AZ EN RU

“Düzünü deyin, düzünü yazın”

    Ulu Öndər Heydər Əlİyеv: Azərbaycanın böyük tarixi var. Bu böyük tarixə nəzər salsaq, görərik ki, heç vaxt Azərbaycanda söz bu qədər azad olmayıbdır, fikir bu qədər azad olmayıbdır, mətbuat bu qədər azad olmayıbdır.

    Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev jurnalistlərlə görüşlərində həmişə “düzünü deyin, düzünü yazın” öyüdünü təkrarlayırdı. O ən kəskin, ən tənqidi mətbu yazılara təmkin və səbirlə yanaşırdı. Barışmadığı, rədd etdiyi yeganə hal bədniyyət, böhtan və dezinformasiya idi. O öz həyat hekayəsində tam obyektiv olmağa çalışıb. Ona görə də belə bir dahi şəxsiyyətin həyatında Günəş kimi doğmaq və heç zaman qürub etməmək baş verib.  Belə fenomenal şəxsiyyətin, prinsipial siyasətçinin həyatında dostları ilə bərabər Onu təqib edənlər, yıxmağa çalışanlar, qaragüruh adamlar da az deyildi. Heydər Əliyev salnaməsində bütün bu cür adamlar nəinki var idi, hətta bolluca idi. Komanda üzvlərinin dönüklüyü, xəyanətkarlığı, tənələr, təqiblər, böhtanlara baxmayaraq, siyasi yüksəliş, yüksək əzm və iradə göstərmək, sadəcə, Heydər Əlirza oğlu Əliyev zirvəsinə xas və müyəssər oldu. 
    Jurnalistika elə sahədir ki, tənqidlə məşğul olur, nöqsanları aşkar edir, onların aradan qaldırılması üçün çalışır, hadisələrə operativ yanaşır. Jurnalistlər çalışırlar ki, araşdırma edib bütün həqiqətləri cəmiyyətə çatdıra bilələr. Bəzən fakt eşidilir, yazılır və bir az da fikir əlavə olunur. Amma faktı araşdıranda, onu təhlil edəndə, informatorlarla görüşəndə anlayırsan ki, bəzən məsələ sənin fikir bildirdiyin kimi deyil, fərqli imiş.
    Etiraf etmək lazımdır ki, jurnalistika çətin sahədir. Jurnalistin məkanı yoxdur. Harada qaynar xəbər varsa, jurnalist orada. Harada cəmiyyətə çatdırılmalı lazımi informasiya varsa, jurnalist orada. Bir sözlə, harada yeni xəbər, yeni söz varsa, jurnalist orada. 
    Ulu Öndər Heydər Əliyev 2002-ci ildə “Jurnalistlərin dostu” mükafatına layiq görülərkən öz çıxışında bildirirdi: “...Ona görə jurnalistlər cəmiyyətlə daha yaxın olsalar, cəmiyyətdə də jurnalistləri sevsələr, onlara hörmət etsələr, onların işlərinin, fəaliyyətlərinin həyata keçirilməsinə yardım etsələr, bunda cəmiyyət də udacaqdır, jurnalistlər də”. Onu da qeyd edək ki, Ulu Öndər Heydər Əliyev dünya siyasətçiləri arasında bu mükafatı almış ilk dövlət başçısıdır.
    Azərbaycanda media islahatlarının “yol xəritəsi” kimi dəyərləndirilən “Media haqqında” Qanun bir daha göstərir ki, informasiya mühitinin sağlamlaşdırılması və rəqabət qabiliyyətinin artırılması, yerli medianın inkişafına təkan verilməsi, habelə jurnalistika peşəsinin nüfuzunun yüksəldilməsi və ölkəmizin informasiya məkanının təhlükəsizliyinin təmin edilməsinə hər zaman şərait yaradılıb. Həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar, KİV-lərə birdəfəlik yardımların göstərilməsi, milli mətbuatımızın yubileylərinin geniş qeyd olunması, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri də mətbuata göstərilən qayğının tərkib hissəsidir. 
    2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi hər bir jurnalist üçün də mötəbər hadisə oldu. Demokratik ruhlu rəhbər olan Ulu Öndər Heydər Əliyev mətbuata müsahibələrində cəmiyyətin bu və digər nöqsanlarını açıq qeyd edirdi. Hələ 1981-ci ildə “Literaturnaya qazeta”da dərc olunmuş məşhur “Qoy ədalət zəfər çalsın!” sərlövhəli müsahibəsində görkəmli dövlət xadimi Heydər Əliyev sovet cəmiyyətinin nöqsanlarını, qlobal problemlərini açıb göstərirdi. Sonrakı dönəmlərdə mətbuat sahəsində atılan davamlı addımlar təsdiqləyir ki, Azərbaycanın artan iqtisadi imkanları mətbuatın inkişafı yolundakı çətinliklərin aradan qaldırılmasına, onun aktual problemlərinin həllinə şərait yaradıb. 
    Heydər Əliyev idarəçilik məktəbinin davamçısı olan Prezident cənab İlham Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycanda mətbuata dövlət qayğısının miqyası daha da genişləndirildi. İndi ölkəmizdə istənilən şəxs özünə mətbuat orqanı yarada bilər. Azərbaycanda söz və məlumat azadlığının təmin olunması, medianın inkişaf etdirilməsi istiqamətində görülən işlər misilsizdir. Ölkədə azad medianın, insan hüquq və azadlıqlarının müdafiəsi demokratik mexanizmlərin mövcudluğunun əsas şərtlərindən biri kimi qəbul edilir. Məhz bunun göstəricisidir ki, cənab İlham Əliyev üç dəfə “Jurnalistlərin dostu” mükafatına layiq görülüb. O, yeganə liderdir ki, Qarabağ Zəfərində həm hərb, həm siyasi, həm də informasiya işini aparırdı. Qəhrəman hərbçilər lal qayalara dırmanıb Şuşanı azad edərkən jurnalistlər həqiqəti əks etdirən foto və yazılarla, cənab Prezident isə siyasi arenada düşmən və dünya ilə üzbəüz dayanmışdı. O, yeganə liderdir ki, gərgin iş qrafikində 35-dən çox dünya mediasının 50-yə yaxın sualına dörd saatdan artıq vaxt ayıraraq 4 dildə cavablandırdı. O, yeganə liderdir ki, 2021-ci il fevralın 26-da yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirdi və Azərbaycan həqiqətlərini dünyaya çatdırdı. Cənab Prezident müsahibəsində vurğuladı: “…Siz indi dağılmış yerlərə səfər etdiniz, baxdınız. Bir müddət sonra siz o yerləri bərpa edilən yerlər kimi görəcəksiniz”. Bəli, belə də oldu. Vandal əlindən geriyə alınmış torpaqlarımızda artıq həyat öz axarı ilə davam edir, şəhərlər salınır, məktəblər tikilir, yollar çəkilir, yerli və xarici qonaqlar qarşılanır, həqiqət olduğu kimi onlara göstərilir. Biz jurnalistlərin üzərinə düşənsə həqiqətə ayna kimi işıq tutmaq, dahi lider Heydər Əliyevin dediyi kimi: “Düzünü demək, düzünü yazmaqdır”.

Fariz ƏHMƏDOV
 

Nəşr edilib : 07.01.2024 21:44