AZ EN RU

Dünyanın ən yaxşı səfiri mədəniyyətdir

    “Həmrəyliyimizin ən böyük ideyası – Azərbaycançılıq” rubrikasının növbəti qonağı Azərbaycan və Çexiya Yazıçılar ittifaqlarının üzvü, şairə-dramaturq Leyla Begimdir. 1971-ci il noyabrın 11-də Bakı şəhərində dünyaya göz açan Leyla xanım Azərbaycan Neft və Kimya İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 2010-2015-ci illərdə Almaniyanın Düsseldorf şəhərində Avropada ilk dəfə “Daşların poeziyası” və “Jafarov” adlı Azərbaycan zərgərlik brendini təsis edib. 2008-ci ildə ailə vəziyyətinə görə Çexiyanın Litomerice şəhərinə köçüb və burada ədəbi-ictimai fəaliyyətlə məşğul olub, “Natəvan” cəmiyyətini yaradıb. Leyla Begim Rusiyada və Praqada nəşr olunmuş 5 şeirlər toplusunun və çex dilində çapdan çıxan “Qarabağnamə” kitabının müəllifidir, rus dilində yazdığı şeirlər Rusiya və Bakının müxtəlif qəzet, almanax və bədii nəşrlərində dərc edilib. Sonetləri Milan Dvorak tərəfindən çex dilinə tərcümə edilərək “Tvar” bədii qəzetində nəşr olunan Leyla israilli ssenarist və rejissor Efim Abramovla birlikdə 4 pyes yazıb.

    Yaradıcılığa bağlılığını belə ifadə edir: Bir şair və dramaturq kimi həmişə məni ən çox düşündürənlərdən yazmışam. Və məni narahat edən, düşündürən mövzu Qarabağla bağlı olub. Yazılan hər bir əsərim – şeir, pyes, hekayə, esse tələbata uyğun ortaya çıxıb. Əsərlərim müxtəlif dillərə tərcümə olunaraq çap edilib, kitablarım işıq üzü görüb, teatr səhnələrində tamaşalarım nümayiş olunub. Və zamanla mən Azərbaycan mədəniyyətinin nümayəndəsi kimi xaricdə haqq səsimizin ruporuna çevrilmişəm.
    Beynəlxalq miqyasda ölkəmizin mədəniyyətini, incəsənətini layiqli şəkildə təbliğ edən Leyla xanımın ailə üzvləri, övladları da bu həmrəylik işində ən yaxın dəstəkçiləridir: Ailədə dörd uşaq böyüdürəm. Övladlarım da diaspor fəaliyyətində fəal iştirak edirlər. Oğlanlar beynəlxalq kikboksinq turnirlərində ölkəmizi layiqincə təmsil ediblər. Onlar dünya, Avropa və müxtəlif beynəlxalq turnirlərin çempionlarıdır. Rəhbərlik etdiyim “Natəvan” cəmiyyəti Çexiyada Azərbaycan və Azərbaycan ədəbiyyatı ilə bağlı mədəni layihələrin təbliği ilə məşğuldur. Cəmiyyət I Qarabağ müharibəsi zamanı, torpaqlarımızın işğalı dövründə yarandığı üçün bütün layihələr Qarabağ münaqişəsi, müharibə, Xocalı faciəsi həqiqətlərinin ədəbiyyat və teatr vasitəsilə çatdırılması ilə bağlı olub. Bu baxımdan düşünürəm ki, ədəbiyyat və teatr insanların şüuruna emosional təsir göstərmək üçün ən yaxşı vasitədir. 2017-ci ildən bəri biz bu sahədə Azərbaycanımızın haqq səsini ucaltmaq üçün kitabların nəşrinə təşəbbüs göstərmişik. İngilis, çex, macar, alman, rus dillərində “Qara qar çiçəkləri”, “Cry”, “İmmolatio”, “Qarabağ şikəstəsi” kitablarımız nəşr olunub.
    Müsahibimiz deyir ki, layihələrimiz həm Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi, həm müxtəlif ölkələrin diasporları, həm də Çexiya, İngiltərə, Macarıstan, ABŞ, Rusiya, İsveç, İsraildəki səfirliklər tərəfindən dəstəklənib. Azərbaycanda üç teatr tamaşası nümayiş edilib, həmin səhnə əsərlərinə səfirliklərin və müxtəlif beynəlxalq təşkilatların nümayəndələri də baxıblar. Əslən Naxçıvandan olan, Azərbaycanın Xalq artisti, mərhum Vaqif Əsədovun quruluş verdiyi “Yarımçıq qalmış” tamaşası 2017-ci ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının repertuarına daxil edilib. “Natəvan” Cəmiyyətinin təşəbbüsləri həm xaricdə, həm də Azərbaycanda Mədəniyyət, Gənclər və İdman nazirlikləri, Heydər Əliyev Fondu tərəfindən dəstəklənib. Bütün bu layihələr Qarabağın işğalı dövründə həyata keçirilib. Ölkəmizin tarixi zəfəri ilə yekunlaşan 44 günlük Vətən müharibəsi zamanı isə “Natəvan” cəmiyyətinin təşəbbüsü ilə “Mənim ürəyim Şuşa” mahnı-klipini (bəstəkarı Almaniyada yaşayan Anar İbrahimovdur, sözləri isə mənə məxsusdur) hazırladıq. Layihə Heydər Əliyev Fondu və Bakı Media Mərkəzinin dəstəyi ilə həyata keçirildi və 8 noyabr 2020-ci il tarixdə mahnı və videoklip üç dildə televiziya və radio kanallarında, sosial şəbəkələrdə səsləndirildi. 44 günlük Vətən müharibəsi zamanı ərsəyə gələn videoklip həm də Böyük Qələbəmizin çırağı oldu. Bundan başqa, 2022-ci ildə Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Londonda yaşayan istedadlı musiqiçimiz Emin Məcnunbəyli ilə “Remember” videoklipini hazırladıq və videoklip həmin il bir neçə ölkədə Xocalı şəhidlərinə həsr olunmuş tədbirlərdə səsləndirildi.
    Leyla xanım qeyd edir ki, II Qarabağ müharibəsi dövründə azərbaycanlı şairənin və müharibə müxbirinin məhəbbətindən bəhs edən “Mən də səni sevirəm” hekayəsini yazdım. Bu hekayə 1-ci və 2-ci Qarabağ müharibələrinin ayrı-ayrı fraqmentlərini diqqətə çatdırır: sevgi və nifrət, müharibə və sülh, insanlıq və qeyri-insanilik, xoşbəxtlik və bədbəxtlik, həyat və ölüm... Bu hekayə digər əsərlərlə yanaşı, Azərbaycanın Çexiyadakı səfirliyinin dəstəyi ilə nəşr olunan “Qarabağnamə” toplusuna daxil edilib. Kitab çox məşhur çex tərcüməçisi Milan Dvorak tərəfindən tərcümə olunub, nəşrə Azərbaycanın Əməkdar rəssamı Elturan Avalovun qrafika işləri də daxil edilib. Ümumiyyətlə, “Natəvan” cəmiyyətinin bütün layihələri dünya azərbaycanlılarının, xalqımızın yaradıcı ziyalılarının birləşməsinə, həmrəyliyinə yönəlib. Cəmiyyətin məqsədi mədəni layihələr yaratmaq, hər bir layihənin həyata keçirilməsi üçün konsepsiya və müfəssəl plan hazırlamaqdır. İstənilən layihə insanlar tərəfindən təbliğ olunur. Uğurlu layihənin təminatı uğurlu insanlardır. Bu mənada, insan resurslarının düzgün seçilməsi də cəmiyyətimizin mühüm vəzifələrindən biridir. 
    Həmsöhbətimiz “Natəvan” cəmiyyətinin ölkəmizin musiqi mədəniyyətinin təbliği istiqamətində həyata keçirdiyi layihələrdən söhbət açaraq deyir ki, Zəfər Gününün birinci ildönümü ilə əlaqədar biz Praqada “Seven beauties towards Glory” adlı möhtəşəm konsert proqramı təşkil etdik. Azərbaycan poeziyası çex aktyorların, Azərbaycan klassik musiqisi Avstriyada yaşayan böyük musiqiçi Rəna Rzayevanın ifasında səsləndirildi. Çex qonaqlar bu günə kimi həmin konsertdən danışırlar. Ümumiyyətlə, biz hər bir təşəbbüsümüzü müxtəlif ölkələrdə yaşayan azərbaycanlıları birləşdirmək ideyası üzərində irəli sürürük. Bir-iki nümunə çəkə bilərəm: – İki layihədə mən bir şair kimi israilli ssenarist və rejissor Yefim Abramovla (Azərbaycanda doğulub, böyüyüb) əməkdaşlıq etmişəm. Nəticədə, səhnələrdə canlanan iki pyes, ayrı-ayrı ölkələrdə işıq üzü görən, müxtəlif dillərdə danışan iki kitab dünyaya gəldi. Daha bir layihəni isə yazıçı, publisist Günel Anarqızı ilə birgə “Cry” adlı kitabı ərsəyə gətirməklə həyata keçirdik. Kitabın üz qabığına fransız rəssamın Xocalı faciəsini əks etdirən rəsm əsərini yerləşdirdik. Nəşr rus, ingilis dillərində çap olundu, London, Stokholm, Moskva, Bakı və İsraildə təqdimatı keçirildi. Bütün təqdimatlarda diasporumuzun nümayəndələri iştirak etdilər. Beləliklə, kitab müxtəlif müəlliflərin əsərlərini bir üz qabığı altında birləşdirməklə, həm də dünya azərbaycanlılarını da öz ətrafında birləşdirdi... “Qarabağ şikəstəsi” miniatür kitabımız isə 4 dildə nəşr olunub. Bir nüsxəsi Bakıda İçərişəhərdəki Miniatür Kitablar Muzeyində saxlanılır. Həmin kitabı alman dilinə məşhur tərcüməçi və şərqşünas Michael Hess tərcümə edib. Kitab həm alman oxucular, həm də Almaniyada yaşayan azərbaycanlılar üçün əlçatandır. Eyni zamanda 2018-ci ildə ingilis dilində əslən qarabağlı olan Heydər Camalın “The heart of Karabakh” şeirlər kitabını çap etdirdik. Tərcüməçisi Amerikanın Houston əyalətində yaşayan həmvətənimiz Gulnara Hall olan nəşrin təqdimatını isə İsveçdə fəaliyyət göstərən “Azerbaijanis Congress of Sweden“ təşkilatının dəstəyi ilə Stokholm şəhərində keçirdik. Bütün bu sadaladığım tədbirlər, layihələr bir daha göstərir ki, “Natəvan” cəmiyyəti təkcə Çexiyada deyil, bütün dünyada yaşayan azərbaycanlıların həmrəyliyi naminə, onları birləşdirmək, bir araya gətirmək amalı ilə çalışır...
    Həmvətənimiz “Natəvan” cəmiyyətinin çəkdiyi filmlərdən də bəhs edərək bildirir ki, pandemiya dövründə İspaniya və Almaniyada yaşayan azərbaycanlı (ailəsi Naxçıvandandır) Azər Ağalarovla qısametrajlı film çəkdik. “Beyond the wall” adlı həmin film beynəlxalq kino festivallarda (Nyu-York, London, Vankuver, Roma, Venesiya, Çikaqo, İstanbul və sair) 14 mükafat nominasiyası qazanıb. Filmi “Natəvan” cəmiyyəti bu yaxınlarda Praqada Çexiya azərbaycanlılarının konfransında təqdim edib, 200-dən çox azərbaycanlı onu izləyib. Ümumiyyətlə, cəmiyyətin belə təşəbbüskarlıq nümunələri çoxdur...
    Başqa bir nümunə olaraq “İmmolatio” tamaşasını göstərə bilərəm. Mən bu pyesi iki həmyaşıdın, xalqların dahi övladlarının – İmadəddin Nəsimi və Yan Husənin taleyini, ideyalarını birləşdirmək qərarına gələrək yazdım. Tamaşa Vaqif Əsədovun quruluşunda və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Beynəlxalq Nəsimi Festivalı çərçivəsində Azərbaycanda təqdim olunub. Səhnə əsəri həm dünyanın müxtəlif ölkələrindən festivala gələn azərbaycanlılar, həm də şəhər sakinləri və qonaqları, eləcə də Azərbaycandakı diplomatik korpusun nümayəndələri tərəfindən böyük rəğbətlə qarşılanıb. Ümumiyyətlə, gördüyümüz bütün işlər, reallaşdırdığımız layihələr həm dünya azərbaycanlılarını, həm də Azərbaycan tarixi, ədəbiyyatı, mədəniyyəti ilə maraqlanan insanları birləşdirir.
    Fikrimi fəaliyyətimin əsas devizinə çevirdiyim ifadə ilə bitirmək istəyirəm: dünyanın ən yaxşı səfiri mədəniyyətdir. Dünyaya ən təsirli mesajı isə söz çatdırır...

Nail ƏSGƏROV

Nəşr edilib : 12.12.2023 19:12