AZ EN RU

Əcnəbi tələbələrlə görüş keçirilib

Görüşdə çıxış edən ali təhsil ocağının rektoru Elbrus İsayev çıxışında qeyd edib ki, muxtar respublikada tolerant mühitin formalaşması, xarici vətəndaşlara xüsusi diqqətlə yanaşmanın nəticəsidir ki, əcnəbi tələbələrin sayı hər il artmaqdadır.Universitetdə xarici tələbələr üçün yaradılan şəraitdən söz açan rektor diqqətə çatdırıb ki, universitetdə təhsil alan yerli tələbələrlə yanaşı əcnəbi tələbələrin də təhsil keyfiyyəti daim diqqət mərkəzində saxlanılır. Bunun nəticəsidir ki, bu il universitetdə təhsil alan əcnəbi tələbələrin sayının 2000 nəfərə yaxın olduğunu vurğulayıb.

Rektor bildirib ki, həmçinin xarici tələbələr universitetin ictimai-mədəni işlərində də fəallıq nümayiş etdirir, müxtəlif tədbirlərin, konsert proqramlarının hazırlanmasında yaxından iştirak edirlər.

Elbrus İsayev tələbələrə öz tövsiyyələrini çatdıraraq, yeni dərs ili münasibətilə onları təbrik edib.

Universitetin beynəlxalq əlaqələr üzrə prorektoru və ümumi işlər üzrə prorektoru Xəyal Camalov çıxışı dinlənilib.

Diqqətə çatdırılıb ki, Naxçıvan Dövlət Universitetində təhsilin beynəlmilləşməsi istiqamətində islahatların aparılması, beynəlxalq əlaqələrin genişləndirilməsi, yeni əməkdaşlıqların qurulması, dünyanın bir sıra aparıcı universitetləri ilə ikili diplom proqramları üzrə kadr hazırlığının həyata keçirilməsi ilə bağlı ciddi addımlar atılıb. Eyni zamanda, tədris prosesinin təkmilləşdirilməsi, bu işdə yeni metod və texnologiyaların tətbiqi, NDU-nun dünyanın məhşur reytinq siyahılarında yüksək göstəricilərə malik ali təhsil müəssisələri arasında yer alması universitetdə oxumaq istəyən əcnəbi tələbələrin sayının artmasına səbəb olub.Diqqətə çatdırılıb ki, bütün bunlar müxtəlif hüquqların və vəzifələrin icrasını da özlüyündə gətirir.

Vurğulanıb ki, muxtar respublikaya təhsil almaq üçün gələn tələbələr, həmçinin ölkədə müvəqqəti yaşamaq hüququna malik olurlar. Eyni zamanda Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə vəsiqələrinin verilməsinə və müddətinin uzadılmasına görə dövlət rüsumu ödənilən zaman tələbələr üçün güzəştlər də tətbiq olunur.

Sonra universitetdə əcnəbi tələbələrlə bağlı keçirilən tədbirlərin videoçarxı nümayiş olunub.

 Sonda əcnəbi tələbələrin sualları cavablandırılıb.

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və
 ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 12.10.2023 19:21