AZ EN RU

Əbədiyaşar lider və dövlət maraqlarına xidmət edən miqrasiya siyasəti

Məlum olduğu kimi, XX əsrin 80-ci illərin sonu, 90-cı illərin əvvəli Azərbaycan xalqı üçün məşəqqətli, eyni zamanda taleyüklü sınaq dövrü kimi xarakterizə olunmaqdadır. Belə ki, 1988-ci ildən məkrli Ermənistanın əzəli torpaqlarımıza qarşı başlatdığı əsassız ərazi iddiaları və münaqişə ölkəmizdə vəziyyətin son dərəcə ağırlaşması ilə nəticələnmişdi. Tarixi və mürəkkəb ictimai-siyasi hadisələrin fonunda azadlığı yenicə dadan xalq artıq uçurumun yenidən bir addımlığında dayanmışdı. Bir tərəfdən müstəqilliyimizi sual altında qoyan real təhlükə sovuşdurulmalı, digər tərəfdən isə işğalçı ölkənin təcavüzündən xilas olmaqla ərazi bütövlüyümüz qorunub saxlanılmalı idi.

          Tarix dəfələrlə sübut edib ki, dövlət üçün onun müstəqilliyindən, vətəndaşa görə isə azadlığından üstün heç nə yoxdur. Şübhəsiz, 90-cı ilin əvvəlində ikinci dəfə əldə edilən müstəqillik əslində məğrur xalqımızın ötən əsrin əvvəllərində yaratdığı milli şüurun, oyanışın, o cümlədən azadlıq eşqinin bəhrəsi idi. Görkəmli dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təbirincə desək: “Xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması, onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir”. Mövzuya bu konteksdən yanaşaraq əminliklə deyə bilərik ki, Azərbaycanın müstəqil ölkə kimi qorunub saxlanılması, demokratik, hüquq və dünyəvi dövlət quruculuğu prosesində mütərəqqi uğurların əldə edilməsi məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Separatizm meyillərinin qarşısını qətiyyətlə alan Ümummilli Lider beləliklə, tarixin yenidən təkrarına-müstəqilliyin itirilməsinə yol vermədi, Azərbaycan dövlətinin varlığını qorumaqla şərəfli, eləcə də tarixi bir missiyaya imza atdı.

Cəmiyyətdə hökm sürən iqtisadi-siyasi təlatümlə paralel, bir milyondan artıq qaçqın və məcburi köçkünün sosial problemləri də ağır yük kimi gənc dövlətin üzərinə düşmüş, mahiyyət etibarilə ölkədə emiqrasiya prosesləri daha da sürətlənmişdi. Rəsmi statistik mənzərəyə əsasən, Azərbaycanda 1990-cı ildə qeydə alınmış emiqrasiya göstəricisi ölkə əhalisinin 19,4 faizini təşkil edirdi. BMT-nin beynəlxalq miqrantlara dair hesablamalarında isə qeyd olunur ki, bu qəbildən olan şəxslərin böyük əksəriyyəti üçün əsas təyinat ölkəsi məhz post-sovet respublikaları idi. Mövzunun aktuallığını və əhəmiyyətini nəzərə alan Ulu Öndər dövlət müstəqilliyinin ilk illərində digər sahələrlə yanaşı, miqrasiya proseslərinin idarə olunması və tənzimlənməsini də siyasətin əsas prioritetlərindən biri elan etdi.

          Müdrik siyasətçi Heydər Əliyevin uzaqgörənliyi həm də onda idi ki, müəyyənləşdirdiyi dövlət siyasəti Azərbaycan Respublikasının birbaşa gələcək inkişaf konsepsiyası və tərəqqisinə hesablanırdı. Azərbaycançılıq ideologiyası əsasında formalaşan xalq-lider tandemi müharibə bölgəsində atəşkəsə, ölkədə isə ümummilli böhrana son qoyaraq demokratik islahatlar yoluna keçirilməsinə nail olundu. “Miqrasiya təbii prosesdir, onun qarşısını almaq olmaz, almaq da lazım deyil və ümumən, pozitiv xarakter daşıyır. Dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir”, – deyən dahi öndər Heydər Əliyev miqrasiya sahəsində mövcud vəziyyətin və beynəlxalq təcrübənin öyrənilməsini, bu sahədə ölkə qanunvericiliyinin hazırlanması və təkmilləşdirilməsini daima diqqətdə saxlamış, konkret addımlar atılmışdır. Bununla yanaşı, vaxtilə müxtəlif səbəblərdən miqrasiya etmiş ölkə vətəndaşlarının hərtərəfli dövlət qayğısı ilə əhatə olunması, eləcə də onların üzləşdiyi bütün problemlərin həlli dövlət siyasətinin prioritet vəzifəsi elan edilmişdir. Qısa zaman ərzində sürətli sosial-iqtisadi inkişafın, təhlükəsizliyin və sabitliyin təmin olunması, neft və digər önəmli layihələrinin gerçəkləşməsi xarici investorların və əməkçi miqrantların ölkəmizə axınına səbəb olmuşdur. Siyasi prinsipiallığın və uğurlu neft strategiyasının məntiqi nəticəsi kimi 1994-cü ildə dünyanın nüfuzlu neft şirkətləri ilə “Əsrin müqaviləsi”nin imzalanmasından sonra ölkə iqtisadiyyatına qoyulan xarici investisiyaların həcminin artması, o cümlədən müxtəlif sahələri ehtiva edən çoxşaxəli infrastruktur və biznes layihələrinin həyata keçirilməsi əməkçi miqrantların ölkəyə axını prosesini daha da intensivləşdirdi. Bu istiqamətdə reallaşdırılan sistemli tədbirlərin nəticəsidir ki, respublikamızdan bir sıra inkişaf etmiş dövlətlərə emiqrasiya prosesi zəifləmiş, 2000-ci ildə 19,4 faizdən 17,4 faizə qədər enmişdir. Sonrakı illərdə bu statistik göstərici müvafiq olaraq 11,9 faiz və 10,9 faiz azalma tendensiyasının davam etdiyini nümayiş etdirir.

          Qeyd edilməlidir ki, hüquqi və demokratik dövlət, cəmiyyət quruculuğu prosesində miqrasiya sahəsinə daima xüsusi həssaslıqla yanaşılması ölkəmizdə bu proseslərin müstəqil dövlətimizin tərəqqisi naminə istiqamətləndirilməsinə münbit zəmin yaratdı. Bu sahədə diqqətdə saxlanılan mühüm məsələlərdən biri də miqrasiya proseslərinin tənzimlənməsi ilə məşğul olan bir sıra beynəlxalq təşkilatlarla əlaqə və əməkdaşlığın yüksək səviyyədə qurulmasıdır. Bu təşkilatlardan biri də çağdaş dövrümüzdə miqrasiya sahəsində kifayət qədər nüfuz sahibi olan Beynəlxalq Miqrasiya Təşkilatıdır. Belə ki, təşkilatla əmədakşlıq perspektivləri 2000-ci ildən daha da genişlənmiş, həmçinin Ulu Öndərin təşkilatın baş katibini qəbul etməsi, maraq doğuran mövzularla bağlı fikir mübadiləsi aparması gələcək qarşılıqlı əlaqələri daha da gücləndirmişdir. Təsadüfi deyil ki, əməkdaşlıq fəaliyyətinin səmərəli nəticəsi kimi 2001-ci ildən etibarən Azərbaycan Beynəlxalq Miqrasiya Təşkilatına üzv qəbul edilmişdir.

          Əminliklə demək olar ki, görkəmli dövlət xadiminin əsas siyasət prioritetlərindən birini də ölkəmizdə mövcud olan qaçqın və məcburi köçkün probleminin həlli təşkil edib. Sirr deyil ki, ötən əsrin 80-ci illərinin sonları, 90-cı illərinin əvvəllərində işğalçı Ermənistanın açıq formada ərazi iddiaları ilə çıxış etməsi, eləcə də davamlı təxribat və hərbi təcavüzü sayəsində yüz minlərlə soydaşımız doğma yurdlarından didərgin düşmüş, bir çoxları isə erməni faşizminin qurbanı olmuşdur. Nəticə etibarilə bir milyondan artıq soydaşımız doğulub boya-başa çatdığı əzəli torpaqlarımızdan qovularaq daxili miqrasiyaya məruz qalmışdır. Bu xüsusda, miqrasiya prosesləri Azərbaycan üçün heç də yeni bir məfhum hesab edilmir. Ermənistanın apardığı deportasiya, terror və soyqırımı siyasəti nəticəsində ölkəmiz həm də keçmiş SSRİ-də qaçqın və məcburi köçkün problemləri ilə üzləşən ilk respublika olmuşdur.

          Bu baxımdan qısa müddətdə qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı beynəlxalq təcrübəyə əsaslanan mükəmməl hüquqi baza formalaşdırılmış, habelə Ulu Öndər tərəfindən 20-dən artıq fərman və sərəncam imzalanmışdır. Əlavə olaraq, bu sahəni ehtiva edən “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Proqramı” təsdiq olunmuş, “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında”, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunları qəbul edilmiş, eyni zamanda “Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu” yaradılmışdır.

İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir”, – deyən xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 22 avqust 2001-ci ildə “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında” imzaladığı müvafiq Fərman isə mövcud çətinliyin həlli istiqamətində xüsusi əhəmiyyət kəsb etməkdədir. Belə ki, Fərmanda ötən iki əsri əhatə edən bir tərəfdən Türkmənçay və Gülüstan müqavilələrindən sonra ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi, digər tərəfdən isə XX əsrin sonlarında azərbaycanlıların öz dədə-baba torpaqlarından zorla çıxarılaraq qaçqın və köçkün vəziyyətinə salınması öz əksini tapıb.

Türk dünyasının məşhur alimi olan Əbu Turxanın müdrik bir kəlamı vardır: “Böyük adamların ömrü onların ideyalarının ömrü ilə ölçülür”. Şübhəsiz ki, ideya əbədi olanda şəxsiyyət də məhz əbədiyyətə qovuşur. Bu xüsusda ən önəmli nüanslardan biri də ideya sahibinin yarım arzularının əbədiyaşarlıq qazanması və reallığa çevrilməsidir. İnamla demək olar ki, fenomen şəxsiyyət Heydər Əliyev siyasətini bütün parametrlər üzrə böyük siyasi iradə, əzm və qətiyyətlə davam etdirən ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev çağdaş dövrümüzdə miqrasiya sahəsində dövlət siyasətinin inkişafına da böyük töhfə verməkdədir.

Təsadüfi deyil ki, qaçqın və məcburi köçkünlərlə bağlı mövcud problemlərin həlli, mövzuya xüsusi diqqət və həssas yanaşma ölkə başçısı tərəfindən sonrakı illərdə də ciddi nəzarətdə saxlanılıb. Belə ki, dövlət başçısı cənab İlham Əliyevin 2009-cu il 14 aprel tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı”nda digər sahələrlə yanaşı, miqrasiya proseslərinin tənzimlənməsi və idarə olunması, eləcə də müxtəlif səbəblərlə bağlı daxili miqrasiyanın fəsadlarının aradan qaldırılmasına geniş yer ayrılmışdır. Belə ki, ötən müddətdə ölkəmizin ayrı-ayrı şəhər və rayonlarında qaçqın və məcburi köçkün ailələri üçün 60-dan artıq yeni qəsəbə salınmış, 150-dən artıq təhsil, 50-yə yaxın səhiyyə, onlarla rabitə müəssisəsi, mədəniyyət ocaqları tikilərək istifadəyə verilib.

30 ilə yaxın bir müddətdə səbr və təmkinlə, habelə mahir idarəçilik strategiyası ilə addımlayan Azərbaycan Respublikası 2020-ci ildə torpaqlarımızın erməni işğalından azad edilməsi, beynəlxalq səviyyədə tanınmış sərhədlərimizin bərpası və məcburi köçkünlərimizin öz yurdlarına geri qayıtmaq hüquqlarının təmini baxımından haqq savaşına başladı. Dünya hərb tarixində minimum itki, maksimum nəticə prinsipinə əsaslanan və özlüyündə həm də milli qüruru ehtiva edərək Şanlı Qələbəmizi rəsmiləşdirən 44 günlük Vətən müharibəsi həm də 30 ilə yaxındır ölkədaxili məcburi miqrasiyanın əsas subyektini təşkil edən məcburi köçkünlərin doğma yurdlarına qayıtmasına da əlverişli zəmin yaratdı.

Etiraf etmək lazımdır ki, Böyük Qayıdışın ilk addımları hələ 2016-ci ilin aprel hadisələrində ordumuzun əldə etdiyi parlaq zəfərdən sonra atılmışdı. Cocuq Mərcanlıya qayıdış məhz sübut etdi ki, qaçqın və məcburi köçkün həyatını yaşayan bütün soydaşlarımız tezliklə əzəli və əbədi yurdumuz olan Qarabağa –  öz doğma yuvalarına geri qayıdacaqlar.

Məlum olduğu kimi, 2-ci Qarabağ savaşında qazanılan tarixi Qələbə bu prosesi daha da sürətləndirdi. Belə ki, qısa müddət ərzində işğaldan azad edilən torpaqlarda təhlükəsizliyin mütləq sürətdə təmin olunması, ərazilərin minalardan təmizlənməsi, vətəndaşların rahat və firavan yaşaması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib, cəmi bir ilə keçmiş məcburi köçkünləri doğma yurdlarına qovuşduran Zəfər yolunun tikintisi başa çatdırılıb. Dövlətimizin hərtərəfli və davamlı qayğısı ilə əhatə olunan cənnətməkan Qarabağ bu gün döyüş poliqonundan tikinti-quruculuq, abadlıq meydanına çevrilib və öz sakinlərini böyük coşqu ilə qarşılayır.

Sevindirici haldır ki, Azərbaycan xalqı şanlı tarixinin ən qürurverici günlərini yaşayır. Təhlükəsizliyin və ictimai-siyasi sabitliyin qarantı olan dövlətimiz işğaldan azad edilmiş Qarabağın, Şərqi Zəngəzurun bərpası, eyni zamanda “Böyük Qayıdış” Dövlət Proqramına uyğun olaraq, insanların dədə-baba yurdlarına qayıtması üçün qarşısına qoyduğu hədəflərə qısa müddətdə nail olmaqdadır. Bu mənada təsadüfi deyil ki, Böyük Qayıdış çərçivəsində artıq Zəngilan rayonunun Ağalı kəndinə və Tərtər rayonunun Talış kəndinə ümumilikdə 510 nəfərin köçürülüb, əlavə olaraq cari ilin sonuna kimi Laçın rayonunun Zabux və Sus kəndlərində 296 ailənin məskunlaşması nəzərdə tutulur.

Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilən bölgələrimizə çoxsaylı səfərləri, həmçinin genişmiqyaslı tikinti-bərpa işləri və yaradılan zəruri infrastrukturla şəxsən tanış olması isə artıq bir növ ənənə halını alıb. 2023-cü ilin mart ayında Tərtər rayonunun Talış kənd sakinləri ilə görüşü zamanı “Bu ailələr üçün bütün imkanlar yaradılıb. İndi hər kəs görə bilər nə gözəl evlər, məktəb, uşaq bağçası, ictimai binalar tikilib, məşğulluq üçün şərait yaradılıb. Biz qurub-yaradan xalqıq. Ermənistandan fərqli olaraq, biz öz ərazimizdə qurub-yaradırıq”, – deyən dövlət başçımız bir daha təsdiq etdi ki, qaçqın və məcburi köçkünlərlə bağlı sistemli tədbirlərin reallaşdırılması, miqrasiya proseslərinin tənzimlənməsi, o cümlədən daxili miqrasiyanın təzahürlərinin aradan qaldırılması və soydaşlarımızın əzəli torpaqlarımıza geri qayıtması dövlət siyasətinin mühüm istiqamətlərindədir.

İnamla deyə bilərik ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” hər bir soydaşımızın gələcəyə olan nikbin baxışını daha da artırıb, eləcə də doğma dədə-baba yurdlarımıza qayıdacağımızla bağlı inamı gücləndirib. Düşmən təcavüzünə son qoyulduqdan sonra vahid reallıq olan “Qarabağ Azərbaycandır!” həqiqəti bir daha sübut edir ki, ölkəsinin və xalqının taleyini öz taleyinə çevirən Lider çətin gündə də, xoş gündə də xalqın yanındadır. Qədirbilən Azərbaycan xalqı isə zamanında böyük strateq Heydər Əliyevin ətrafında necə yumruq kimi sıx birləşmişdisə, günümüzdə ölkə Prezidenti cənab İlham Əliyevə qarşı da yüksək etimad və həmrəylik nümayiş etdirməkdədir!

Arif BAYRAMOV

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin

mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi

Nəşr edilib : 05.05.2023 15:46