AZ EN RU

Dünyanın o başından - Avstraliyadan Vətənə sevgiylə

Fikrət Əliyev

İT üzrə mütəxəssis, qrafik dizayner
Avstraliya, Melburn

    Əziz həmvətənlərim, mən Hind okeanının sahillərindən, Avstraliyanın Melburn şəhərindən sizləri salamlayıram. Naxçıvan şəhərində anadan olmuşam. Təhsilimi və hərbi xidmətimi tamamladıqdan sonra “Kanal 35” televiziyasında qrafik dizayner olaraq işləmişəm. Ailə qurduqdan sonra həyat yoldaşımla birgə dünyanın ən gözəl şəhərlərindən birində ali təhsil almağa qərar verdik. İnternetdə axtarış edərkən öyrəndik ki, Avstraliyanın Melburn şəhəri hava şəraitinə, tibbi xidmətlərə, təhsil sistemlərinə, maddi rifah səviyyəsinə, mədəni çeşidliliyə və digər bir çox faktora görə dünyanın ən gözəl şəhərlərindən biri kimi seçilib. Bu məlumat bizim üçün çox cəlbedici idi və bu şansı qaçırmamağa qərar verdik. Buna görə də Melburna gedib təhsil almağı özümüzə hədəf olaraq seçdik. Əlbəttə, bu proses asan olmadı, amma çox çalışaraq hədəfimizə çatdıq.

    Bizim, əgər belə demək mümkündürsə, Avstraliya macəramız 8 il əvvəl bu şəkildə başladı. Əlbəttə ki, Vətəndən uzaqda, tanımadığımız insanlar və bələd olmadığımız mühitdə yaşamaq və bura adaptasiya olmaq o qədər də tez və asan başa gəlmədi. Xüsusilə də avstraliyalıların özünәxas bir ingilis dilindәn istifadә etdiklәrini gördük. Onlar sözlәri qısaldır, tez vә bәzәn anlaşılmaz danışırlar. Əlbəttə, zamanla biz də bunlara alışdıq. Hər macəranın öz çətinlikləri var, demək olar. Amma qarşımıza qoyduğumuz məqsədə çatmaq üçün hər ikimiz öz üzərimizdə çalışdıq və istəklərimizi reallaşdıra bildik. Hazırda isə Melburn şəhərində yaşayırıq və iki övladımız var. Burada  informasiya və kommunikasiya texnologiyaları sahəsində mütəxəssis kimi fəaliyyət göstərirəm.
    Başqa bir ölkədə yaşamağın əsas məsələlərindən biri də öz ölkəni təmsil etməyi bacarmaqdan ibarətdir. Eyni zamanda Vətənini təbliğ etməyi bacarmaq da bura daxildir. Burada yaşayan həmvətənlərimizin fəaliyyət göstərdiyi Azərbaycan diasporu ilə birgə ölkəmizin zəngin tarixi, ənənələri və mövcud mədəniyyətini Avstraliyadakı dostlarımız və tanışlarımıza tanıtmaq imkanına nail oluruq. Bu, Azərbaycanın mədəni mirasının dünyada daha da yayılmasına və tanınmasına kömək edir.
    Bizim ölkəmiz müstəqil və inkişaf etmiş bir dövlətdir. Bizim ölkəmizin həmrəylik günü bizim üçün çox mühüm bir gündür. Bu gün bizim ölkəmizin tarixində böyük bir dönüş nöqtəsidir. Biz bu günü sevinc və qürurla qeyd edirik. Avstraliyada yaşayan azərbaycanlılar olaraq ölkəmizin mədəni mirasını bura gətirib buradakı insanlara tanıtmağa çalışırıq. Ölkəmizin dostluq və sülhsevərliyini, tolerant və çoxkonfessiyalı dövlət olmasını bütün dünyaya göstərmək istəyirik.
    Xüsusilə Vətən müharibəsi və ondan sonrakı müddətdə igidliklə, qəhrəmanlıqla döyüşüb torpaqlarımızı qorumuş və azad etmiş şanlı şəhidlərimizin ruhuna ehtiramımızı bildiririk. Onların igidliyi sayəsində biz bu gün müstəqil və azad yaşayırıq, bu gün bizim Vətənimiz bütöv və azaddır. Vətənin azadlığı uğrunda canından keçmiş şəhidlərimizə Allahdan rəhmət, onların ailələrinə isə səbir diləyirik.
    Hamınız bilirsiniz ki, Avstraliya Azərbaycan üçün çox uzaq bir ölkədir. Mədəniyyəti də kifayət qədər fərqlidir. Bütün bunlara baxmayaraq, biz öz dilimizi, mədəniyyətimizi və ǝnənələrimizi unutmamağa çalışırıq. Eləcə də övladlarımıza da bunları öyrǝdirik. Çünki gələcəkdə onlar ölkəmizin burada təmsilçiləri olacaqlar. Mənsub olduqları xalqın dilini, mədəniyyətini, tarixini yaxşı bilməlidirlər ki, onu lazımi səviyyədə təmsil etməyi və qorumağı da öyrənsinlər. Hər nə qədər doğulduğumuz torpaqdan, qohumlarımızdan uzaqda yaşasaq da, biz bunu ən ümdə vəzifələrimizdən birinə çevirmişik. 
    Azərbaycan Respublikasının Həmrəylik Günü münasibətilə biz də dünyada yaşayan digər həmvətənlərimiz kimi mənsub olduğum xalqımızla həmrəyliyimizi bildirməkdən qürur duyuruq. Boya-başa çatdığım gözəl Naxçıvanımızın sakinlərinə, bütün Azərbaycan xalqına və bizim kimi dünyanın müxtəlif bölgələrində yaşayan bütün həmvətənlərimizə sevinc, səadət və uğurlar diləyirəm. Bu əlamətdar gün, Azərbaycan xalqının müstəqil dövlət kimi yaşadığı, nailiyyətlərə sürətlə nail olduğu bir qələbə günüdür. Varlığımızın, birliyimizin, eyni məqsəd, eyni amal uğrunda çalışmağımızın, bütöv və güclü Azərbaycan üçün hər şeyə hazır olduğumuzun, həmrəy olduğumuzun bütün dünyaya bəyan edildiyi gündür bu gün. Biz birlikdə daha da güclü olacağıq. Azad, müstəqil və daim inkişaf edən Azərbaycan uğrunda çalışaq!
    Bu məqsədlər uğrunda birlikdə daha da böyük uğurlara çatmağı, Azərbaycanın adını daha da yüksəltməyə nail olmağı, Azərbaycanımızın daha da inkişaf etməsini və xalqımızın həmişə rifah içində yaşamasını arzulayıram.

Nəşr edilib : 08.12.2023 19:08