AZ EN RU

Düşərgə iştirakçıları: “Yay düşərgəsi diaspor işində ən vacib məqamlardan olan təcrübə, məlumat mübadilə imkanları yaratmaq baxımından mühümdür”

    Muxtar respublikanın tarix-mədəniyyət abidələri ilə tanışlıq çərçivəsində düşərgə iştirakçılarından bir neçəsi təəssüratlarını “Şərq qapısı” qəzetinin oxucuları ilə bölüşüblər:

    Yusif Məmmədov – Polşa Azərbaycanlıları Şurasının icraçı direktoru: – Əslən Füzuli rayonundanam, orada dünyaya göz açmışam, orta təhsilimi bitirdikdən sonra Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olmuşam. İtaliyada magistr təhsili almışam. Daha sonra Polşada yaşamağa başlamışam, iş imkanları əldə etmişəm. Orada Polşa Azərbaycanlıları Şurası diaspor təşkilatı ilə tanış olmuşam. Fəaliyyətimə həmin təşkilatda başlamışam və bir ilə yaxındır ki, şuranın icraçı direktoruyam. Polşa Azərbaycanlıları Şurası hazırda aktiv, bütün Avropada tanınan diaspor təşkilatlarından biridir. Artıq şuranın 1000-dən çox üzvü vardır. Biz ən son Novruz bayramı ilə əlaqədar tədbir təşkil etdikdə oraya könüllü şəkildə 250-300 üzvümüz gəlmişdi. Xocalı soyqırımı ilə bağlı aksiyalara 300-500 nəfər sayla qatılmağa çalışırıq. Bu da, təbii ki, yer sayının məhdudluğu ilə əlaqədardır. Hazırda bizim bir layihəmiz vardır, hansı ki biz Polşada yaşayan azərbaycanlı gənc­ləri maarifləndirərək daha yaxşı yerlərə aparmaq istəyirik. Belə ki, biz artıq ötən ilin noyabr ayından indiyədək 170 azərbaycanlını müxtəlif banklarda işə düzəltmişik. Onlar tələbə idi, işlə bağlı məlumatları yox idi. Biz onları könüllü müəllimlərimizin köməkliyi ilə təmənnasız olaraq Varşavadakı Azərbaycan evində 3 ay boyunca hazırlaşdırdıq. Hazırda onlar dünyanın ən tanınmış banklarında aparıcı vəzifələrdə çalışırlar, yaxşı məvaciblər alırlar. Hələlik ən yaxşı nailiyyətlərimizdən biri budur. Bizim əsas məqsədimiz gəncləri maarifləndirmək, bizi yaxşı təmsil etmək üçün yüksək vəzifələrdə olmasına köməklik göstərməkdir. Bu il Diaspor Gənclərinin IV Yay Düşərgəsinin təşkil olunacağı ilə bağlı məlumat öyrəndim. Açığı, yerin Naxçıvan olması marağımı çox çəkdi, çünki ilk dəfə idi ki, buraya gələcəkdim və çox istəyirdim ki, ölkəmiz üçün önəmli olan bu diyarda olum. Bu düşərgəyə qatılmaq üçün 500 gənc müraciət etmişdi, çox şadam ki, onlar arasından mən də seçildim. Havanın isti olmasına baxmayaraq, tarixi yerləri gəzmək, xüsusilə də təamların dadına baxmaq çox yaxşı hisslər yaşadır. Burada qovurma yedim, çox bəyəndim. Düşərgədə iştirakımız gələcək diaspor fəaliyyətimizdə çox faydalı olacaq. Mən artıq bu sayədə Çində yaşayan azərbaycanlı tanıyıram, oradan nəsə məlumat lazım olsa ala bilərəm, çünki dost olduq. Bunun üçün bu düşərgə olduqca uğurludur. Misal üçün, Yaponiyada yaşayan bir azərbaycanlının Polşada yaşayan dostu olacaq. Bir diaspor nümayəndəsi üçün bundan gözəl nə ola bilər ki?! Ümumiyyətlə, yay düşərgəsi diaspor işində ən vacib məqamlardan biri olan qarşılıqlı təcrübə, məlumat mübadiləsi imkanları yaratmaq baxımından mühümdür. Düşərgənin davamlı olmasını istəyirəm.

    Mona Savojifar – Finlandiyada yaşayan azərbaycanlı şagird: – Finlandiyada 12-ci sinifdə oxuyuram, yəni axırıncı məktəb ilimdir. Çoxlu imtahanlarım olduğu üçün əvvəlcə düşərgəyə qatılmaqla bağlı tərəddüd etdim, lakin bu fürsəti qaçıra bilməzdim. Özüm haqqında onu deyə bilərəm ki, anam gəncəlidir, atam isə əslən Naxçıvandandır. Qardaşımın təhsili ilə bağlı Finlandiyaya köçmüşdük, 13 ildir, orada yaşayırıq. Burada olduğum qısa zamanda özümü evimdəki kimi hiss etdim. Birinci dəfədir ki, ata yurdumda oluram, inanılmaz hisslər keçirirəm. Mənim üçün çox mühüm amildir ki, məmləkətimizi dərindən tanıyaq, tanıdaq. Yurdunu tanımaq özünü tanımaq deməkdir. Mən Ümummilli Lider Heydər Əliyevin bu barədə kəlamlarını, hikmətli sözlərini çox oxumuşam, təsirlənmişəm, dahi şəxsiyyətin sözündə çox böyük həqiqət vardır. Bəli, biz öz mədəniyyətimizi göstərəndə, ona hörməti göstərmiş oluruq. Düzünü deyim ki, Finlandiyada Azərbaycana qarşı fikirlər əksdir, mədəniyyətimizi, tariximizi tanımırlar. Məktəbdə bizdə mədəniyyət günü olur. Mən hər zaman çalışırdım ki, həmin gündə Azərbaycanın mənəvi irsini təbliğ edəm, “Sarı gəlin” rəqsini də orada ifa etmişəm, milli mətbəximizin nümunəsi sayılan paxlavanı tanıtmışam. Bir faktı da deyim. Ordumuzun parlaq Qələbəsi ilə bitən 44 günlük müharibədən sonra Finlandiyanın mərkəzi qəzeti bizim haqqımızda əks təbliğat aparırdı. Mən də buna dözə bilmirdim. Əsəbləşdim, zəng vurdum qəzet redaksiyasına. Dedim mənim 15 yaşım var, çünki bilirəm ki, Finlandiyada gənclərin fikirlərinə mühüm önəm verilir. Dedim ki, siz yazdığınız məlumatlar tamamilə yanlışdır, niyə bir dəfə Xocalı faciəsi haqqında bir məqalə vermirsiz sualım qarşısında heç bir müsbət cavab, reaksiya alammadım. Mən də jurnalist axtarışına düşdüm və bir mətbuat işçisi tapdım. “Zoom” proqramı vasitəsilə Xocalı soyqırımı haqqında həqiqətləri onunla bölüşdüm və bir məqalə ərsəyə gətirib faciənin ildönümündə həmin mərkəzi qəzetdə yayımladıq. Bundan sonra orada yaşayan ermənilər mənə təzyiq göstərməyə başladılar, yaşımın az olmasına baxmayaraq, onlardan qətiyyən qorxmadım. Əksinə, Vətənim naminə kiçik bir yaxşılıq edə bildiyim üçün çox qürurlandım.

    Nəsrin Kavakva – Azərbaycanın Bolqarıstandakı səfirliyinin əməkdaşı: – Bolqarıstandan gəlmişəm, 2019-cu ildən oradakı Azərbaycan səfirliyində çalışıram. Düşərgə keçiriləcəyi barədə Bolqar diasporundan öyrəndim. Səfirlikdən də Naxçıvanda Diaspor Gənclərinin IV Yay Düşərgəsinin təşkil olunacağını bildirdilər. Hələ səfirlikdə çalışdığım vaxtdan Azərbaycanı görmək marağında olan biri kimi, mən böyük məmnuniyyətlə bu düşərgədə iştirak etmək istəyimi bildirdim. Çox sevinirəm ki, razılıq verildi. Bilirəm ki, Naxçıvan Azərbaycan üçün olduqca önəmli yerdir. Buna görə Naxçıvana gəlişimdən çox şad oldum. Havanın isti olmasına baxmayaraq tarixi yerlər insanı özünə çəkir, yorulmursan. Düşərgənin ilk günü maraqlı açılış tədbiri keçirildi, rəngarəng konsert proqramı oldu, xalq, bəstəkar mahnılarını sevə-sevə dinlədik, məşhur yallı rəqsini oynadıq. Ümumiyyətlə, təşkilatçılıq çox yüksək səviyyədədir, təhlükəsizlik tədbirlərinə ciddi yanaşılıb. İnanmıram ki, hansısa turist burada gəzsə, ekskursiya etsə, nədənsə qorxa, çəkinə bilər.
    Qeyd edək ki, Diaspor Gənclərinin IV Yay Düşərgəsinin ilk gününün sonunda “Secret friend” oyunun təqdimatı olub, iştirakçılar Azərbaycanın dəyərli tarixi kino incilərindən sayılan “Babək” filminə baxıblar.

Nail ƏSGƏROV

 

Nəşr edilib : 13.08.2023 00:01