AZ EN RU

Əcəminin daş möcüzəsi

Ulu Öndər Heydər Əliyev: “Bu abidə Atabəylər dövlətinin Azərbaycan dövlətçiliyini yüz illərlə dünyaya nümayiş etdirməsini, Atabəylər sülaləsinin, nəslinin Azərbaycan tarixində nə qədər böyük yer tutduğunu göstərir.” 

Qoca tarixlə həmyaşıd olan qədim Naxçıvanımız bəşəriyyətə bəxş etdiyi böyük şəxsiyyətlər, nadir dühalarla da tanınıb, şöhrətlənib. Ulu torpağımızın, yurdumuzun xoşbəxtliyidir ki, belə dahilər bir deyil, beş deyil, onlarladır. Hər biri də öz əməli, amalı ilə zaman və məkan çərçivəsinə sığmayıb, əsrlərin yolyoldaşı olub, nəsillərin örnək timsalına çevrilib. Əbədiyyət yolçusu olan belə şəxsiyyətlərdən biri də Naxçıvan memarlıq məktəbinin banisi, dahilər tərəfindən “Şərqin böyük memarı” adlandırılan Əcəmi Əbubəkr oğlu Naxçıvanidir.

    XII əsr Azərbaycan ictimai fikrinin intibahında xüsusi yeri və mövqeyi olan, yaratdığı sənət nümunələri ilə dünyanı heyrətdə qoyan bu naxçıvanlı memarın şəxsi həyatı bu gün bizim üçün bir qədər qaranlıq olsa da, onun günümüzə gəlib çatan nadir memarlıq inciləri Əcəmi yaradıcılığı haqqında çox bilgilər verir. Tarix öz qoynunda Əcəminin həyatı haqqında, onun ölməz əsərlərindən başqa heç nə saxlamayıb. Görünür, dahi memar bunu qabaqcadan gördüyündən öz şah əsəri Möminə xatın türbəsi üzərində belə yazmışdır:

    “Biz gedirik, ancaq qalır rüzigar, 
    Biz ölürük, əsər qalır yadigar”.

    Tanrı möcüzəsi olan Əcəmi bizə qeyri-adi istedad sahibi, böyük mütəfəkkir, dünya elmlərini dərindən bilən bir filosof kimi təqdim edilir. Fakt odur ki, on ikinci yüzillikdə mütəfəkkir şair Nizami Gəncəvinin sözdə yaratdığı hikməti Əcəmi daşlarla ucaldıb. Əsrlərboyu Nizaminin söz ucalığı kimi, Əcəminin də daş möcüzəsi dünyanın hər tərəfindən görünüb, sonsuz sənət kəhkəşanında əbədi ulduz kimi parlayıb.
    Əcəminin bədii təfəkkürünün qüdrəti, bənzərsizliyi yüz illər boyu dünyanın ən məşhur səyyahlarını, salnaməçilərini, sənətşünaslarını heyrətdə qoyub. Hələ 1216-cı ildə Təbrizdə qələmə alınmış “Əcaib-ül-əşya” kitabında sənətkar “Şeyx-ül-mühəndis-mühəndislər başçısı” adlandırılıb. Həmçinin “Əcaib əd-dünya” əsərində də Atabəylər dövlətinin paytaxtı Naxçıvanda Əcəminin yaratdığı memarlıq tikililərindən bəhs edilib, onların bu şəhərin əzəmətini xeyli artırdığı qeyd olunub. XVII əsr fransız səyyahı Tavernye, XIX əsrin əvvəllərində Naxçıvana gələn Dübya de Monape, eləcə də fransız Dcelafua, alman memarı Yapobstal, rus şərqşünası Xanıkov və başqaları Əcəmi memarlığında möhtəşəmliklə zərifliyin sintezindən yaranan kompozisiya bitkinliyinə heyrətlərini bildirmiş, onun qeyri-adi istedadına heyran qalmış, yaratdıqlarını nadir, əvəzsiz, bənzərsiz epitetləri ilə qeyd etmişlər.    
    Naxçıvan torpağının yetirməsi olan Əcəmi bir sənət fatehi olaraq bənzərsiz sənət zirvəsi fəth edib. Onun qüdrəti sayəsində burada yeni bir memarlıq məktəbi formalaşıb, sonrakı dövrlərin sənətkarları bu məktəbdən dərs alıblar. Ümumiyyətlə, Əcəmi sənəti Yaxın və Orta Şərq memarlığına güclü təsir göstərib. O ki qaldı Əcəmi sənətinin Naxçıvan şəhərinə təsirinə, təbii ki, onlar bu şəhərə çox böyük əzəmət gətirib. Ona “Nəqşi-cahan – dünyanın bəzəyi” titulunu bəxş edib. Bu sənət çeşməsindən su içən memarlar sonralar əsərlərində Əcəmi ənənələrini bəzən birbaşa, bəzən yeni forma və kompozisiya üslubunda davam etdirmişlər. Dünyanın bir çox sənətşünasları da bunu təsdiqləmişlər. Hətta türk tədqiqatçıları memar Sinanın İstanbulda yaratdığı türbələrdə təəssüratlarını “Atabəylərdən qalma günbəzlərdən bir nəfəs duyulur” şəklində bildirmişlər. 
    O yalnız Şərqdə deyil, Qərb dünyasında da yaxşı tanınan sənətkarlardan biri idi. Görkəmli sənətşünas Əbdülvahab Salamzadə onun haqqında belə yazır: “Yaxın Şərqin bir çox memarlarının yaradıcılığında onun təsirini görmək o qədər də çətin deyil”.
    Təəssüf ki, böyük memarın yaratdıqlarının çox az bir qismi, cəmi iki memarlıq incisi – Yusif ibn Küseyir və Möminə xatın türbələri dövrümüzəcən gəlib çatıb. Lakin məxəzlərdə Əcəminin Möminə xatın türbəsi ətrafında yaratdığı böyük memarlıq kompleksi, o cümlədən bu kompleksə daxil olan nəhəng Cümə məscidi, qoşaminarəli baştağ, darülfünün, dövlətxana tikililəri barədə də məlumatlar var. Bütün bunlara rəğmən bu naxçıvanlı dahinin günümüzə gəlib çatan əsərləri solmayan gözəlliyi, əzəməti ilə onun dahi bir memar olduğunu təsdiqləyir. 
    Əcəminin bu gün Şərqin ən nadir klassik memarlıq nümunələri sırasında duran Möminə xatın türbəsi 1186-cı ildə inşa olunub. Atabəy Şəmsəddin Eldəgizin xanımı, Məhəmməd Cahan Pəhləvanın anası Möminə xatının şərəfinə ucaldılan bu nadir tikilini fərqləndirən cəhət, ilk növbədə, onun yeraltı və yerüstü hissədən ibarət olmasıdır. Onu da qeyd edək ki, bu memarlıq üslubu ilk dəfə Əcəmi tərəfindən işlədilmişdir. Dahi şəxsiyyət Heydər Əliyevin dediyi kimi: “Bu abidə Atabəylər dövlətinin Azərbaycan dövlətçiliyini yüz illərlə dünyaya nümayiş etdirməsini, Atabəylər sülaləsinin, nəslinin Azərbaycan tarixində nə qədər böyük yer tutduğunu göstərir”. 
    Formaca kəsik onbucaqlı şəklində olan bu abidə monumental biçimi, zəngin həndəsi naxışlar sistemi, kompozisiya bütövlüyü ilə seçilən mükəmməl bir sənət nümunəsidir. Orijinal ornamentləri, yüksək bəzək xüsusiyyətləri, əsasən, kufi xətlə işlənmiş kitabələr, dekorativ portallar məqbərənin bədii-estetik çalarını artırmaqla Əcəmi dühasını, bənzərsiz qüdrətini təcəssüm etdirir. Təsadüfi deyil ki, tanınmış şərqşünas V.M.Alpatov özünün “Ümumdünya incəsənət tarixi” kitabında bu tarixi abidəni belə qiymətləndirir: “Bu cür inkişaf tapmış forma hissiyyatı, bu cür klassik kompozisiya bitkinliyi və kompozisiyanın gerçəkləşdirilməsindəki bu cür kamillik o dövrlərdə Orta Avropa arxitekturasında rast gəlinmir. Klassik Şərq ədəbiyyatının ən gözəl nümunələrindən olan Firdovsinin (X-XI əsrlər) “Şahnamə”, Nizaminin (XII əsr) “Leyli və Məcnun” kimi ölməz poemalarında olduğu kimi, Naxçıvandakı bu məqbərə də bəşəri mahiyyəti ilə fərqlənir”.
    Naxçıvanda Əcəmidən qalan yadigarlardan digəri isə Yusif Küseyir türbəsidir. Xalq arasında “Atababa günbəzi” kimi də tanınan bu abidəni Əcəmi Möminə xatın türbəsindən 24 il əvvəl 1162-ci ildə tamamlayıb. Dövrünün tanınmış şəxsiyyətlərindən olan Xoca Yusifin şərəfinə ucaldılan türbənin giriş qapısında Əcəmi kufi xətlə belə bir cümlə həkk edib: “Əməli – Əcəmi ibn Əbubəkr əl-bənnayi-ən-Naxçıvani”, yəni naxçıvanlı bənna Əbubəkroğlu Əcəminin əməli. Daş üstə daş qoyub ucaltdığı sənət nümunələri ilə heyrət yaradan və özünü təvazökarlıqla, sadəcə olaraq, bənna adlandıran böyük memarın bu əsəri də Möminə xatında olduğu kimi, yeraltı və yerüstü hissədən ibarətdir. Səkkizbucaqlı olmaqla daxildən və xaricdən günbəz şəklində görünən bu abidə də bir çox sənətkarlıq məziyyətləri ilə diqqəti çəkir. Məqbərənin xaricdəki günbəzi piramida, daxildəki isə çatmatağ formasındadır. Abidə incə üslubda, özünəməxsus şəkildə işlənib. Naxışlar bir-birini tamamlayan həndəsi ornamentlərlə zəngindir. 
    Bu gün ölkəmizdə qüdrətli memar əsl qiymətini alıb, layiq olduğu ucalığa qovuşub. Bakı şəhərində metro stansiyalarından biri onun adını daşıyır. Doğma vətəni Naxçıvanımızda isə Əcəminin əzəmətli abidəsi ucaldılıb. Memarlıq incisi, şah əsəri olan Möminə xatın türbəsi ucalan ərazi onun şərəfinə “Əcəmi seyrəngahı” adlandırılıb.
    Azərbaycanın görkəmli memarı Əcəmi Naxçıvaninin 900 illik yubileyinin 2024-2025-ci illərdə UNESCO çərçivəsində qeyd olunacaq tədbirlər siyahısına daxil edilməsi isə hamımızı daha da qürurlandırır. Bu onu göstərir ki, Azərbaycan memarlığında iz qoyan, cığır açan Əcəmi Naxçıvani irsi ölməzdir və bütün dünya onun dahi memar olmasını qəbul edir. Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının 75 illik yubiley tədbirləri çərçivəsində Möminə xatın türbəsini ziyarət edərkən demişdir: “Düzdür, bizlər çox vaxt bu abidəni gözəl memarlıq abidəsi kimi təbliğ edirik. Bu abidənin memarlıq qiyməti ilə bərabər, bizim üçün, bəlkə, daha da böyük qiyməti Azərbaycanın qədim dövlət olmasını göstərməsidir. Bu təkcə memarlığın zənginliyini yox, dövlətçiliyin nə qədər zəngin olduğunu, nə qədər möhkəm olduğunu da göstərir. Əgər dövlətçilik o qədər yüksək səviyyədə olmasaydı, onlar bu cür abidənin yaradılması üçün qərar qəbul edə bilərdilərmi?”
    Şəhərimizin ən gözəl guşələrindən birində – Əcəmi seyrəngahında əsrlərə, qərinələrə meydan oxuyan əzəmətli Möminə xatın abidəsi bu gün hər bir naxçıvanlının, qədim yurdumuza gələn qonaqların ən çox üz tutduqları ünvandır. Möhtəşəmliyin, zərifliyin, itirilməyən mənəvi dəyərlərin simvoluna çevrilmiş bu abidə bu gün daha qürurla başını qaldırıb tarixə, uzun illərin keşməkeşlərinə meydan oxuyur. Sanki bilir ki, onun memarı və qurucusu olan Əcəmi Əbubəkr oğlunun davamçıları, xalqımız onun hər bir daşının, hər bir naxışının qayğısına qalır.

Jalə MİRZƏYEVA
“Xan Sarayı” Dövlət Tarix-Memarlıq,
 Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin bələdçisi

Nəşr edilib : 10.01.2024 14:05