AZ EN RU

Dünyanın gözü yenidən Azərbaycanda: Bakı ənənəvi enerji seqmentlərini “yaşıl gələcək”lə qovuşdurur

İyunun 4-də Bakıda dünyanın enerji siyasətinin gələcək perspektivlərinin müzakirə olunduğu Bakı Enerji Həftəsi öz işinə başlayıb. İlk dəfə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə keçirilən və hər il təşkil olunan bu beynəlxalq platforma həm də özündə üç mötəbər tədbiri birləşdirir. Bunlar  29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil&Gas”, 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 29-cu Bakı Enerji Forumudur.

Ötən illərin təcrübəsi onu göstərir ki, Bakı Enerji Həftəsinə dünyada böyük maraq var. Çünki bu tədbir  dünyanın enerji sənayesi liderlərini, xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinin başçılarını, eyni zamanda bir çox ölkələrin energetika, sənaye və ticarət üzrə nazirlərini və digər yüksək rütbəli qonaqları bir araya gətirir. Reqlamentə görə Bakı Enerji Həftəsində 37 ölkədən 300-dək şirkət iştirak edir. Tədbirdə Azərbaycanla yanaşı, ABŞ, Almaniya, Avstraliya, Avstriya, Belarus, Belçika, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Çin, Əlcəzair, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, İraq, İsrail, İsveç, İtaliya, Latviya, Qazaxıstan, Qətər, Macarıstan, Monako, Niderland, Norveç, Özbəkistan, Rumıniya, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı, Sloveniya, Türkiyə, Ukrayna və Yaponiya iştirak edir. Bu ölkələr arasında İsveç, Hindistan və Sloveniyadan olan şirkətlər ilk dəfə tədbirə qatılırlar. Həmçinin bu ilki sərginin tərkibi iştirakçıların ümumi sayının 15 faizini təşkil edən yeni şirkətlər hesabına yenilənib. Onların əksəriyyəti Azərbaycanın “yaşıl enerji” sahəsinə yüksək maraq göstərən xarici iştirakçılardır.

Digər tərəfdən, bu dəfəki tədbir bir sıra əhəmiyyətli hadisələrlə əlamətdardır. Belə ki, bu il Azərbaycanın müasir neft strategiyasının əsasını qoymuş “Əsrin müqaviləsi”nin imzalanmasının 30 ili tamam olur. Eyni zamanda Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil&Gas” sərgisinin təsis edilməsindən 30 il ötür. Təsadüfi deyil ki, Ümummilli Lider Heydər Əliyevin hərtərəfli dəstəyi ilə 1994-cü ildən başlayaraq Azərbaycanın neft-qaz sənayesində ilk ixtisaslaşdırılmış sərginin keçirilməsi  bu gün artıq dünyanın neft, qaz və energetika sahəsində aparıcı şirkətlərinin nümayəndələrinin görüş yerinə çevrilib. Sərginin müasir və gələcək dövr üçün daha böyük əhəmiyyəti ondadır ki, burada “yaşıl enerji”nin gələcək istiqamətləri üzrə konseptlər də müzakirə olunur. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi mötəbər bir tədbirin təşkilinin də bu il Azərbaycana həvalə edilməsini nəzərə alsaq, Bakı Enerji Həftəsinin dünyanın diqqət mərkəzində olduğunu əminliklə demək mümkündür. Bunu da nəzərə alaq ki, 2024-cü il həm də Azərbaycanda  “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bu əlamətdar hadisə də Bakı Enerji Həftəsinin tədbirlər proqramında öz əksini tapır.

Vurğulamaq lazımdır ki, beynəlxalq səviyyəli işgüzar tədbirlərin keçirilməsində böyük təcrübəyə malik Azərbaycan bu ilki tədbirin imkanlarından yararlanaraq əlverişli platforma əldə edir. Çünki bu tədbir dünya miqyasında enerji təhlükəsizliyi və istehsalı, enerji nəqliyyatı, eləcə də digər əhəmiyyətli məsələləri müzakirə etmək, enerji sahəsində yeni əməkdaşlıqların qurulması, təcrübə mübadiləsi və yeni inkişaf istiqamətlərinin müəyyən edilməsində əhəmiyyətli rola malikdir. Buradakı sərgi çərçivəsində neft və qaz yataqlarının hasilatı, emalı, telekommunikasiya və İT, enerji sektorunda tikinti-quraşdırma işləri, innovativ texnologiyalar, enerji sənayesində süni intellektin tətbiqi və digər bu kimi mövzuların müzakirəsi, buradan alınan ortaq nəticələr bütün dünya ölkələrini maraqlandıran məsələlərdir. Təsadüfi deyil ki, tədbirin əhəmiyyəti açılış mərasimində ABŞ prezidentinin oxunan məktubunun mətnindən də aydın sezilirdi: “Bu, Azərbaycan üçün unikal imkan yaradır. Azərbaycan Avropada qlobal enerji təhlükəsizliyində sütun rollarından birini oynayır. Azərbaycanın təmiz enerjiyə artan diqqətinə görə minnətdarlığımı bildirmək istəyirəm. Xəzərin potensialı Azərbaycanın gələcəkdə təmiz enerji sahəsində istehsalını ənənəvi enerji istehsalını üstələməyə gətirib çıxara bilər”.

Vurğulamaq lazımdır ki, bu tədbir dünyada nadir enerji toplantılarından biridir ki, ABŞ prezidenti buna görə məktub göndərir. Digər tərəfdən, süpergüc rəhbərinin həftə ərzində Azərbaycana ikinci dəfə məktub göndərməsi Vaşinqton-Bakı əlaqələrinin hazırkı vəziyyətinin göstəricisi sayıla bilər. Yəni, artıq ABŞ da dünya ölkələrinin enerji təhlükəsizliyinin artırılmasında Azərbaycanın rolunu, tutduğu geosiyasi mövqeni qəbul edir. ABŞ prezidentinin “Azərbaycan Avropada qlobal enerji təhlükəsizliyində sütun rollarından birini oynayır”-fikri bunu bir daha təsdiq edir. 

Bakı Enerji Həftəsində Azərbaycan Prezidentinin çıxışı da kifayət qədər dərin məzmunlu, gələcəyə yönəlik və qlobal əhəmiyyətli idi. Dövlət başçısı bildirdi ki, Azərbaycan ötən 30 ildə böyük çətinliklərdən keçərək mühüm enerji layihələrini icra edib, indi isə Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verir. Həmçinin ənənəvi enerji layihələri ilə bərabər, “yaşıl enerji” layihələrinə də böyük diqqət göstərir. Tədbir çərçivəsində Energetika Nazirliyi və ”Azərenerji” ASC ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında 445 MVt gücündə Biləsuvar, 315 MVt gücündə Neftçala Günəş elektrik stansiyaları və 240 MVt gücündə Abşeron-Qaradağ külək elektrik stansiyası layihələri üzrə müqavilələr imzalandı. Prezident çıxışında xüsusi vurğuladı ki, “Masdar” şirkəti atıq Azərbaycanda 230 meqavat gücündə Günəş elektrik stansiyasını istifadəyə verib. İndi isə daha 1 qiqavat enerji həcmi əlavə edilir.  Dövlət başçısı hədəfin 2027-ci ilədək 2 qiqavat həcmində bərpaolunan enerjinin əldə edilməsi olduğunu bildirdi və bunu da əlavə etdi ki,  bu, sadəcə, başlanğıcdır.

Kifayət qədər ambisiyalı fikirlərdir, amma reallıqdır. Çünki bu tədbirdəki iştirakçı şirkətlər, daha doğrusu uzun illərdir, bizimlə işləyən nəhəng enerji korporasiyaları Azərbaycanın öz layihələrində nə qədər qərarlı, ən önəmlisi isə necə etibarlı tərəfdaş olduğunu gözəl bilir. Əks halda, hazırda Azərbaycandan təbii qaz alan 8 ölkədən 6-sı (həm də Avropa ölkələri) obrazlı dildə desək, öz enerji taleyini Azərbaycanla bağlamazdı.

Azərbaycan Prezidentinin çıxışında toxunduğu ən önəmli məsələlərdən biri də ölkəmizin beynəlxalq iqlim məsələlərinə baxışı idi. Sitat: “…Dəfələrlə dediyim kimi, neft və qaz ehtiyatlarına sahib olduğumuza görə bizi heç kəs günahlandıra bilməz. Bunu bizə Allah yetirib. Bizim işimizə bu ehtiyatların mövcudluğu əsasında deyil, onlardan hansı şəkildə istifadə etdiyimizə görə qiymət verilməlidir.”

 Dövlət başçısı çıxışında COP29-a ev sahibliyi etməklə Azərbaycanın qlobal iqlim problemləri ilə çağırışlarına yeni yanaşma ortaya qoydu və beynəlxalq məsuliyyətin hər kəs tərəfindən bölüşdürülməsinin vacib olduğunun altını cızdı. Bu istiqamətdə bir-birini günahlandırmağı dayandırmağın, iddialardan əl çəkməyin vaxtının çatdığını bildirdi, övladlarımızın gələcəyi üçün planetimizin qarşılaşdığı çətinlikləri birgə dəf edə biləcəyimizin yeganə yol olduğunu diqqətə çatdırdı.

Beləliklə, bu günlərdə dünyanın diqqəti növbəti dəfə Bakıya yönəlib. Çünki Şərqlə Qərbin qovuşacağında bu gün həm də ənənəvi enerji seqmentləri “yaşıl gələcək”lə qovuşur…

Səbuhi HƏSƏNOV

 

Nəşr edilib : 05.06.2024 09:35