AZ EN RU

Düylünün düyün düşən su problemi

    Azərbaycanın dilbər guşələrindən olan Ordubadda yerli əhalinin əksər hissəsi susuzluqdan əziyyət çəkir. Rayonun bir neçə kəndində bu problem olsa da, Düylün kəndi ən acınacaqlı vəziyyətdədir. Artıq kənd camaatı nə edəcəyini, hara müraciət edəcəyini və kimdən imdad umacağını belə unudub. Qəzetimizə ünvanlanan məktublardan sonra Düylün kəndinə yollandıq. Yol kənarlarında qurumuş ağacları, su daşıyan uşaqları gördükdə artıq məsələnin hansı vəziyyətdə olduğuna dair bizdə ilkin təəssürat yarandı.
    Düylün kəndi hər zaman Ordubad rayonunda qəhrəman kənd kimi ad qazanıb. Həmçinin kənd camaatının təsərrüfatı sevməsi, işləməkdən yorulmaması bu obaya ayrıca gözəllik qatır. Di gəl ki, son illər kənddə su qıtlığının olması sanki insanların da əl-ayağını işdən soyudub. Bunu işlər aparılmalı olan ərazilərə də baxıb görmək mümkündür. Sakinlərin deməsinə görə, bu kənddə su qıtlığı həmişə olub. Ancaq bu il, necə deyərlər, iş əndazədən çıxıb. Səbəbsə, məlum deyil. Əvvəllər yalnız içməli su problemi var idisə, indi kəndin ərazisindən keçən çaylar belə quruyub. 
    Kənd ağsaqqalı Cəlil Hüseynov deyir ki, son 25 ildə bu problem var. Dəfələrlə icra hakimiyyətinə və muxtar respublika rəhbərliyinə müraciət etsək də, nəticə olmayıb. Sadəcə, gəlib, baxıb, gediblər. Son 3-4 ilədək su problemini birtəhər yola vermək olurdu. Lakin indi vəziyyət dözülməzdir. Əvvəllər su nasosları var idi, indi yoxdur. Hamısı ya sökülüb satılıb, ya da ki, harasa aparılıb. İnsanlar burada susuzluqdan əziyyət çəkir. Təsərrüfatımız məhv olub. Əkin sahələrini artıq nə vaxt əkmişik, özümüz də unutmuşuq. Halbuki Düylün kəndi öz təsərrüfatı ilə ad qazanmışdı. Burada üzümçülük sahələri geniş ərazini əhatə edirdi. İndi baxın, bir dənə olsun belə üzüm kolu yoxdur. Kəndlilər onlara ayrılmış pay torpaqlarında əkdikləri qarğıdalıları suvara bilmədikləri üçün demək olar ki, bütün sahələr yanıb. Təbii ki, belə olduğu halda, kənd camaatı kəndi tərk edir, heç kim qalmır.
    Digər kənd sakini Vüqar Əliyev isə əlavə edir ki, bu kənd hər zaman qəhrəman oğulları ilə tanınıb. İkinci Qarabağ müharibəsində kəndimizin 5 oğlu şəhid olub, 19 qazimiz var. Eyni zamanda kənddə Qarabağ müharibəsi veteranları da yaşayır. Heç olmasa onlara hörmət etmək lazımdır. İndi kənddə cavan adam tapmaq olmur, hamı bu şəraitdən sonra buraları tərk edib. Halbuki Birinci Qarabağ müharibəsi dövründə kəndin könüllü dəstələri əlinə silah alıb müharibəyə gedirdi. İndi bizlər yaşımızın çox olmasına baxmayaraq, yenə də Vətənimiz, torpağımız üçün əlimizə silah götürüb vuruşmağa, canımızdan keçməyə hazırıq. Ancaq bizə qiymət verilmir. Bu kənd uzun illərdir, bu problemlə mübarizə aparır, hər yana səsimizi çatdırırıq, amma bizim məsələni həll edən tapılmır. 
    Həm içməli, həm də təsərrüfat suyundan əziyyət çəkən Düylün kənd sakinləri hər ay mütəmadi olaraq su ödənişlərini edirlər. Hətta onların bəziləri öz hesablarına belə su quyuları vurdurmaq istəyirlər. Lakin nədənsə çay kənarında qurmaq istədikləri quyulara icazə verilmir. 
    Zahir Eyvazov söhbət zamanı deyir: “Axırıncı dəfə ötən ilin iyul ayında su görmüşük. Yay aylarında suyu iki saatdan bir verirlər. İndi hansı dövrdə yaşayırıq? Halbuki hər ay ödənişləri edirik, bu kənddə heç bir evin su borcu belə yoxdur. Ölkəmiz hər bir gücə malikdir. Odur ki, xahiş edirik, bizə köməklik göstərilsin. Biz nə vaxtadək bu problemlə üz-üzə qalacağıq? Hara müraciət ediriksə, xeyri olmur. İndiyədək burada 12-13 icra nümayəndəsi görmüşəm, hamısı da deyib ki, qısa vaxtda həll olunacaq. Amma dəyişən heç nə olmayıb. Təsərrüfatlarımız bərbad gündədir, heç nə əkib-becərə bilmirik. Əlacsızlıqdan quru sahələrə əkin əkirik ki, bəlkə, orada bir toxum cücərə”.
    Əslində, Düylün kənd ərazisində su nasoslarının istifadəsi üçün şərait də var. Kəndin ərazisi üç böyük göllə əhatələnib və göllərin heç birində su yoxdur. Lakin digər kəndlərdə olduğu kimi, yaxın çaylardan bu göllərə su vurmaq mümkündür. 
    Kənd sakini Elsevər Əliyev deyir ki, bunun üçün kənd camaatı da işçi kimi işləməyə hazırdır, təki kəndimizə su çəkilsin. Kənd sakinləri aidiyyəti qurumların məsələyə biganə yanaşmasından da narahatdır: “Düylün kəndində 249 təsərrüfat var. Kənddə qeydiyyatda olan 827 sakindən 717 nəfəri hazırda kənddə yaşayır. Kəndin ərazisi 1900 hektara yaxındır ki, bunun da 335 hektarı suvarılan sahədir. Susuzluqdan əkinəyararlı olan 235 hektardan cəmi 48 hektar torpaq sahəsi əkilib. Vaxtilə burada 150 hektardan çox üzüm bağları olub, indi isə cəmi 3 hektar qalıb. Susuzluğun törətdiyi fəsadlar nəticəsində 230 baş iribuynuzlu mal-qaradan cəmi 100 baş, 2000 baş xırdabuynuzlu heyvandan isə cəmi 750 baş qalıb. Bunların hamısı kəndlinin əməyinin boşa getdiyinin göstəricisidir. Kəndin ərazisində 3 göl var, ancaq hamısı boşdur. Biz istəyirik ki, bu məsələdə kənd camaatına köməklik göstərilsin, kəndli öz el-obasını tərk etməsin. Belə davam edərsə, 2-3 ilə kənddə heç kim qalmayacaq. Bir daha sizlərin vasitəsilə, bizlərə köməklik göstərilməsini xahiş edirik”.
    Ordubad Rayon İcra Hakimiyyətinin Düylün kənd icra nümayəndəsi Araz Fərəcov isə açıqlamasında artıq bu barədə aidiyyəti orqanlara müraciət edildiyini vurğuladı: “Kəndin su təchizatının yaxşılaşdırılması məqsədilə rayon icra hakimiyyətinə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə müraciət olunub”. “Bəs müraciətlərə nə cavab verilib?” sualına isə icra nümayəndəsi “Qısa vaxtda bu məsələlər öz həllini tapacaq”, – deyə cavab verildiyini söylədi.
    Uzun illərdir, davam edən bu problemin qısa vaxt kəsiyində həll olunacağı bir qədər inandırıcı görünmür. Çünki 25 ildir, gözdən kənarda qalan bir kəndin probleminə yalnız bu cür cavab vermək olardı. İnanırıq ki, hər zaman səbirlə hərəkət edən Düylün kənd sakinləri bu təmkinlərini qoruyub, bir az da səbir edəcəklər...

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 17.01.2023 19:24