AZ EN RU

Əcnəbi tələbələrin Şahbuz səfəri

    İlbəil təşkil olunan ekskursiyalar sayəsində istər yerli, istərsə də əcnəbi gənclər muxtar respublika ilə bağlı geniş informasiya əldə edir, yaradılan şəraitdən, mövcud imkanlardan xəbərdar olurlar. Xüsusən də əcnəbi tələbələrin fərqli bir mədəni mühitlə tanışlığı, dünyagörüşlərini zənginləşdirməsi mühüm əhəmiyyət daşıyır. Yaşadıqları ölkələrdə məhz onların təqdimatından asılı olaraq diyarımızla bağlı ilkin təsəvvür formalaşır.
     Naxçıvanda fəaliyyət göstərən ali təhsil müəssisələrinin əcnəbi tələbələri üçün Şahbuz rayonunda yerləşən turizm əhəmiyyətli məkanlara ekskursiya təşkil olunub. Muxtar respublikanın turizm potensialı, xalqımızın milli adət-ənənələri və zəngin mədəniyyət irsinin tanıdılması, tarixi gerçəkliklərin təbliği, o cümlədən ictimai-siyasi şəxsiyyətlərin həyat və yaradıcılığının öyrənilməsi məqsədi daşıyan ekskursiyada 20 tələbə iştirak edib. 
    Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən təşkil edilən ekskursiya çərçivəsində qonaqlar Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyi, Şahbuz Dövlət Təbiət Qoruğu, Batabat Astrofizika Rəsədxanası, Ağbulaq İstirahət Mərkəzi və buz örtüyünə bürünən məşhur Batabat gölü ilə yaxından tanış olub, Ağbulaq Xizək Mərkəzində kanat gəzintisinə qoşulublar. 
    İştirakçılar sosial şəbəkələrdə paylaşım məqsədilə fotolar, xatirə şəkilləri çəkiblər.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin 
mətbuat xidməti

Nəşr edilib : 26.01.2023 19:23