AZ EN RU

Duzdağ Fizioterapiya Mərkəzi postkovid sindromlu xəstələrin müalicəsində əsas reabilitasiya mənbəyi hesab olunur

    Naxçıvan Dövlət Universitetində “Tibbin aktual problemləri: postkovid sindromun spleoterapiyası” adlı elmi-praktik konfrans keçirilib. Konfransı giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev muxtar respublikada bir neçə dəfə olmuş, tibb təlimlərində iştirak etmiş tanınmış alimlər Lalə Allahverdiyeva və Təranə Tağızadənin tibbi araşdırmalarını elmə böyük töhfə kimi qiymətləndirib. 
    Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov bildirib ki, səhiyyə turizmi dövlət büdcəsinin formalaşmasında böyük rol oynayır və bu sahədə əsas obyektlərdən olan Duzdağ Fizioterapiya Mərkəzi, Darıdağ Arsenli Su Müalicə və İstirahət Kompleksi və bir sıra müalicəvi bulaqlar muxtar respublikanın vizit kartı hesab oluna bilər.
    “Duzdağ Fizioterapiya Mərkəzində postkovid sindromunun reabilitasiya müalicəsi” mövzusunda çıxış edən Azərbaycan Tibb Universitetinin Allerqologiya və immunologiya kafedrasının müdiri, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, Əməkdar həkim, tibb elmləri doktoru, professor Lalə Allahverdiyeva COVID-19 pandemiyasından sonra xəstələrdə postkovid sindromunun müşahidəsi halları və bu xəstələrin Duzdağ Fizioterapiya Mərkəzində reabilitasiyasının müsbət nəticələri barədə məlumat verib. Məruzəçi qeyd edib ki, müalicə kurslarının sonunda xəstələrin əksəriyyətində əhvalın yaxşılaşması, laborator müayinələrin nəticələrində və psixoemosional vəziyyətdə pozitiv dəyişikliklər müşahidə edilib.
    Azərbaycan Tibb Universitetinin II uşaq xəstəlikləri kafedrasının dosenti, Azərbaycan Pediatrlar Assosiasiyasının prezidenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağızadə “Azərbaycanda tibbi bio­etikanın tarixi və inkişafı” mövzulu məruzəsində tibbi təhsil sistemində bio­etikanın tədrisi, təcrübə və perspektivləri barədə çıxış edib. Bioetika, normativ etika və deontologiya anlayışlarının elmi izahını verən məruzəçi insanlığın müasir dünyada yaşaması üçün potensial təhlükələr ilə əlaqəli olan etik problemləri göstərib.
    Konfransda Naxçıvan Dövlət Universitetinin professor-müəllim heyətinin üzvlərindən Mətləb İbrahimov, Elmar Rzayev, Gültəkin Əliyeva, Nüsrət Həsənov, Etibar Bababəyli və digərləri tibb elmində əldə etdikləri yenilikləri iştirakçıların diqqətinə çatdırıblar. 
    Naxçıvan Dövlət Universitetinin “tədqiqatçı universitet” statusuna iddialı olduğunu vurğulayan rektor Elbrus İsayev bu sahədə tədqiqatçı alimlərin dünya təcrübəsinə əsaslanan araşdırmalarının mühüm rol oynadığını, tibb təhsilində davamlı inkişafın zəruri olduğunu qeyd edib. Konfransda tibb sahəsində gələcək perspektiv inkişaf istiqamətləri, elm sahəsində yeniliklər, yeni yanaşmalar və yeni elmi faktlar təqdim olunub.

Naxçıvan Dövlət Universitetinin 
Televiziya, mətbuat və ictimaiyyətlə 
əlaqələr bölməsi

Nəşr edilib : 06.10.2022 20:22