AZ EN RU

Əcəminin tənha mirvarisi

Naxçıvan şəhərinin sakit küçələrinin birində, gözdənuzaq sanki dənizin dibinə düşmüş bir mirvarini xatırlayaq. Memar Əcəminin tənha mirvarisi – Yusif ibn Küseyir və yaxud da digər adı ilə desək: Atababa türbəsi. Türbəyə baxdıqda hər şeydən uzaq, neçə illər xidmət edib yorulan bir şeyxin məzarı ilə yanaşı, onu yaradan qocaman Əcəminin nəfəsi hiss olunur. Demək olar ki, naxçıvanlılar üçün bu qeyri-adi bir tikili deyil. Az qala min ildir ki, böyük memarın bu mirvarisi həmin küçənin bir parçasına çevrilib. Sanki Əcəmi də şeyx üçün həmin küçədə bir ev düzəldib, illər boyu dəyişilməyən tək qonşunun tək evini tikib.
Ətraf nisbətən sakitlikdir. Küçədən avtomobil səsləri, tək-tük insanların söhbətləri, küləyin səsi və yarpaqların xışıltısı eşidilir. Abidə görkəmcə çox hündür olmasa da, özündə böyük bir tarixi gizlədir. Memar Əcəminin bu türbəsi bizi kitablarda oxuduğumuz Atabəylər dövrünə səyahətə aparır. Ehtişamlı tarixi, mistik tikililərin, qüdrətli dövlətin yadigarını uzaq ellərə səs salan, memarlara, xaqanlara ilham verən bu abidənin timsalında səssizcə seyr edirəm. Bir də öz memarlıq məktəbini yaradan, bütün Şərqdə özündən sonra böyük incilər yadigar qoyan Əcəmi Naxçıvaninin möhtəşəm istedadının, əzəmətli yaradıcılıq enerjisinin, heyrətamiz nəqqaşlıq qabiliyyətinin mistikasını düşünürəm. 
Əcəminin əsərlərini üzərlərinə həkk etdiyi Şərq motivləri, həndəsi ornamentlər və yazılar birləşdirir. Türbənin çoxəsrlik divarlarına həkk olunmuş naxışlara toxunuram. Gözüm əlimin üstünə – dəri üzərindəki cizgilərə sataşır. Xəyalımda Memar Əcəminin böyük tikililəri yaradarkən əlinin üzərindəki qırışlar və siması canlanır. Şübhəsiz ki, bu mirvarinin hər qarışında, hər naxışında, hər kiçik elementində onun kənarlarına qırış düşmüş gözlərinin, daşlarla işləməkdən, bəlkə də, cadar-cadar olmuş əllərinin izləri var. Ona görə də bu izləri əsrlərdir, özündə yaşadan abidə qoca memarın Günəşdən yanmış simasını da gözlərim önündə canlandırır. Haradan bilmək olar, bəlkə də, bu iç-içə keçirilmiş ulduz naxışları göydəki ulduzların türbənin divarlarındakı əksidir. Bu bənzətmələrin sayını daha çox artırmaq olar, əslində. 
Türbənin aşağı hissələrində, ilk baxışda görülməsi mümkün olan, yuxarıya qalxdıqca quruyan bir rütubət var. Düzünə qalsa, abidəyə son dəfə 5 il əvvəl də gəlmişdim, onda hələ bərpa işləri aparılmamışdı. Üzərindəki yazılar və naxışlar çətin seçilirdi. İndi isə türbə nisbətən öz qədimliyindən də uzaqlaşıb.
Türbənin yanında dolaşaraq bir tərəfdən əlimdə mobil telefon türbənin üzərindəki yazıların tərcüməsini axtarıb oxuyur, bir tərəfdən də gəlib keçənlərin qəribə baxışları ilə süzülürdüm. Elə bil neçə ildən sonra bu türbəni ziyarət edən tək mən idim. Gözüm isə türbənin üzərindəki naxışlarda və kufi xətti ilə yazılmış “Əcəmi ibn Əbubəkr Naxçıvani” yazısında idi. 
Türbəni ziyarət üçün həyat yoldaşı ilə gələn ortayaşlı kişiylə bu abidə haqqında,  onun bərpa işlərindən əvvəlki vəziyyətindən və tarixindən danışdıq. Türbənin içərisinə daxil oluruq. Bu sanki zamanda səyahətdir: türbənin tikildiyi dövrə səyahət edirik. Bişmiş kərpiclə işlənmiş günbəz formalı tavan və məzarı göstərmək üçün nəzərdə tutulan ortadakı balaca şüşə pəncərə, divarlarda isə Memar Əcəminin portreti, türbənin tarixinin əks olunduğu fotolar və türbənin üzərindəki yazıların tərcüməsi var. 
Türbənin ilk fotolarına nəzər saldıqda böyük bir hasar və darvazanın olduğu görünür. Fotonun altında isə yazılıb: “Şəkildəki darvaza və hasar hazırda yoxdur”. Əvvəl Möminə xatın türbəsinin də ətrafında tikililər var idi. Amma, əfsus ki, dövrümüzə qədər heç biri gəlib çıxmayıb. Bu fotolara baxdıqca bunun türbənin ilk bərpası olmadığını görürük. Bəlkə də, qarşıda onu çox təmirlər gözləyir. Yeniləndikcə hər dəfə tarixi məğlub edir, lakin öz qədimliyini və Əcəminin əsəri olduğunu uzaqdan da özünün hər bir tamaşaçısına hiss etdirir, aşılayır. Bu onun yaradıcısının istedad və qüdrətinin təcəssümü və bəlkə də, ən böyük mükafatıdır. 
Türbədən ayrılıram. Görəsən, gələcəkdə dahi memarın tənha mirvarisini daha nə kimi macəralar gözləyir. Daha neçə yüz illəri geridə qoyacaq? Tarixin ruzigarına sinə gərib öz ecazkarlığından heç nə itirməyən bu abidə daha neçə nəsli qarşılayıb yola salacaq? Daha neçə əsr qüdrətli Atabəylərin varlığından danışacaq? Cavabsız suallardır. 
Türbəni Memar Əcəminin tənha mirvarisi adlandırmağıma baxmayın. O, tənha olsa da, peşəkar bir memarın dəyərli şəhərinin tənha mirvarisidir. 5 minillik şəhərin 900 yaşlı mirvarisi...

Rafiq TƏHMƏZOV

Nəşr edilib : 01.05.2024 12:21