AZ EN RU

Düşərgə iştirakçıları: “Naxçıvanda bütün suallarımıza cavab tapa bilirik”

    Məryəm Əkbərova – Pənahəli xanın İspaniyada yaşayan varisi:–  İspaniyada doğulub boya çatmışam, 21 yaşım var. Hazırda Madriddə CEDEU Universitet Araşdırmaları və Beynəlxalq Münasibətlər Mərkəzində, Hüquq fakültəsində təhsil alıram. Və əlavə olaraq Kataloniyada Beynəlxalq əlaqələr ixtisasında oxuyuram, III kursa keçirəm. İspaniyada yaşasaq da, evimizdə, ətrafımızda hər zaman Azərbaycan mədəniyyətini, Azərbaycançılığı qoruyub saxlamışıq. Evdə doğma dilimizdə danışırıq, ona görə mən indi sizinlə Azərbaycan dilində sərbəst danışa bilirəm. Bizim nəslimiz Şuşa xanı Pənahəli xanın nəslindəndir. Mənim atam, babalarım bu haqda bizə deyiblər. Evimizdə o dövrə aid şəkillər, sənədlər var. Bizim ailəmizin arzusu Şuşanın, digər torpaqlarımızın işğaldan azad edilməsi və onları görmək idi. Şuşa azad olunduqdan sonra valideynlərim, qardaşım Şuşaya səfər ediblər. Onlar Pənahəli xanın imarətini, onun inşa etdirdiyi Şahbulaq qalasını ziyarət ediblər. Oradan çox böyük təəssüratla qayıtmışdılar, Şuşadakı məsciddə namaz qılmışdılar. Mən də Şuşanı çox görmək istəyirəm. 
    İlk dəfədir, Naxçıvandayam. Keçən il qardaşım Şuşada keçirilən düşərgədə iştirak etmişdi. Çox bəyəndiyinə görə məni də təşviq etdi. Burada vaxtımız əyləncəli keçir. Muzeyləri, tarixi abidələri ziyarət edirik, intellektual oyunlar oynayır, tarixi filmlərimizə baxırıq. Yeni məlumatlar öyrənirik, başqa ölkələrdən gənclərlə ünsiyyət qururuq. Düşünürəm ki, buradakı iştirakımız gələcəkdə xaricdə yaşayan bir çox azərbaycanlı ilə əlaqələr qurmaq, ölkəmizi xaricdə təqdim etmək, mədəniyyətimizi, dilimizi təbliğ etmək baxımından daha faydalı olacaq. 

    Dilbər Nəcəfova – Şərq Dilləri və Mədəniyyətləri İnstitutunun (INALCO) tələbəsi: – Fransaya 6 il olar ki, köçmüşük. Paris şəhərində isə təhsilimlə əlaqədar 2 ildir, yaşayıram. Şərq Dilləri və Mədəniyyətləri İnstitutunda (INALCO) təhsil alıram. Parisdə keçirilən “Türk Dünyası Günləri”ndə, eləcə də ölkəmizlə bağlı digər tədbirlərdə fəal iştirak edirəm. Azərbaycanı tanıtmaq üçün milli rəqslər edirəm, rəqs dərsləri, fransızlar üçün Azərbaycan dili dərsləri, eyni zamanda orada yaşayan azərbaycanlılar üçün fransız dili dərsləri verirəm. Vətənimizi əlimdən gələn qədər təqdim etməyə çalışıram. 
      Düşərgəyə gəlişim Fransa-Azərbaycan Dialoqu Assosiasiyası vasitəsilə oldu. Mənim üçün də maraqlıdır ki, burada daha çox məlumat əldə edim və orada ölkəmizi daha yaxşı tanıda bilim. Müzakirələr zamanı çox şey öyrənirəm, panelçilərin dedikləri ilə bağlı qeydlər aparıram. Burada bizi maraqlandıran suallara cavab tapa bilirik. Fransada tarix müəlliminə söz vermişəm ki, ora qayıdandan sonra öyrəndiklərim haqqında məqalə hazırlayacağam. Eyni zamanda gəzdiyimiz yerlərdən çəkdiyim videoları fransız dili öyrətdiyim bir sosial şəbəkə hesabımda paylaşacağam. Bununla ölkəmizi, eləcə də Naxçıvanı daha geniş areala tanıda biləcəyəm. Burada xoş gün keçirməyimizə vəsilə olan təşkilatçılara təşəkkürümü bildirirəm.

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 15.08.2023 11:10