AZ EN RU

Əbədiyaşar Lider

Hər bir xalqın tarixdəki yeri və rolu uzaq və yaxın keçmişdə onun taleyinə həlledici təsir göstərmiş, ölkəsinin adını həm milli, həm də bəşər tarixinə şərəflə həkk etmiş, əsrlər boyu formalaşmış milli-mənəvi dəyərləri qorumaqla dövlətinin gələcəyini də uğurla müəyyənləşdirmiş dahi şəxsiyyətin fövqəladə missiyası ilə şərtlənir. Tanrının bəxş etdiyi belə seçilmiş şəxsiyyətlər zəkası, dühası və istedadı ilə dünyada tanınır. Bütün ömrünü doğma xalqının xoşbəxt gələcəyi uğrunda mübarizəyə həsr edirlər. Dövlətçilik təfəkkürü, siyasi dünyagörüşü, milli dəyərləri əsasında dövlət modeli yaradırlar. XX əsr tariximizin parlaq siması, böyük şəxsiyyəti olan zamanın dahisi Heydər Əliyevin siyasi portreti də Azərbaycan xalqının dövlətçilik təfəkkürünün, tarixin sınağından şərəflə çıxmış müdrik idarəçilik məktəbinin canlı təcəssümüdür. Tarixşünaslıq ulu öndər Heydər Əliyev şəxsiyyətini öyrəndikcə, əslində, müstəqil Azərbaycan dövlətinin tarixi keçmişini, bugününü, ölkəmizdə həyata keçirilən dövlət quruculuğu prosesini öyrənir.  Məşhur amerikalı siyasi xadim və politoloq Zbiqnev Bjezinski demişdi: "Heydər Əliyev siyasi cəhətdən möhkəm, məntiqli, zəkalı, istədiyini tez çatdıran şəxsiyyət – bir sözlə, şəksiz liderdir". Bəli, Azərbaycan xalqının şəksiz lideri onu addım-addım irəliyə aparıb qələbələrə çatdırdı. Dahi  lider haqqında Böyük Britaniyanın sabiq Baş naziri Toni Bleyer yazırdı: “Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər…”

Xeyirxahlıq və alicənablıq, inam və etibar, təmkin və səmimiyyət, zəka, diqqət və başqa cəhətlər ulu öndər Heydər Əliyevin fərdi keyfiyyətləri idi. Dahi lider böyük siyasət üçün yaranan, təkcə bir ölkə miqyasında yox, dünya əhəmiyyətli məsələlərin həllində qətiyyətli sözünü deyə bilən nadir siyasətçi idi. Onun bu sahədəki fitri istedadı və fövqəladə qabiliyyəti, hadisələrin və tarixin gedişini öncədən görmək məharəti siyasət aləminə qədəm qoyduğu ilk günlərdən özünü büruzə vermişdi.

Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan xalqının suverenlik arzusunu tarixi reallığa çevirmiş, böyük qurbanlar bahasına əldə olunmuş müstəqilliyi zamanın çətin sınaqlarından çıxararaq qoruyub saxlamışdır. Azərbaycan xalqı öz böyük oğlunu yalnız siyasi lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının şəriksiz müəllifi kimi qəbul edir. Çünki ulu öndər Heydər Əliyev siyasi kursundan kənarda müstəqil Azərbaycan dövlətçiliyi yoxdur. Dahi şəxsiyyət Azərbaycanda hamının eyni dərəcədə inandığı bir ideologiyanın müəllifidir. O, bütün vətəndaşların hüquqlarını qoruya bilən bir dövlətin əsasını qoydu və yalnız hüququn aliliyinə əsaslanan idarəetmə sistemi yaratdı. Ümummilli liderimizin gərgin səyləri ölkədə sabitliyin yaradılmasına və normal siyasi münasibətlər sisteminin formalaşmasına gətirib çıxardı ki, bu da ümumilikdə dövlətin siyasi əsaslarının möhkəmləndirilməsinə səbəb oldu.

Ümummilli lider bir şəxsiyyət kimi zamanın yaddaşında bir də ona görə əbədilik qazanıb ki, tükənməz istedadını, zəngin təcrübəsini azad və müstəqil dövlət qurmağa sərf edib və hər şeydən əvvəl, xalqın xilaskarı olub. Ulu öndər deyirdi ki, reallığı düzgün qiymətləndirən, keçmiş təcrübədən yaradıcılıqla istifadə edən, sosial-siyasi və iqtisadi problemlərin bütün spektrini, mürəkkəbliyini nəzərə alan, qəbul olunan qərarların mümkün nəticəsini irəlicədən görməyə imkan verən siyasi xətt hökmən uğur qazanmalıdır. Belə siyasət cəmiyyətin sabitliyinə, irəliyə doğru hərəkətinə və tərəqqisinə xidmət edir.

Ümummilli liderin siyasəti milli maraqlar üzərində qurulmuşdu. Zamanın dahisi tariximizi tarixçidən, incəsənəti sənətşünasdan, iqtisadiyyatı iqtisadçıdan yaxşı bilirdi. Onun mülahizələri problemlərə dərindən bələdlik, hadisələrin məğzinə, səbəb-nəticə əlaqələrinə nüfuz etmək xüsusiyyəti ilə seçilirdi. Azərbaycanın daxili siyasətini istiqamətləndirən, xarici siyasətini beynəlxalq hüquq normalarına uyğun, məqsədyönlü və tarazlaşdırılmış şəkildə aparan qətiyyətli dövlət xadimi çox hallarda ən tanınmış siyasətçiləri belə təəccübləndirirdi.

Dünya siyasətçiləri, beynəlxalq ictimaiyyət və xalqımız bu dahi insanı vətən və dövlət qarşısında gördüyü böyük işlərə, dünyada təhlükəsizliyin qorunmasına, düzgün və davamlı inkişafa çalışdığına, siyasi və ictimai fəaliyyətinə görə yüksək dəyərləndirmişdir. Bu səbəbdəndir ki, dünyanın ən görkəmli siyasi xadimləri, dövlət rəhbərləri, tanınmış elm və mədəniyyət nümayəndələri dahi lider Heydər Əliyev şəxsiyyətini yüksək qiymətləndirmişdir.

Fransa Respublikasının sabiq Prezidenti Jak Şirak deyirdi: “Bu qeyri-adi şəxsiyyət Azərbaycanı çiçəklənmə yoluna gətirib çıxarmışdır. Müxtəlif görüşlərimiz zamanı, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr apararkən, münaqişənin sülh yolu ilə həllində onun cəsarətini, müdrikliyini və qətiyyətini yüksək qiymətləndirdim”. Amerika Birləşmiş Ştatlarının sabiq Prezidenti Corc Buş isə yazırdı: “Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur. Eyni zamanda onun mövqeyi və göstərdiyi səylər Azərbaycanın iqtisadi inkişafını möhkəmləndirən böyük həcmli xarici sərmayələrin cəlb olunmasında əsas rol oynamışdır. Bu nailiyyətlər milyonlarla azərbaycanlının həyatını yaxşılaşdırmış və Azərbaycanın iyirmi birinci əsrə müasir dövlət kimi daxil olmasına imkan yaratmışdır”.  

Dahi şəxsiyyət Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinin obyektiv təhlili göstərir ki, o, başqalarından fərqli olaraq qeyri-adi zəkaya, böyük enerjiyə, islahatçı  və yüksək analitik təfəkkürə, yenilməz iradəyə malik siyasətçi idi. Ona görə də bir sıra hallarda ulu öndər Heydər Əliyevi “siyasət nəhəngi”, “siyasət qrosmeysteri” kimi xarakterizə edirlər.

Həyatımızın elə bir sahəsi yoxdur ki, orada ümummilli liderimizin izi olmasın. Bugünkü Azərbaycanın sürətli inkişafının təməl daşları da məhz qüdrətli rəhbərin qüdrətli əlləri ilə hörülüb. Müstəqil Azərbaycan dövləti ulu öndərin şah əsəridir. Ümummilli liderimiz bir azərbaycanlı, vətəndaş və rəhbər kimi yeganə amalının varlığı qədər sevdiyi Azərbaycan xalqına, dövlətinə, ölkənin iqtisadi-siyasi, mənəvi inkişafına xidmət etməkdən ibarət olduğunu söyləyirdi.

Zamanın dahisinin bizə ərməğan etdiyi zəngin irsi bu gün də, sabah da öyrənilməli, onun əsas mahiyyəti dərk edilməlidir. Bu zəngin irs müstəqil Azərbaycan dövlətinin sütunudur. Məhz bu qüdrətli sütunlar üzərində ucalan müasir Azərbaycan güclü ola bilib. İndiyədək əldə etdiyimiz bütün bu möhtəşəm nailiyyətlərin təməlində dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanın nəinki bugünkü, hətta bir neçə əsr bundan sonrakı inkişafını da təmin etməyə qadir olan siyasi kursu, milli konsepsiyaları dayanır.

Bu gün ölkəmiz bu siyasətin uğurlarını hiss edir, onunla yaşayır və ondan  faydalanır. Ulu öndərimizin layiqli siyasi varisi cənab İlham Əliyevin rəhbərliyi ilə bu siyasəti yaşayır və uğurla davam etdirilir.  Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını daha da artırmışdır. Ulu öndər Heydər Əliyev siyasətinin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini aydın görən xalqımız bu siyasəti yüksək dəyərləndirib və onun ətrafında daha sıx birləşiblər.

Əbədiyaşar Liderin ən böyük arzusu tarixi torpaqlarımızın işğaldan azad edilməsi, bütün ömrü boyu sədaqətlə xidmət etdiyi doğma Azərbaycanımızın ərazi bütövlüyünün bərpası idi. Ümummilli Lider illər öncə böyük uzaqgörənliklə deyirdi: "Qarabağ məsələsini həll edəcəyik. Zaman lazımdır, vaxt lazımdır. Azərbaycan torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır. Nəyin bahasına olur-olsun”.

Bəli, belə də oldu. Tarixi zaman baxımından çox qısa dövr keçdi. Ulu Öndərimizin böyük arzusunun – işğal altındakı torpaqlarımızın azad olunmasının bir ili tamam oldu artıq. Həmin vaxt 17 ildən sonra yetişdi. Dahi şəxsiyyətin bu arzusunu, vəsiyyətini onun layiqli siyasi varisi, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı, qüdrətli sərkərdə İlham Əliyevin rəhbərliyi və müdrikliyi ilə rəşadətli Azərbaycan Ordusu yerinə yetirdi. İldən-ilə güc toplayan Azərbaycan, onun rəşadətli Ordusu düşməni torpaqlarımızdan qovub çıxardı, üçrəngli bayrağımız yenidən Vətən torpaqlarında, Qarabağın döyünən ürəyi olan Şuşada qürurla dalğalanmağa başladı. Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. Beləliklə, düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında iflasa uğradı, Ermənistan ordusu darmadağın edildi və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı.

Bəli, bu gün hər bir Azərbaycan vətəndaşı çox yaxşı bilir ki, bu uğurlara  Ölkə Prezidentinin vaxtilə dediyi “...Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərək mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm” fikirlərinə sadiqliyin nəticəsində nail olundu.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Cənab Vasif Talıbovun dediyi “Xilasımız və inkişafımız ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ötən hər ili göz önünə gətirəndə bir daha əmin oluruq ki, ölkəmizdə Heydər Əliyev siyasi kursunun alternativi yoxdur. Bu kurs, bu yol Azərbaycanda sosial-iqtisadi inkişafın yeni tələblər baxımından təmin olunmasının yeganə düzgün yoludur. Bu yol ölkəmizin bu gününün, sabahının və gələcəyinin yoludur” fikirləri bir daha bizdə əminlik yaratdı ki, nə qədər ki Azərbaycan var, ulu öndərin adı, əməlləri və siyasi kursu yaşayacaq, Azərbaycanın inkişafına yeni-yeni çalarlar bəxş edəcəkdir.

Bəli, illər, qərinələr ötəcək. Dünyaya yeni nəsillər gələcək. Zamanın dahisi Heydər Əliyev ideyalarının sönməz şəfəqlərindən hər nəslə pay düşəcək.

 Arzu ABDULLAYEV

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika

Təşkilatının İdarə Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru

Nəşr edilib : 10.05.2022 10:30