AZ EN RU

Dünyanın ən gözəl rəngidir yaşıl

Yaşıllıqların salınmasına, ağacların qorunmasına çox diqqət yetirərən dahi rəhbər Heydər Əliyev özü ağac əkilməsində iştirak edib, nümunə göstərib deyirdi: “Hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir. Əgər kimsə sağlam ağacı kəsirsə, o nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o, öz ailəsinə, özü-özünə xəyanət edir

Görkəmli təbiətşünas alim Həsən Əliyevin bu müdrik kəlamı daim yaddaşlardadır: “Bəlkə də toya, yasa və digər mərasimlərə yubanmaq olar. Təbiətə münasibətdə yubanmaq isə yaşamağa yubanmaqdır”. Qədim çağlardan yurdumuz bağçılıq-meyvəçilik diyarı kimi tanınıb. Xalqımız yüzillik ağacı da, körpə fidanı da bir övlad kimi qoruyub, qayğısına qalıb, qocaman ağacların yerini versin deyə yenilərini əkib, onların böyüyüb ərsəyə çatmasına qayğı ilə yanaşıb. Axı ağac da insan kimi qulluq istəyir. Elə buna görə də xalqımız ağacı yalnız yaşıllıq rəmzi deyil, həm də xalqın varlığının vacib şərti kimi qəbul edib. Onlar toplumun birliyi ilə ölkədə ağacların qorunması, onlara qulluq edilməsi arasında daxili əlaqənin olduğunu vurğulayıb, hətta bəzi ağacları müqəddəs sayıblar. Xalq inamına görə də həyətdə, yaşayış evinin ətrafında ağac əkilərsə, ailəyə xeyir-bərəkət, yaxşı gün-güzəran qismət olar, çünki ağac var ki, çiçəyi, yarpağı, meyvəsi, qabığı ilə min dərdə dərmandır. Ağac var ki, meyvəsi ilə süfrəmizə yaraşıq verir. Ağac var ki, görkəmi ilə göz oxşayır, bağları, parkları, həyətləri bəzəyir.

Təsadüfi deyil ki, “Barlı ağacın başına dolanarlar” ideyası ilə ömür sürən babalarımız təbiətə, yaşıllığa, ağaca həyat mənbəyi kimi baxıb, ağac əkməyi, ona qulluq etməyi müqəddəs sayıblar. Ulularımız deyiblər: “Ağacı arx qırağında ək ki, yıxılanda el-obaya körpü olsun”, “Ağaclı kəndi sel basmaz, “Ağacı çox olan elin məzarı az olar”.

Meyvəli, meyvəsiz ağacların və meşələrin insanlara olan faydaları sayıla bilməyəcək qədər çoxdur. İnsanlıq naminə ağaclara qulluq etmək dinimizdə də savab iş sayılır. Bu barədə hədisi-şəriflərdən birində deyilir ki, bir kimsə bir ağac əkərsə, ağac meyvə verənə qədər onu qoruyub baxarsa, bu ağacdan tökülən hər meyvə Allah qatında o kimsənin sədəqəsi olar. Ona görə də bağ salmaq, ağac əkmək, ümumiyyətlə, ətrafı yaşıllığa qərq etmək ata-babalarımızın adəti olub. Ağac bolluq, şirinlik, mehribançılıq nişanəsi hesab edilir. Ümumilikdə isə ağaclar insanın qoruyucusu, onun sağlamlığının keşikçisidir, boya-başa çatdığı məkanın gözəlliyidir. Bütün bunlarla yanaşı, gələcək nəsil qarşısında daşıdığımız məsuliyyət hissi təbiətə, ətraf mühitə vurulan zərərin azaldılmasını bizim hər birimizə aşılayır Tədqiqatlara görə, ağaclar çox olan yerlərdə xəstəlik törədən zərərli mikroorqanizmlər 8, zərərli qazlar isə 5 dəfə az olur. Yaşıllıq sağlamlıq, gümrahlıq rəmzi olmaqla bərabər, insan yaşayışının başlıca rəhnidir. İnsan övladı da onun üçün lazım olan təmiz havanı, oksigeni məhz bu mənbədən alır. Bu mənada sağlamlığımız bu amildən asılıdır. Axı bir ağacın ətrafa verdiyi oksigenlə eyni vaxtda neçə-neçə insan nəfəs alır. Deyilənə görə, bir çinar ağacının verdiyi oksigen 58 adama bəs edir. Bir hektar meşə, yaşıllıq zolağı isə il ərzində 50-70 ton tozu, zəhəri öz “süzgəcindən” keçirir. Gündəlik həyatımızda əhval-ruhiyyəmizin yüksək olması da xeyli dərəcədə bu amildən asılıdır. Axı təbiətin bu canlı varlıqlarından zövq almağı bacarmaqla yanaşı, bir qədər yorğun və əsəbi olduqda yaşıllıqlar qoynunda gəzməyi, dincəlməyi ən yaxşı istirahət hesab etmişik.

Azərbaycan SSRİ-nin tərkibinə daxil edildikdən sonra ölkəmizin sərvətləri amansızcasına talansa da, götürülən mənfəətdən ekologiyanın qorunmasına sərf olunmur, ya da xəsisliklə cüzi vəsait ayrılırdı. Müxtəlif yerlərdə ağaclar məhv edilir, yerinə müxtəlif obyektlər tikilirdi. Bütün bunlar ekoloji mühiti korlamaqla yanaşı, cəmiyyətimizə sosial-mənəvi zərbələr də vururdu. Yalnız böyük dövlət qurucusu Ulu Öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycanda hakimiyyətə gələndən sonra bu məsələləri önə çəkdi, ətraf mühitin mühafizəsinə xüsusi diqqət yetirdi. O illər ölkəmizin ayrı-ayrı bölgələrində park və xiyabanların salınması, iməciliklər yolu ilə yaşıllıq zolaqlarının artırılması bu siyasətin uğurlu nəticəsi idi. Təəssüflər olsun ki, Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdikdən sonra bir vaxtlar Ümummilli Liderin təşəbbüsü və iştirakı ilə salınmış yaşıllıqlar acınacaqlı vəziyyətə düşdü. Muxtar respublikaya mavi yanacaq verilməsi dayandırıldıqdan sonra rayonlarda və kəndlərdə ağaclar kəsilərək məhv edildi. Baxımsız qalan park və xiyabanlar dağıdıldı, yaşıllıq zolaqları əhali tərəfindən kütləvi şəkildə məhv edildi. Ulu Öndər xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə olunması və onların bərpası istiqamətində yenidən ciddi və ardıcıl tədbirlər həyata keçirilməyə başlandı.

Əsası Ulu Öndər tərəfindən qoyulan ekoloji siyasət bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə dövlət başçısının müvafiq sərəncamları ilə təsdiq olunan milli proqramların həyata keçirilməsi sahəsində əməli tədbirlər görülür. Bütün bu proqramların həyata keçirilməsi muxtar respublikamızın da əlvan təbiətinin mühafizəsinə əsaslı təminat verir. Dövlət Proqramlarına uyğun olaraq muxtar respublikanın müxtəlif yerlərində minlərlə meyvə, meşə və bəzək ağacları, qızılgül kolları və mövsümi çiçək şitilləri, arxların kənarlarına xeyli söyüd və qələmə çubuqları basdırılıb.

Mövcud ekoloji vəziyyətin daha da yaxşılaşdırılması, təbii sərvətlərin qorunması, onlardan səmərəli istifadə edilməsi məqsədilə Naxçıvanda 9 min 118 hektarlıq “Arazboyu” Dövlət Təbiət Yasaqlığı, 2009-cu ildə isə 68 min 911 hektar sahədə “Arpaçay” Dövlət Təbiət Yasaqlığının yaradılması da təbiətin qorunması istiqamətində uğurla atılan əsaslı addımlardan biridir.

Müdriklərimiz deyiblər: “Ağac əkmək, bağ salmaq hünər deyil, onu qoruyub saxlamağı bacarasan gərək”, “Bağa baxarsan, bağ olar, baxmazsan, dağ olar”. Onların bu kəlamlarına əməl edən rayon sakinləri əsas diqqəti insan əlləri ilə ərsəyə gətirilmiş gözəllikləri qorumağa, onlara aqrotexniki qulluq göstərməyə yönəldiblər. Belə ki, idarə və müəssisələrin kollektivləri əkib-becərdikləri bağlara, meşə zolaqlarına çıxır, oradakı ağacların və tinglərin quru budaqlarını və lazımsız zoğlarını vurur, ərazini alaq otlarından təmizləyir, ağacların gövdələrini sönmüş əhənglə ağardır və suvarırlar. Bu qayğının, bu qulluğun nəticəsidir ki, artıq Naxçıvan yaşıllıqlar diyarına çevrilib. Bir vaxtlar yol kənarlarındakı ağacları barmaqla saymaq mümkün idisə, bu gün tamam başqa mənzərənin şahidi oluruq. Naxçıvanın illər öncəki vəziyyəti ilə bu gününü müqayisə etdikdə qeyd olunan faktlar açıq-aydın göz önünə çıxır. Bu gün Naxçıvan şəhərindən rayonlara gedən nəqliyyat yolunun kənarlarında əkilmiş meyvə və meşə ağacları bu yollardan keçənlərin zövqünü oxşamaqla bərabər, ekoloji təmizliyi də təmin edir. Yolboyu baş-başa verən müxtəlif ağaclar zövq oxşayır, meyvə bağları bar-bəhər verir. Ən sevindirici hal isə yetişən meyvələr toplanaraq Vətənin keşikçiləri olan əsgərlərə sovqat aparılır.

O da qeyd olunmalıdır ki, ətraf mühitin sağlamlaşdırılmasına dövlət nəzarəti nə qədər güclü olsa da, təbiətin gözəlliklərinin qorunmasında hər kəsin iştirakı vacibdir. Ona görə ki, bəzən ekoloji təhlükələrin çoxu şəxsi hasarlar arxasında gizlədilir. Çirkab sularının nəzərdə tutulmayan yerlərə axıdılması və ya tullantıların küçə və dalanlarda qalaqlanması ekoloji tarazlığın pozulması deməkdir. Əlbəttə, yaşayış yerlərimizin abadlığına, sağlam atmosferinə, bir sözlə, təbiətin mühafizəsinə cavabdehlik inzibati təsirlərlə yanaşı, vətəndaş həmrəyliyi və cavabdehliyi ilə də tənzimlənməlidir. Ümumiyyətlə, təbiətin mühafizəsinə ekoloji nəzarəti gücləndirmək bənzərsiz gözəllikləri – təbiətin saysız-hesabsız nadir incilərini qorumaq deməkdir. Ona görə də insanların ekoloji təfəkkürünün formalaşması, ekoloji mədəniyyətimizin inkişaf etdirilməsində mühüm əhəmiyyət daşıyan ekoloji maarifləndirmə işləri bu gün də, sabah da diqqət mərkəzində saxlanılmalıdır. Bu sağlam gələcəyimizin təmin edilməsi üçün vacibdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2023-cü ildə imzaladığı Sərəncamla 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edildi. Sərəncamda deyilir: “Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunmuşdur. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur.”

Bu gün yurdumuzun hansı səmtinə yolunuz düşsə, yolboyu uzanan yaşıllıqlara tamaşa etmək insana qürur verir. Bütün bu gözəllikləri seyr etdikcə düşünürsən ki, insan hər şeyə qadirdir. Yetər ki, vətəndaşı olduğun dövlətə sədaqətin, havasını udduğun, suyunu içdiyin, ömür sürdüyün Vətən deyilən torpağa məhəbbətin, doğma yurdunu cənnətə döndərmək kimi ali məqsədin, xoş niyyətin olsun. Vətənə məhəbbət isə yüz illər öncədən bizim damarımızda axan qanımıza kök salıb. Biz azərbaycanlılar bu Vətəni o qədər çox sevmişik ki, torpağını alın tərimizlə isladıb qurumağa qoymamışıq. Bir ovuc torpaq tonlarla qızıldan qiymətli olub Naxçıvan camaatı üçün. “Torpağı qorumasan, onu əkib becərməyə, əkib becərməsən, qorumağa dəyməz” – deyən atalarımızdan bizə əmanət qalan yurdumuzun sərt iqlimi bizi heç vaxt qorxutmayıb. Hərəmiz bir gül kolu, bir ağac əkib, yayın istisində, qışın soyuğunda ona qulluq edib yurdumuzu dünyanın ən gözəl rənginə yaşıla sarmışıq. Uzun illər boyunca təbiətlə mübarizəyə çıxıb ona qalib gəlib quru, yarımsəhra ərazilərə, boz təpələrə yaşıl bağlar salıb kontinental iqlimə meydan oxumuşuq. Dünyanın ən gözəl rənginə bürünən Vətənin daşı da, torpağı da onu qoruyan, qanı ilə onun torpağını yoğurub Vətən edən, qoynunda uyuyan igidlərinə də, yaşıllıqlar diyarına çevirib cənnət edən övladlarına da minnətdardır.

 

Ramiyə ƏKBƏROVA

Nəşr edilib : 26.06.2024 15:15