AZ EN RU

Əcnəbi tələbələrin maarifləndirilməsi diqqət mərkəzindədir

    Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Əcnəbilərin hüquqi vəziyyəti” mövzusunda əcnəbi tələbələrlə növbəti maarifləndirici tədbir keçirilib.
    Universitetin tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov və Dövlət Miqrasiya Xidməti rəisinin müavini Elnur Məmmədov çıxışlarında bildiriblər ki, bu gün muxtar respublikada həyata keçirilən sistemli tədbirlər, nəticə etibarilə, əcnəbi tələbələrin muxtar respublikaya olan marağını və burada təhsil almaq niyyətini daha da artırmaqdadır. Təbii ki, əcnəbi tələbələrin muxtar respublikamızda təhlükəsizliyi, rahatlığı, hüquq və vəzifələri, həmçinin miqrasiya qanunvericiliyi ilə bağlı məlumatlı olmaları da diqqətdə saxlanılır.
    Sonra Dövlət Miqrasiya Xidmətinin baş inspektoru Elnur Zellabdinov qeyd edib ki, Miqrasiya Məcəlləsində əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqətiolma və yaşama icazəsinin verilməsi ilə bağlı kifayət qədər geniş əsaslar mövcuddur. Elnur Zellabdinov miqrasiya sahəsində qanunvericiliyin pozulmasına görə məsuliyyətlə bağlı nəzərdə tutulan mühüm məqamlara toxunub, slayd vasitəsilə tələbələrə geniş məlumat verib.
    Sonra Naxçıvan Dövlət Universitetində təhsil alan bir qrup əcnəbi tələbəyə müvəqqəti yaşamaq üçün icazə vəsiqələri təqdim edilib, onlara maarifləndirici bukletlər paylanılıb, müvafiq müraciətlər qəbul edilib.
    Sonda Naxçıvan Dövlət Tarix Muzeyinə ekskursiya təşkil olunub. Xalqımızın qədim və zəngin tarixi, eləcə də mədəniyyəti və etnoqrafiyasını ehtiva edən muzeylə tanışlıq tələbələrdə xoş təəssüratlar yaradıb.

Naxçıvan Muxtar Respublikası  Dövlət Miqrasiya Xidmətinin
mətbuat xidməti

Nəşr edilib : 20.10.2022 19:17