AZ EN RU

Duyğulardan misralara...

Əbdüləli müəllimlə tanışlığım bir neçə ilə dayanır. O təkcə iti qələmi olan şair kimi yox, həm də öz şagirdlərinin qəlbində taxt quran məsuliyyətli və cəfakeş müəllim kimi tanınır. Şagirdlərinin sevimlisi olan Əbdüləli Mirzəyevi ilk dəfə qızımın haqqında tez-tez söhbət açdığı əziz müəllimi kimi tanımışam. Bu təcrübəli Azərbaycan dili və ədəbiyyat müəlliminin şagirdlərinə qarşı həssaslığına qızımın timsalında şahidi olmuşam. Amma o təkcə həssas müəllim deyil, həm də həssas insandır. Bu həssaslığı müəllifi olduğu “Gözün aydın, Azərbaycan!” adlı kitabında əks olunan şeirləri oxuduqca daha dərindən hiss edirsən. Kitabda ilk olaraq “Onu tələbəlik illərindən tanıyıram” cümləsilə başlayan ön söz diqqət çəkir. Qeyri-ixtiyari “ön söz”ün müəllifinin kim olduğunu öyrənmək üçün xatirələr dolu bu yazını vərəqlədikdə sonda dəyərli ədəbiyyatçı Ramiz Qasımovun adını görürük. Sən demə, Naxçıvanın iki tanınmış ziyalısı Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin tələbəsi olublar. Elə ilk tanışlıqları da həmin universitetdən başlayıb. Neçə-neçə ədəbiyyatsevər yetişdirən iki dəyərli insanın uğurlarının təməl daşı da elə bu universitetdə qoyulub.

Ön sözü bir nəfəsə oxuduqdan sonra kitabdakı şeirlərə nəzər salıram. Hər bir şeirdə Vətən məhəbbəti, el-obaya bağlılıq hissləri, şəhidlərə ehtiram dolu duyğular təcəssüm olunur. “Şəhidliyin mübarək!” adlı şeirlə şair şəhidlərə böyük minnətdarlıq hissini tərənnüm edir. “Azərbaycan deyəndə”, “Gözün aydın Azərbaycan!”, “Qələbə ətirli günün var olsun!”, “Zəfər günün mübarək!” adlı şeirləri oxuduqca Vətənin şad gününə sevinən və qəlbində çoşub-daşan bu sevinci qələmilə ifadə edən şairinin Vətən məhəbbəti poetik nümunələrin hər misrasında duyulur.

Kitabın “Məhəbbət olan yerdə” adlı fəslində hiss olunur ki, bütün şairlər kimi Əbdüləli Mirzəyevə də ilham verən sevgidir, məhəbbətdir. Bu böyük qüvvə yaradıcı insanların qələmini hərəkətə gətirdiyi kimi Əbdüləli Mirzəyevin də qələmindən yan keçməyib. “Mən səni düşünəndə”, “Səni görmək üçün”, “Yaradıb” adlı şeirlər şairin incə ruhundan, nəcib qələmindən, sevgi dolu qəlbindən xəbər verir. Onun ürəyində dünyaya olan böyük sevgi isə elə kitabda əks olunan “Dünya gözəl dünyadır” adlı fəslində ifadə edilib. Öz torpağına, doğma yurduna qəlbən bağlı olan Əbdüləli Mirzəyevin Vətən sevgisi “Mənim doğma Naxçıvanım!” başlıqlı şeirlə öz təsdiqini bir daha tapır.

Əbdüləli müəllimin həssas qəlbinin dərinliyindən xəbər verən duyğular toplusu “Gözün aydın Azərbaycan!” adlı kitabın işıq üzü görməsi münasibətilə Əbdüləli Mirzəyevi təbrik edir və Vətənə, şəhidə, doğma yurda, el-obaya bəslənən sevgi xəzinəsinin nümunəsi olan bu kitaba geniş oxucu kütləsi arzulayırıq!

Gülcamal TAHİROVA

Nəşr edilib : 13.03.2024 15:36