AZ EN RU

Dünyaya açılan pəncərə

Sosial həqiqətin obyektiv və subyektiv hadisəsi kimi meydana gələn kitab dünya mədəniyyətinin yaranmasında və inkişafında misilsiz rol oynamaqla bərabər, bəşəriyyətin mədəni yüksəlişində yeni və yüksək pillədir. Kitabın insanın ictimai-siyasi və mənəvi keyfiyyətlərinin yaranmasında, formalaşmasında və inkişafında həlledici rolu tarixin bütün dövrlərində özünü göstərib. Böyük zaman daxilində təhsilin, elmin, biliyin, məlumatın, maarif və mədəniyyətin, texniki tərəqqinin inkişafı ilə əlaqədar olaraq kitaba ehtiyac gündən-günə artıb. Bu, kitabın cəmiyyətdə yerinə yetirdiyi bir sıra zəruri funksiyalarla əlaqədardır. Nəticədə, kitab çox sürətlə inkişaf edib, bəşəriyyətin tərəqqipərvər və sadə adamlarını, şair və yazıçılarını, alim və mütəfəkkirlərini, dövlət başçılarını düşündürüb, bir sözlə, cəmiyyətin, bütün insanların diqqətini özünə cəlb edib. Bilik xəzinəsinin qapılarını üzümüzə açan kitabların insanların mənəvi inkişafında, onların şəxsiyyət kimi formalaşmasında, dünyagörüşünün zənginləşməsində necə mühüm rol oynadığını hamımız yaxşı bilir, lakin, təəssüf ki, çoxumuz bundan yararlanmağı bacarmırıq. Buna görə də mütaliə mövzusu vaxtaşırı olaraq televiziya və radioda, mətbuatda əsas müzakirə predmetinə çevrilir. Kimisi gənc nəslin mütaliəyə marağının azlığından, kimisi Azərbaycan dilində lazımi ədəbiyyatların olmamasından gileylənir, kimisi də əksinə - mütaliəyə maraq göstərənlərin sayının getdikcə artdığını düşünür. Bu müzakirələrdə hər kəsin özünəməxsus cavabları və yanaşma tərzi olur. Elə mənim də...
Bəli, bu gün kitab oxumaq bəzi insanların maraqlı məşğuliyyəti olsa da, kitaba münasibət hər halda dəyişib. O mənada ki ölkədə kitab oxuyanların sayı keçmişlə müqayisədə xeyli azalıb. Məsələyə təkcə Azərbaycan miqyasında deyil, qlobal müstəvidə yanaşdıqda məlum olur ki, kitaba olan tələbat bütün dünyada aşağı düşüb. Bunun bir sıra obyektiv səbəbləri var. Bəzən fikirlər səslənir ki, bəşəriyyətdə yeni analoji imkanların meydana gəlməsi, kompüter, telefon və sair kimi texnologiyaların böyük sürətlə inkişafı istər-istəməz kitablara olan diqqəti ikinci plana keçirir. Artıq insanlarda yeni maraqlar, yeni axtarışlar formalaşmağa başlayır. Bəs kitab nə üçündür, onun mahiyyətini, faydasını və vacibliyini dərk edirikmi? 
Kitab bəşər həyatında qalacaq miras, inkişaf yaradıcı və ziyalandıran vasitədir. Kitab elm və mərifət dünyasına açılan qapıdır. Mütəxəssislərin fikrincə, mütaliə insanı kamilləşdirir, onun nitq qabiliyyətini inkişaf etdirir. Mütaliə insanı bəd əməllərdən saxlayır və onu yaxın-uzaq keçmişlərə aparır. Elə kitablar var ki insan həyatında mühüm rol oynayır. Kimi həmin kitablardakı qəhrəmanların müsbət keyfiyyətlərini mənimsəyərək, kimi də oradan öyrəndiklərini həyatda tətbiq edərək yaşayışını qurur. Yaxşı kitab aqil insanın həyatına həmişə işıq salan vasitə olub. Almaniyalı professor Fişerin sözlərinə görə, “İnsan düşündükcə beyin tutumu, düşünmə imkanları və qabiliyyəti inkişaf edir. Beyin işlədikcə inkişaf edən, istifadə edilmədikdə isə ən sürətlə kütləşən insan orqanıdır. Bu kütləşməni aradan qaldırmaq üçün bir həftə zehni məşğələ etmək lazımdır”.
Bu fikirdən çıxan nəticə aydındır: kitab oxumaq insan psixologiyasına və səhhətinə də müsbət təsir göstərir. Kitab oxumağın orqanizmə faydasını araşdıran britaniyalı alimlər də maraqlı nəticələr əldə ediblər. Onların qənaətinə görə, cəmi 6 dəqiqə kitab oxumaq insanda stresin səviyyəsini üç dəfə azaldır. Başqa üsullarla müqayisədə kitab oxumaq insanı daha tez sakitləşdirir və yüngülləşdirir.
Belə olan təqdirdə sual ortaya çıxır: niyə kitab oxumuruq? Bəlkə, həqiqətən də, kitabın faydası barədə bizə məsləhət verən olmayıb?! Bəzən belə fikirlər səslənir ki, indiki gənclər kitab oxumur! Bu sahədə olan araşdırmamız göstərdi ki, reallıq tam əksinədir, yəni oxucuların böyük əksəriyyəti elə gənclərdir.
İngilis yazıçısı Frensis Bekon deyir: “Kitablar zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir”. Bəli, unutmayaq ki, milli ruhu, mənəvi dəyərləri, tarixi, mədəniyyəti, dövlətçiliyi qorumaq, onları yaşatmaq və gələcək nəslə çatdırmaqda kitabların rolu danılmazdır. Çünki kitablar, xalqın ulu keçmişini özündə yaşadan və gələcək nəslə çatdıran faktdır, sübutdur.

Gülcamal TAHİROVA

Nəşr edilib : 08.05.2024 10:06