AZ EN RU

Əcəmi qüdrətinin, tarixi mirasa hörmətin ifadəsi...

    Üz tuturam hər zərrəsində, addımında, qarışında tariximin, kimliyimin özü, sözü, nəfəsi, əcdadlarımın yaşamaq amalı, yaradıcı ruhu, çalışmaq həvəsi duyulan, sinəsində güllər, çiçəklər pərvazlayan müasir görkəmli şəhərimin məni əsrlər öncəyə çəkib aparacaq qədim bir ünvanına. Gedirəm oxucularımıza Əcəmi qüdrətindən yoğrulan, bərpa olunan görkəmi ilə tarixi mirasa hörməti yüksək səviyyədə ifadə edən Yusif Küseyir oğlu türbəsindən söhbət açmağa. Gün ötdükcə daha müasirləşən, yeni, yaraşıqlı evlərlə bəzənən Şahab məhəlləsinə daxil olur, bir andaca klassik ab-havanın ağuşuna düşür, keçmişin nəfəsini duyuram içdən, dərindən. Budur artıq yetişirəm Naxçıvan memarlıq məktəbinin o möhtəşəm abidəsinin, görkəmli memar Əcəmi Naxçıvaninin ilk göz ağrısının, əl əməyinin qarşısına. Türbə dördbir yanı qədimlik libasına bürünən əzəmətli görkəmi, üzərindəki mürəkkəb həndəsi ornamentləri, dərin məna, məzmun kəsb edən incə naxışları, özünəxas aurası ilə elə ilk baxışdan özünə çəkir qonağını...

    Azərbaycanın qülləvari türbələri içərisində üst piramidalı örtüyü 850 ildən artıq bir dövrdə salamat qalan yeganə abidə həm xarici, həm daxili görkəmi, eksponatları ilə elə özü özü haqqında ətraflı söhbət açır, bələdçilik edərək barəsində şövqlə dinləməyə dəvət edir məni. Üzərindəki kitabədə həkk olunan hicri təqvimi ilə 557-ci il, yəni 1162-ci ildə Yusif Küseyir oğlunun xatirəsinə inşa edildiyini, eyni zamanda “Qurani-Kərim”in “Al-i İmran” surəsindən 15-17-ci ayələrini xatırladır, tağı üzərində “Bənna Əcəmi Əbubəkr oğlu Naxçıvaninin əməlidir” fikirləri ilə başlayır giriş sözünə. Abidənin yeraltı sərdabəsinə enirəm. Bura bişmiş kərpiclə hörülən divarlarının ecazkar quruluşu, nəfis ab-havası və bərpadan sonra klassik havalandırma sistemi ilə nəzəri çəkir. Yerüstü türbəyə daxil oluram. Eksponatların dili ilə abidənin yaradıldığı vaxtdan bu günə keçdiyi yolun ekskursiyasına çıxıram: – H.Klergetin 1883, Fridrix Zarrenin 1895, Eduard Yakobstalın 1897-ci illərə aid, eləcə də görkəmli sənətkar Bəhruz Kəngərli fırçasından süzülən, rəssamlar Sabir Məmmədov, Əli Səfərli, Həmzə Sadiqovun çəkdiyi rəsmlər, fotolar, “Qafqaz” qəzetinin 1851-ci il 11 may tarixli nömrəsində dərc olunan yazı türbənin ayrı-ayrı dönəmlərdəki real vəziyyətini gözlər önünə sərir. Məqbərənin layihəsinin, 2019-cu ildə buraxılan poçt markası, eləcə də ayrı-ayrı illərdə qələmə alınan əlyazmaların surətləri tikili barədə məlumatları daha əhatəli və zəngin edir... 
    Türbədə yer alan görkəmli diyаrşünаs, еtnоqrаf-аrхеоlоq Mirbağır Mirheydərzadənin 1929-cu ilə məxsus “Naxçıvan tarixinə aid qeydlər” adlı əlyazmasının surətində qeyd olunur ki, Azərbaycan Atabəylərindən yadigar Şəmsəddin Eldəniz oğlu Məhəmməd və Atabəy Müzəffərdən hamının nəzərini özünə cəlb edən Qala məhəlləsindəki böyük minarə və Şahab məhəlləsində olan Atababa günbəzi qalmışdır. Arxeoloq alimlərdən məşhur Zarre, Düba de Monpere, XIX əsrin ortalarında Naxçıvana səyahət etmiş Xanıkov abidə üzərindəki yazılardan belə oxumuşdur: “Bu günbəz Atabəy Şəmsəddin Eldəgiz tərəfindən böyük alim Yusif ibn Qətir Niyazın qəbri üstündə tikdirilmişdir. Şəvval ayında 557 tarixi hicridə, 1162-ci tarixi miladidə. Memarı Naxçıvan bənnası Əcəmi Əbubəkir oğlu”. El arasında “Atababa” günbəzi kimi də adlanan türbənin bərpadan sonrakı şəkilləri müasir görkəmindən, tarixi mirasa, milli-mənəvi dəyərlərə sahiblikdən söhbət açır. Təmir-bərpadan sonra – 2020-ci il aprelin 15-də yenidən istifadəyə verilmə mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin dediyi “Tarixi abidələri qoruyub saxlamaq onu tikməkdən daha çətindir. Yusif Küseyir oğlu türbəsi tikildiyi dövrdən bu günə qədər qorunub saxlanılmışdır. Bərpadan sonra isə abidəyə ikinci həyat verilmişdir. Abidələrin pasportlaşdırılması, onların qorunması və bərpası vacib məsələdir. Çünki abidələr xalqımızın daş pasportudur. Tarixi abidələr xalqın neçə yüz il bundan əvvəl hansı mədəniyyətə malik olduğunu təsdiq edir. Ona görə də abidələr qorunmalı, ilkin görkəmi saxlanılmaqla bərpa olunmalı və gələcək nəsillərə çatdırılmalıdır” sözləri keçmişə dərin hörmətdən, gələcəyə inamdan xəbər verməklə gənclər üçün həyativacib istiqamət aşılayır, soykökə bağlılığa çağırış edir. 
    Türbəyə qısa ekskursiyamı başa çatdırır, redaksiyadan özümlə götürdüyüm abidənin açılış mərasimi yazısının nəşr olunduğu “Şərq qapısı” qəzetinin 2020-ci il 16 aprel tarixli nömrəsini nəzərdən keçirirəm. Ali Məclis Sədrinin “O şəxslər xoşbəxtdirlər ki, onlar əməllərinə və xidmətlərinə görə tarixdə yaşayırlar. Memar Əcəmi Naxçıvani yaratdığı abidə, Yusif Küseyir oğlu isə xalqımıza göstərdiyi xidmətlərlə tarixdə yaşayırlar” dəyərli fikirlərini oxuyur, müstəqillik illərində muxtar respublika rəhbərinin müvafiq Sərəncamı ilə Naxçıvan ərazisindəki tarix və mədəniyyət abidələrinin pasportlaşdırılması, 70-dən artıq abidənin bərpa olunduğunu bir daha öyrənir, aqillərin dillər əzbəri sözlərini qürurla xatırlayıram: “Tarixi yaşadanları tarix də yaşadacaqdır...”

Nail ƏSGƏROV

Nəşr edilib : 05.12.2022 20:37