AZ EN RU

Əcnəbilərin hüquqi vəziyyətinə dair növbəti maarifləndirici tədbir keçirilib

    Tədbirin keçirilmə məqsədi və əhəmiyyəti barədə ətraflı məlumat verən xidmətin əməkdaşı Elnur Zellabdinov bildirib ki, muxtar respublikamızda müvəqqəti olan və yaşayan miqrantların təhlükəsizliyi, rahatlığı, sərbəst hərəkət etmələri önəmli olduğu qədər, onların burada hüquq və vəzifələri, eləcə də miqrasiya qanunvericiliyi ilə bağlı məlumatlandırılması da diqqətdə saxlanılan prioritet məsələlərdəndir.
    Qeyd edilib ki, Miqrasiya Məcəlləsində müvəqqətiolma və yaşama icazələrinin verilməsi ilə bağlı kifayət qədər müxtəlif hallar təsbit edilib. Bu da əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müvəqqəti yaşama hüququnu daha rahat və asan formada əldə etmələri baxımından müstəsna əhəmiyyət kəsb edir. Bununla yanaşı, müvəqqətiolma və yaşama müddətinin uzadılması qaydası və tələb edilən sənədlərlə bağlı da geniş məlumatlar verilib.
    Miqrasiya sahəsində mövcud qanunvericiliyin tələblərinin pozulması və qanunla nəzərdə tutulmuş məsuliyyət mövzusuna da toxunan Elnur Zellabdinov iştirakçıların suallarını cavablandırıb.
    Sonra xidmət tərəfindən hazırlanan maarifləndirici bukletlər paylanılıb.
    Maarifləndirmə tədbirinin yekununda əcnəbilərin Heydər Əliyev Muzeyinə ekskursiyası da təşkil olunub. Diqqətə çatdırılıb ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olan ümummilli lider Heydər Əliyev 13 oktyabr 1999-cu ildə muxtar respublikaya səfəri zamanı muzeyə gəlib, eyni zamanda buradakı ekspozisiya ilə tanış olub. Muzeydəki eksponatlar dahi şəxsiyyətin çoxşaxəli fəaliyyətini, şərəfli həyat yolunu ehtiva edən kitab, qəzet və jurnallardan, 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və Ali Məclisin Sədri kimi işləyib hazırladığı, qəbul etdiyi tarixi qərar və sərəncamlardan və digər nadir eksponatlardan ibarətdir.
    Muzeydə yerləşən zəngin fond materialları, xatirə əşyaları və digər dəyərli eksponatlar əcnəbilərin diqqətini cəlb edib, çoxsaylı fotolar çəkdirilib.

Naxçıvan Muxtar Respublikası 
Dövlət Miqrasiya Xidmətinin
 mətbuat xidməti

Nəşr edilib : 09.12.2022 19:10