyalılarımızın xatirələrindən aydın olur ki, Hüseyn İbrahimov xaraktercə təmkinli və ciddi, necə deyərlər, ağır təbiətli insan olub. O öz dövründə bir çox yazıçı və şairləri başına toplamaqla Azərbaycan ədəbiyyatına Mirzə Cəlildən miras qalmış “ağsaqqal yoldaşı” ənənəsini davam etdirmiş və neçə-neçə qələm sahibinin öz uğurlu yaradıcılıq yoluna çıxmasına şərait yaratmışdı. Yazıçının müasiri, ziyalı dostu professor Qulu Xəlilov “Ədəbiyyat və incəsənət” qəzetində çap etdirdiyi məqaləsində yazır: “Hüseyn İbrahimov müasir dünyamıza həyatımızla sıx bağlı sənətkardır və bu günün problemləri onun əsərlərində aparıcı yer tutur. Təmizliyə çağırış, insanlarda saflıq və gözəllik hisslərini istiqamətləndirmək, dövrümüzün mühüm əxlaqi problemləri, insan ləyaqətinə kölgə salan hər cür əyriliyə xəlqi mövqedən atəş açmaq Hüseyn İbrahimovun yaradıcılığının əsas pafosunu təşkil edir...”

Yazıçının “Bahar yağışı”, “Günəş doğan yerdə”, “Əsrin onda biri”, “Böhtan” romanlarında epik təsvirin genişliyi, çoxşaxəliliyi, mövzunun dərinlik və əhatəliliyi, millilik və xəlqilik, tarixilik və müasirlik ön mövqeyə çəkilmişdir. Bu əsərlər yalnız həcminə görə deyil, qaldırdığı problemin dəyərinə, siqlətinə, insan talelərinin çoxsaylı süxurlarından bir neçə qatı açıb sökə bilməsinə, zəngin surətlər aləminə görə, sözün bütün mənalarında, sanballı əsərlərdir. Hələ ali təhsil aldığım illərdə – ikinci kursda oxuyarkən sevə-sevə mütaliyə etdiyim böyük memar Əcəmi Əbubəkr oğlu Naxçıvaniyə həsr olunmuş “Əsrin onda biri” romanı isə sənətkarın taleyini, zaman və şəxsiyyət problemləri bacarıqla əks etdirilməsi baxımından olduqca dəyərli əsərdir. Əsər barədə ən dolğun məlumatları oxucunun diqqətinə çatdıran akademik İsa Həbibbəyli bu barədə yazır: “Romanın yazılmasına yetmişinci illərin əvvəllərində başlanılmışdır. Hətta romandan bir parça hələ 1972-ci ildə mətbuatda dərc olunmuşdur. On il ərzində yazılmış “Əsrin onda biri” romanı tam halda 1987-ci ildə çapdan çıxmışdır. Bu əsər yeni dövr Azərbaycan tarixi romanının dəyərli nümunəsidir. Məhz bu əsərlə ədəbiyyat tariximizdə ilk dəfə olaraq Şərq memarlıq məktəbinin banisi, məşhur memar Əcəmi Naxçıvaninin bədii obrazı yaradılmışdır. Bununla belə romanda Cahan Pəhləvanın hakimiyyəti dövrünün siyasi-tarixi hadisələri bədii sözün gücü, imkanları vasitəsilə dəyərləndirilmişdir. Müəllif əsərdəki Əli Şimşək obrazı ilə sənətkar və xalq, həmçinin hakimiyyət və xalq münasibətlərini mənalandırmağa müvəffəq olmuşdur. “Əsrin onda biri” tarixi romanı Əcəmi Naxçıvaninin dövrü, mühiti və müasirləri haqqında əyani təsəvvür yarada bilir. Əsərdə tarixiliklə müasirlik vəhdətdədir. Hüseyn İbrahimov Əcəmi dövründən alınmış mövzu və ideyalar, habelə obrazlar vasitəsilə yeni dövrün insanlarına ibrət və sənət dərsləri aşılayır”.

Əsası Mirzə Cəlillə yaradılan Azərbaycan satirik nəsrinin ənənələrindən yaradıcılıqla faydalanan Hüseyn İbrahimov müasir həyatda klassik novella qəhrəmanları ilə qarşılaşarkən “Sənə min rəhmət, Mirzə Cəlil”, yaxud “Heyif, Mirzə Cəlil sağ deyil” kimi yerinə düşən, cəlbedici epiqrafların gur işığı altında ənənəvi gülüş obyektinin müasir vəziyyətini bacarıqla açıb göstərə bilmişdi. Müəllifin təqdimatında Cəlil Məmmədquluzadənin məşhur Usta Zeynalına bənzəyən Arxayın Məmməd, Mirzə Qurbanqulunun əziz xələfi olan Əvəz Məmişoviç obrazları özlərini inkişafla ayaqlaşmayan adət və əməlləri ilə bir daha gülüş hədəfinə çevirmiş, öz xarakterləri, dünyagörüşləri və həyata baxışları oxucuda maraq oyatmışlar. Bununla yanaşı, Hüseyn İbrahimov qələminə daxil olan “Arxayın Məmməd”, “Day lazım olmadı”, “Yeddinci meyit”, “Zırrama”, “Müdirin naziri”, “Barıt”, “Nərd”, “Eyvazovun salamı”, “Yersiz vahimə”, “Çaybaz Nəcəf”, “Menzurka” satirik novella janrının tələblərinə tam cavab verən uğurlu bədii nümunələrdir.

Uzun illər Azərbaycan ədəbi mühitində, o cümlədən Naxçıvanımızın ictimai-sosial, mədəni həyatında xidmətlər göstərmiş Hüseyn İbrahimov yaradıcılığı dövlətimizin diqqətindən kənarda qalmamış, onun 90, 100 illik yubileyləri ölkə səviyyəsində qeyd olunmuş, 1998-ci ildə Ulu Öndərin müvafiq Fərmanı ilə ona “Xalq yazıçısı” fəxri adı verilmişdir. Ardınca isə yazıçının 100 illik yubileyinin qeyd olunması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 18 may 2019-cu il tarixində Sərəncam imzalamış, bu Sərəncam dövlətimizin ədəbiyyat adamlarına davamlı qayğının ifadəsi kimi dəyərləndirilmişdir. Sərəncamda deyilir: Hüseyn İbrahimov yarım əsrdən artıq bir dövrü əhatə edən səmərəli ədəbi fəaliyyəti ilə müasir Azərbaycan ədəbiyyatının inkişafına töhfələr vermiş özünəməxsus yaradıcılıq üslubuna malik simalardandır. Ədibin uğurlu axtarışlarının nəticəsi kimi müxtəlif janrlarda meydana gətirdiyi əsərlərdə müasirlərimizin zəngin mənəvi aləmi dolğun əks etdirilmiş, mədəniyyət tariximizin yetirdiyi bir çox görkəmli simaların işıqlı obrazları parlaq bədii boyalarla təcəssümünü tapmışdır. Uzun illər Naxçıvanın ictimai-siyasi həyatının fəal iştirakçısı olmaqla Hüseyn İbrahimov regionda mədəni mühitin tarixi ənənələrinin qorunub saxlanılması və eləcə də müstəqillik ideallarına sadiq yaradıcı ədəbi qüvvələrin öz potensiallarını lazımınca gerçəkləşdirə bilmələri üçün böyük əmək sərf etmişdir”.

Azərbaycan ədəbiyyatının alnıaçıq yazıçısı, ədəbi sözə, imzaya çevrilən Xalq yazıçımız Hüseyn İbrahimovun xatirəsinə böyük hörmət və ehtiram hissi ilə…

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 16.07.2024 12:37