AZ EN RU

EBRD Azərbaycanla rəqəmsallaşma və nəqliyyat sahələrində əməkdaşlığı genişləndirmək istəyir

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanla rəqəmsallaşma və nəqliyyat sahələrində əməkdaşlığı vacib sayır.

Bu barədə nazir müavini Samir Məmmədovla EBRD-nin Qafqaz üzrə regional direktoru Alkis Vryenios Drakinosun rəhbərliyi ilə ölkəmizdə səfərdə nümayəndə heyəti arasında keçirilən görüşdə bildirilib

Görüş zamanı S. Məmmədov ölkədə rəqəmsallaşma və nəqliyyatın şaxələndirilməsi, nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi və digər məsələlər üzrə görülmüş işlər və mövcud layihələr, gələcək planlar barədə danışaraq, bu sahələrin inkişafının daim diqqət mərkəzində olduğunu qeyd edib.

Vryenios Drakinos Bankın 2024–2029-cu illəri əhatə edən Azərbaycan üzrə prioritetlərin və məqsədlərin əks olunduğu Yeni Ölkə Strategiyasının ilkin layihəsi barədə məlumat verib.

Eyni zamanda görüş çərçivəsində nəqliyyat sahəsində özəl sektor və dövlət müəssisələrinin idarəçiliyinə daha çox dəstək göstərməklə iqtisadi diversifikasiyanın təşviq edilməsi, “yaşıl iqtisadiyyat”a keçidin sürətləndirilməsi və regional əlaqəliliyin genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

Nəşr edilib : 24.04.2024 15:19