AZ EN RU

Ədəbi mühitimiz və Yanvar hadisələri

Azadlıq uğrunda mübarizəmizin böyük faciələr və itkilərlə dolu tarixi var ki, 90-cı ilin 20 Yanvar faciəsi bu tarixin mühüm bir hissəsidir. Bu faciə azadlıq, müstəqillik yolu tutmuş xalqımızın yenilməz iradəsinin nümayişi, rus imperiyasına qarşı etirazın son həddi idi. Baş vermiş qanlı hadisə dərhal ədəbiyyatımızda əks-səda tapdı, insanlığa qarşı görünməmiş bir cinayət, soyqırımı kimi ittiham olundu. Hələ şəhidlərimizin qan izləri küçə və meydanlardan təmizlənməmiş “Biz qolumuzdakı zəncirləri qırmaq istəyirdik, amma özümüzü qırdılar... Məhkəməsiz, sübutsuz, dəlilsiz, günahsız qırğın oldu, yanvar qırğını”,  – deyə qan ağlayan istiqlal şairi Xəlil Rzanı da tutub zindana saldılar. Bu, təcavüzə məruz qalmış bir xalqın həm də söz deyən dilinin, yazan əlinin buxovlanması, susdurulması cəhdi idi. Lakin həmişə olduğu kimi, bu tarixi məqamda da ədəbiyyatımız xalqın böyük müsibətlərini əks edirdi, onun həyəcan və ümidləri ilə yaşadı. Bu mövzuda çoxlu sayda əsərlər yazıldı.
    Azərbaycanın ayrılmaz parçası olan Naxçıvanda da bu mövzuda çoxlu ədəbi nümunələr yaradılıb. Elman Həbib, Kəmalə Ağayeva, Əbülfəz Muxtaroğlu, Vaqif Məmmədov, Xanəli Kərimli, Asim Yadigar, İbrahim Yusifoğlu, Həsənalı Eyvaz, Qafar Qərib,  Elbəyi Maqsudov, Rahilə Elçin, Əbülfəz Ülvi, Elxan Yurd­oğlu və başqaları həmin şənbə gecəsinin hadisə və dəhşətlərini vətəndaş yanğısı ilə qələmə alıb, şeirin çevik və operativ imkanlarını bir daha nümayiş etdiriblər. Həmin nümunələr isə o günlərin hökmündən doğan yaradıcılıq nümunələri kimi xalqa çatdırılır, dillər əzbərinə çevrilirdi. Şübhəsiz ki, ilk anlardan onun geniş bədii inikasını vermək qeyri-mümkün idi. Lakin bu hadisələri vaxtında qələmə almaq ona görə çox vacib idi ki, gələcəkdə ədəbiyyatın bu hadisə barədə nəsri, eposu bu ilk qələm təcrübəsindən başlanacaqdı.
    Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Əbülfəz Muxtaroğlu o günlərdə yazdığı “Ağlama” şeirində şəhidlərin lirik obrazı vasitəsilə bütöv bir xalqın, bir torpağın fəryadını əks etdirmiş, Vətənimizin və xalqımızın başına gətirilən müsibətləri, törədilən faciələri, Vətən uğrunda aparılan mübarizələri çox real, inandırıcı, həm də konkret faktlar əsasında təsvir etmişdir.
    “Yeni dövr Azərbaycan şeirində vətəndaşlıq lirikasının əsas yaradıcılarından biri olan şair Xanəli Kərimli”nin (akademik İsa Həbibbəyli) bu mövzuda ən yaxşı əsərlərindən biri “Ağrı” və “Bütövlük” poemalarıdır. Bu poemalarda şəhidlik mövzusu daha geniş miqyasda həllini tapır. 20 Yanvar hadisəsi şairə illər uzunu qəlbində və şüurunda yığılıb qalmış hiss və fikirləri, dərin kök salmış həqiqətləri ifadə etməyə əsas verir. Bununla belə poemada mübarizəmizin çox mühüm bir məqamı, imperiya ordusu ilə xalqımızın üzləşməsi, mərd oğul və qızlarımızın onun qarşısında diz çökməməsi faktı qələmə alınmışdır. 
    Şeir və publisistikası ilə oxuculara yaxşı tanış olan mərhum Vaqif Məmmədovun “Sədərək harayı” kitabında isə 1990-cı ilin 19 yanvarında erməni təcavüzü zamanı Sədərəkdə törədilmiş vəhşiliklər, doğma torpağın mərdliklə müdafiə olunması öz əksini tapır. Şair, haqqında bəhs etdiyimiz Sədərək döyüşlərinin bilavasitə iştirakçısı, baş verən hadisələrin təhkiyəçisidir. O, çox mühüm, vacib mətləblərdən söz açır, törədilmiş faciənin dəhşətlərini, milli faciə səviyyəsində ümumbəşəriliyini poetik dillə oxucuya çatdırır. 
    Naxçıvan Yazıçılar Birliyinin sədri, şair Asim Yadigarın “Naməlum əsgər”, “Şəhidlik”, “Ən uca zirvə” və sair şeirləri ideya və mahiyyəti ilə erməni qəsbkarlarına qarşı mübarizənin bədii ədəbiyyatda, poeziyada təcəssümü yolunda şairin uğurlu nümunələri kimi qiymətləndirilməyə layiq şeirlərdəndir:

  Məzarlar önündə susdum, kiridim,
  Şəhid məzarları durub yan-yana.
  Şəhidlik özü də bir ucalıqdır,
  O da qismət oldu Azərbaycana.

    Həmin günlərdə ermənilərin “Şanlı sovet ordusu”nun əsgər və zabitlərinin gözləri önündə onların silahlarından istifadə edib dinc Sədərək əhalisini qanına bələyən döyüşləri görəndə şair İbrahim Yusifoğlunun da ürəyini sızladan o ağrılar misralara çevrildi. Şair yazdığı kimi: “İllər boyu üzərimizə tuşlanan silahların tətikləri çəkildi, sinəsi odlanan da oldu, şəhid olan da. Mənim isə inamım güllələndi”.

    O qara yanvarda oğuz elinə,
    Qorxunc silahlarla od ələdilər.
    “Qardaşlıq beşiyi” sovet elinə
    Mənim inamımı güllələdilər.

    “Şəhid qanlı lalələr”, “Öyünür Vətən” kitablarında isə mənfur erməni millətinin Azərbaycan torpaqlarına təcavüzü zamanı bölük komandiri kimi döyüşlərdə düşmənə qarşı vuruşmuş hərbçi-şair Vaqif Əsrarın şəhidlərə həsr olunmuş şeirlərinin bir qismi və “Mənim şəhid olan kəndim” poemasında baş verən hadisələrə poetik münasibət bildirilir. 
    Şair Maarif Təmkinin ilk dövr və sonrakı illər yaradıcılığında Vətən mövzusu, Azərbaycana tükənməz sevgi ön mövqedə dayanır. Filologiya elmləri doktoru, professor  mərhum Hüseyn Həşimlinin yazdığı kimi: “Maarif Təmkin yaşadığımız günlərin ovqatını poetikləşdirəndə də, Qarabağ nisgilini, qaçqın, şəhid, köçkün kədərini sətirlərdə canlandıranda da, doğma yurda tükənməz sevgisini bədii müstəviyə gətirəndə də, bir sözlə, hansı mövzuya üz tutursa, tutsun, həmişə əsl vətəndaşlıq mövqeyindən çıxış edir”. 
    Ana qədər məhəbbət bəslədiyi doğma Vətənə düşmən təcavüzü digər şairlər kimi, Elxan Yurdoğlunun də qəlbini ehtizaza gətirmişdir. Vətənpərvər şair Elxan Yurdoğlunun “Ağlayan – ağladan gün” adlı şeiri xalqı şəhidlərin nigaran ruhlarının rahatlıq tapması üçün qisas almağa səsləyir:

    Şanlı tariximin qanlı səhifəsi...
    Şəhid anasının yanıqlı səsi,
    Qocalı, cavanlı – bütün hər kəsi
    Qisas duyğusuna bağlayır bu gün.

    Yanvar hadisələrindən artıq 34 il keçir. Bu müddətdə bədii nəsrimizdə – Akif Axundov, Bayram İsgəndərli, Güllü Məmmədova, mərhum Rafiq Babayev əsərlərində yanvar hadisələrini əks etdirmişlər. Filologiya elmləri doktoru, yazıçı-publisist mərhum Həmid Arzulu “Qara xəncər” romanında 1988-90-cı illərdə Azərbaycanda, o cümlədən Naxçıvanda baş verən milli oyanış təlatümləri fonunda bəzi insanların qanunlardan necə sui-istifadə etdiklərindən, xarici qüvvələrin maddi sərvətlərimizi talan etmək cəhdlərindən və ölkəyə yeni ruh yüksəkliyi, azadlıq, müstəqillik gətirməkdə olan gənclərimizin mübarizəsindən bəhs edir. Yazıçı Güllü Məmmədova “Şəhid balası” hekayəsində hər gün atasının yolunu gözləyən, onun şəhid olduğunu bilməyən, hər qapı döyüləndə “atam gəldi”, – deyib qapıya yüyürən, lakin arzusu gözündə qalan körpənin dərin kədərinin, ürəyindəki ağır nisgilin təsvirini həyəcansız oxumaq mümkün deyil.
    Belə bir cəhəti də qeyd etmək vacibdir ki, ilk vaxtlar 20 Yanvar faciəsinə müraciətin ən fəal janrı publisistika olmuşdur. Hadisə baş verəndə ölkə informasiya blokadasına alınmış, Bakıda fövqəladə vəziyyət qadağaları qoyulmuşdu. Buna baxmayaraq, şair və yazıçılarımızın səsi radio, televiziyadan eşidilirdi. 20 Yanvar mövzusunda bir sıra publisist yazılar mətbuat səhifələrində dərc edildi. Muxtar respublikada dərc olunan “Şərq qapısı” qəzeti faciə ərəfəsindəki saylarını bütünlüklə bu mövzuya həsr etmişdir. Sonrakı aylarda və illərdə 20 Yanvar mövzusuna müraciət ziyalılarımız tərəfindən daha da inkişaf etdirildi. Bu mövzuya müraciət milli vətənpərvərlik ənənəsinə çevrilmişdi. Akademik İsa Həbibbəylinin “Tarix unudulmur”, “Tarixin gerçək yaddaşı”, “Azərbaycan qaynaqlarında ermənilərin yapdıqları qətliamlar”, akademik İsmayıl Hacıyevin “Tarixin ağ ləkələri”, “Erməni xəyanəti”, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru Hacı Fəxrəddin Səfərlinin “20 Yanvar – tarixin qanlı faciəsidir”, fəlsəfə elmləri doktoru Məmməd Rzayevin “Tariximizin qan yaddaşı”, tarix üzrə elmlər doktoru, dosent Elman Cəfərlinin “Faciələr tariximiz: rəqəmlərin dili ilə”, “Erməni məsələsi”nin tarixi problem kimi yaranması və inkişafı” kimi məqalələri bu mövzuda yazılmış ən dəyərli nümunələrdəndir.
    Vətən və xalq taleyi yaradıcılığının əsasını təşkil edən Azərbaycanın Əməkdar incəsənət xadimi, şair-publisist mərhum Elman Həbib də bu mövzuya biganə qalmamış, onlarla şeir və publisist məqalələr yazmışdır. Bu baxımdan filologiya üzrə fəlsəfə doktoru, dosent mərhum Lətif Hüseynzadənin “Günahsız tökülən qanlar” adlı məqaləsində Sovet imperiyasının siyasəti, tarixboyu Azərbaycan xalqının başına gətirilən müsibətlər, həmin dövrlərdə xalqımız haqqında ermənilərin və ermənipərəst qüvvələrin dünya ictimaiyyətinə çatdırdıqları qərəzli fikirləri əks olunmuşdur.
   Yanvar hadisələri başqa bədii publisist yazılarda da təsirli bir üslubda qələmə alınmışdır. Filologiya elmləri doktoru, professor mərhum Yavuz Axundlunun “Qarabağ harayı” kitabı, yazıçı-publisist mərhum Hüseyn Həsənoğlunun “Dünyanın mənfur milləti: erməni”, “Heykəlləşmiş qəhrəman” kitabları ən dəyərli nümunələrdəndir. Filologiya elmləri doktoru Kamran İmranoğlunun (Əliyev) “Sədərək döyüşləri”, şair-publisist Vaqif Məmmədovun “Sədərək şəhidləri”, şair Əbülfəz Muxtaroğlunun “Şahbuz şəhidləri”, yazıçı-publisist Fərəc Fərəcovun “Culfa şəhidləri” kitabları da diqqətəlayiqdir. Bu kitablarda döyüşlər zamanı erməni işğalçıları tərəfindən vəhşicəsinə qətlə yetirilmiş insanların taleyindən bəhs edilir. 
    Naxçıvanda fəaliyyət göstərən ədəbi mühitin nümayəndələri bu faciənin səbəblərini düzgün müəyyənləşdirmiş, istər bədii, istərsə də publisist dillə erməni vəhşiliyini inandırıcı faktlarla əks etdirmişlər. 

Aypara BEHBUDOVA
filologiya üzrə fəlsəfə doktoru, dosent

Nəşr edilib : 20.01.2024 17:22