AZ EN RU

Duzdağ Radio-Televiziya Ötürücü Stansiyasının yeni binasında işlər başa çatmaq üzrədir

Muxtar respublikanın teleradio yayımı sahəsində mühüm layihələr həyata keçirilir, nəticədə yayım keyfiyyəti daha da yüksəldilir.  Duzdağ Radio-Televiziya Ötürücü Stansiyasının yeni binasının qurulması da bu sahədə görülən tədbirlərdən biridir.

Naxçıvan Muxtar Respublikası “Radio-Televiziya Ötürücü Mərkəzi” publik hüquqi şəxsin böyük mühəndisi Elşən Fətullayev “Şərq qapısı” qəzetinə müsahibəsində bildirdi ki, Duzdağ Radio-Televiziya Ötürücü Stansiyası üçün müasir dövrün tələblərinə uyğun ikimərtəbəli texniki binanın (anbar, dizel və transformator yarımstansiyası) tikinti quraşdırma işləri yekunlaşmaq üzrədir. Artıq Sovet dövründən qalan birmərtəbəli texniki bina və digər yardımçı binaların söküntü işləri başa çatıb. 2020-ci ilin avqust ayında tikintisinə başlanan ikimərtəbəli yeni texniki binanın birinci mərtəbəsində mətbəx, anbar, texniki otaqlar və mühafizə otağı mövcuddur. İkinci mərtəbədə isə televiziya və radio vericilərinin otağı, UPS, requlyator otaqları, mobil operatorların texniki otaqları eləcə də digər transmissiya və optik şəbəkə vasitələrinin otaqları yerləşir.

Köhnə texniki bina 1960-cı illərin  sonunda  istismara  verilib.   Qeyd olunan köhnə binadan Ötürücü Mərkəzə aid radio-televiziya qurğuları və optik transmissiya avadanlıqlarının eləcə də digər texniki vasitələrin, DVB-T standartlı TV avadanlıqlarının və  FM diapazonunda yayımlanan radio proqram verilişlərin yayım avadanlıqlarının köçürülməsi prosesi RTÖM tərəfindən həyata keçirilir. Demontaj işləri zamanı  televiziya verici, peyk ötürücü və qəbul antenaları, siqnal transport şəbəkələri, anten fider sistemləri, kodlama və mulitpleksləşmə avadanlıqları digər texniki vasitələrin köçürülməsi Radio-Televiziya Ötürücü Mərkəzi tərəfindən radio-televiziya yayım vasitələrinin texniki istismar qaydalarına uyğun yerinə yetirilir.

Elşən Fətullayev onu da bildirdi ki, “Azərconnect”, “Azercell”, “Naxtel” Məhdud Məsuliyyətli cəmiyyətləri kimi mobil GSM operatorların, Rabitə və Yeni Texnologiyalar Nazirliyinə məxsus telekommunikasiya avadanlıqlarının yuxarıda qeyd olunan binadan demontaj olunaraq, yeni texniki binaya daşınması, quraşdırılması və yenidən tənzimlənməsi işləri aparılır. Köçürmə ilə əlaqədar radio-televiziya yayımında, eləcə də mobil operatorlarda kəsintilər baş verə bilər. Görülən işlər qısa müddətdə tamamlandıqdan sonra fəaliyyət tam şəkildə bərpa ediləcəkdir.

Güntac ŞAHMƏMMƏDLİ

Nəşr edilib : 20.02.2023 16:01