AZ EN RU

Dünyaya örnək olacaq yol və yol mədəniyyəti…

    Hər bir xalqın mədəniyyəti yoldan başlayır. Yol mədəniyyət, həyat, iqtisadiyyatdır. Yolların abad, səliqəli, rahat, geniş olması təkcə nəqliyyat daşımaları üçün mühüm əhəmiyyət kəsb etmir, həmçinin ölkənin qüdrətindən, iqtisadi gücündən xəbər verir. 
     Azərbaycan Avropa və Asiyanı birləşdirən nəqliyyat marşrutlarının kəsişdiyi əlverişli strateji mövqedə yerləşir. Bu amil ölkəmizin tranzit əhəmiyyətini xeyli artırır. Respublikada görülən yol inşaat işlərinin miqyasının ölçüyəgəlməz dərəcədə geniş olmasında bu faktorun da yeri var. Son illər aparılan quruculuq işlərinin bir hissəsi olaraq bölgələrdə kənd və qəsəbə yolları təmir edilir, yeni istiqamətdə nəqliyyat qovşaqları yaradılır. 
     Nəqliyyat infrastrukturunun inkişafı dövlətimizin daim diqqət mərkəzindədir. Artıq bir neçə ildir ki, ölkəmizin avtomobil yolları şəbəkəsinin saxlanılması, təmiri, yenidən qurulması və tikintisi layihələri hazır­lanıb. O da faktdır ki, yol tikintisinin  keyfiyyətli görülməsi işlərində inşaat və yol işləri texnikasının tətbiqindən çox şey asılıdır. Bu istiqamətdə işlər Naxçıvan Muxtar Respublikasında da əhəmiyyətli dərəcədə nəzərə çarpır. 
    Artıq dördüncü ilə keçir ki, Naxçıvan Dövlət Universitetində təhsil alıram. Bir jurnalist-tələbə kimi bu illər ərzində etdiyim müşahidələrə görə Naxçıvanın yolları heç ölkəmizin paytaxtı Bakı şəhərinin və regionda sayılıb-seçilən ölkələrin yollarından geri qalmır. Keyfiyyətlə aparılan yol inşaat işləri göz oxşayır. Hətta Naxçıvan Dövlət Universitetində təhsil alan əcnəbi tələbələrlə həmsöhbət olduğumuz zaman onların bəziləri öz ölkələrində bu qədər təmiz, rahat və abad yolların olmadığını etiraf edirlər. Onu da xatırlatmaq yerinə düşər ki, təkcə Naxçıvan şəhərinin deyil, muxtar respublikanın digər şəhərləri və rayon mərkəzlərinin də yol infrastrukturu göz oxşayır. Hətta ən ucqar dağ kəndlərinə belə çəkilən asfalt yollar ilin istənilən fəslində bura ilə əlaqəni davamlı olaraq saxlayır. Yəni qışın qarında, yazın leysanlarında, payızın yağmurlarında yollarda hərəkət intensiv olur. 
    Naxçıvan şəhərinin abad, rahat və təhlükəsiz, şüşətək hamar yollarından istifadə – yol mədəniyyəti isə ayrı bir mövzudur. Deyirlər ki, təkcə Naxçıvan şəhərində 100 minə qədər əhali yaşayır və hər gün 10 mindən artıq adam bu şəhərə daxil olur və çıxır. Təbii ki, son vaxtlar güclənən iqtisadiyyat insanların yaşayışına, maddi vəziyyətinə də müsbət təsir edib. Nəticədə, vətəndaşların şəxsi avtomobil almaq imkanı genişlənib. Bu da yollarda avtomobillərin sayını artırıb. Amma Naxçıvan şəhərinin rahat və yol hərəkəti qaydalarına ciddi riayət edilən yollarında bu nəqliyyat sıxlığı o qədər də hiss olunmur. Çünki qeyd etdiyimiz kimi, piyadalar və sürücülərin nizam-intizamına müvafiq qurumlar tərəfindən mütəmadi nəzarət edilir. Şəhərin rahat yollarında sürət həddinə, qaydalara uyğun riayət edilməsi artıq Naxçıvanda xüsusi sürücü mədəniyyəti formalaşdırıb. Bu isə təkcə yerli sakinlərin deyil, həmçinin şəhərə qonaq gələn əcnəbilərin də diqqətini çəkir. Bir sözlə, səliqəli, tıxacsız Naxçıvan yolları göz oxşayır. Ən əsası isə odur ki, Naxçıvanda sürücülərin və piyadaların yol hərəkəti qaydalarına ciddi riayət etməsi nəticəsində bu şəhərdə qəzalar, tıxaclar müşahidə edilmir. Piyada zolaqlarından keçən zaman sürücülərin insanlara yol verməsi, piyadaların isə yolu haradan gəldi deyil, nəzakətli şəkildə piyada keçidlərindən istifadə etməsi yol mədəniyyətinə ən gözəl nümunədir. 
    Məncə, artıq təkcə ölkəmizin yol və nəqliyyat problemi yaşayan iri şəhərləri deyil, hətta bəzi ölkələrin də bu mədəniyyəti məhz Naxçıvandan öyrənməsinə ehtiyacı var! 

Səbinə ƏLİYEVA 
Naxçıvan Dövlət Universitetinin Jurnalistika fakültəsinin 
IV kurs tələbəsi

Nəşr edilib : 12.08.2022 20:01