AZ EN RU

Dünyaca məşhur alim, ixtiraçı Xəlil Kələntər: “Azərbaycan hər zaman elm və təhsil sahəsində öz uğurları ilə seçilib. Bunu Naxçıvan Dövlət Universitetinin timsalında bir daha gördüm”

    Naxçıvan Dövlət Universitetində keçirilən görüş zamanı ali təhsil ocağının rektoru Elbrus İsayev tanınmış alimi universitetin kollektivi adından salamlayaraq onun elmi fəaliyyəti və nailiyyətləri haqqında məlumat verib. Bildirilib ki, əvvəlki və yeni nəsil monitorların yaradılmasında əvəzsiz xidmətləri olan, elektronika sahəsinə aid onlarla kitabın, çoxsaylı elmi məqalələrin müəllifi olan Xəlil Kələntər həm də Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvüdür. Rektor nüfuzlu alimin 40 ilə yaxındır ki, Yaponiyada yaşamasına və fəaliyyət göstərməsinə baxmayaraq, öz vətəni Azərbaycanla çox sıx əlaqə saxladığını qeyd edib. Vurğulanıb ki, alimin elmi və praktik nailiyyətləri beynəlxalq elm aləmində də yüksək səviyyədə qiymətləndirilir. 
    Professor apardığı elmi tədqiqatlar və patentlər haqqında məruzəsini təqdim edib. Maye kristallar və onun inkişaf perspektivlərindən söz açan Xəlil Kələntər bildirib ki, LED işıqları (maye kristal displeyin arxa fon işıqları) televizor, kompüter və mobil telefonların əsas hissələrindən biridir. Bu texnologiyadan smartfonlar, mobil telefon və kompüterlərdə, həmçinin avtomobillərdə geniş istifadə olunur. O, eyni zamanda özünün müəllifi olduğu və bütün dünya ölkələrində geniş istifadə olunan “Backlight unit” və “Backlight optics” texnologiyaları barədə məlumat verib. Professor ənənəvi və müasir televizorların arxa fon işıqlarının strukturu, maye kristal ekranlar, 3D displeylər və digər ekran texnologiyaları  barədə də danışıb. Həmçinin apardığı tədqiqatların nəticələrini, ixtira və patentlərini seminar iştirakçılarının diqqətinə çatdırıb.
    Rektor professora xatirə plaketi və hədiyyələr təqdim edib. Görüşdə universitetdə qurulacaq Texnoparkda birgə əməkdaşlığa dair razılıq əldə olunub. 
    Tədbirdə müəllim və tələbələrin sualları cavablandırılıb.
    Qeyd edək ki, 1981-ci ildən Yaponiyada yaşayan Xəlil Kələntər Naqoya və Tohoku universitetlərində elmlər doktoru, alimlik dərəcəsi alıb. Elektronika mühəndisliyi, yeni nəsil ekranların yaradılması sahəsində 100-ə yaxın patentin, yapon dilində altı kitabın, 130-dan artıq elmi məqalənin müəllifidir. Azərbaycanlı alim LCD televizor, kompüter və mobil telefonların əsas hissələrindən birinin – maye kristal displeyin arxa fon işıqlarının yaradıcısıdır. Dünyada ilk dəfə işıqla yönləndirilən mikroreflektorlu və mikrodeflektorlu optik lövhələr yaradıb. Bununla yanaşı, o, işıqla yönləndirilən mikrostrukturlu funksional optik lövhələrin ilk dizayneri, müəllifi və istehsalçısıdır. Əsərləri ingilis, yapon, Çin və Koreya dillərində dərc olunub. Yalnız Yaponiyada deyil, Amerika, Asiya və Avropada elektronika, yeni nəsil displey ekranlar sahəsində böyük mütəxəssis kimi tanınır. Həmin sahədə uzun müddət çalışdığına görə Xəlil Kələntərə müvafiq beynəlxalq konfranslarda Yaponiyanı təmsil etmək hüququ verilib.

Naxçıvan Dövlət Universitetinin Televiziya, 
mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi

*   *   *

    Dünyada tanınan azərbaycanlı ixtiraçı-alim, Azərbaycan diasporunun sayılıb-seçilən təmsilçilərindən olan Xəlil Kərəntərlinin Naxçıvanla, habelə Naxçıvan Dövlət Universiteti ilə bağlı maraqlı təəssüratları ilə “Şərq qapısı” qəzetinin oxucularına tanış edirik:

    – Azərbaycan və onun ayrılmaz parçası olan Naxçıvan hər bir vətəndaş üçün doğmadır, əzizdir, Azərbaycan dünya azərbaycanlılarının doğma Vətənidir. Ümummilli liderimiz Heydər Əliyevin də dediyi kimi, azərbaycanlı olmağımla həmişə fəxr etmişəm, bunun qürurunu yaşamışam. Yaxşı xatırlayıram, gənclik illərimdə Bakının radio verilişlərinə qulaq asmağı çox sevirdim. Ana dilimizdə səslənən mahnıları xüsusi şövqlə dinləyərdim. Hətta Bakını yuxularımda da tez-tez görərdim. 1989-cu ildə xanəndə İslam Rzayev, tarzən Ramiz Quliyev və müğənni Zümrüd Məmmədova Yaponiyaya konsert verməyə gəlmişdilər. Bir ay Şincukuda mehmanxanada qaldılar. O vaxt Tokioda azərbaycanlılar yox idi. Mən onlarla görüşərək konsertlərin təşkilində yapon dilində izahat işlərinin aparılmasına kömək etdim. Hər axşam gecə saat 12-dək onlarla birgə olurdum. Qədim və zəngin Azərbaycan musiqisinin yaponlar tərəfindən qavranılmasına gücüm çatan qədər yardım etməyə çalışırdım. Düşünürdüm ki, bununla, necə deyərlər, az da olsa, vətəndaşlıq borucumu yerinə yetirirdim.
    Naxçıvan Dövlət Universiteti ilə mənim ilkin tanışlığım da məhz yurduma olan bağlılığımdan irəli gəldi desəm, yanılmaram. Mənə ilk dəfə ali təhsil ocağının tələbələri üçün vebinar təşkil etməyim barədə təklif gəldikdə bunu çox böyük məmnuniyyətlə qəbul etdim. Çünki bu virtual görüşün gənclərimiz, tələbələrimiz üçün nə qədər əhəmiyyətli olduğunu yaxşı bilirdim, ilk və sonrakı görüşlərimiz uğurlu oldu. İnanıram ki, tələbələrimizlə yaxında keçiriləcək dördüncü vebinarımız da uğurlu alınacaq. Bu gün isə həmin görüşlərimizdən fərqli olaraq əyani şəkildə Naxçıvanla və Azərbaycanın tanınmış ali təhsil ocaqlarından olan Naxçıvan Dövlət Universiteti ilə tanış olduq. Bu cür prestijli təhsil ocağının fəaliyyəti, prinsipləri, habelə elm sahəsindəki yenilikçi ideyaları ilə bağlı ətraflı məlumat aldım. Universitetin rektoru Elbrus İsayevlə olan səmimi görüşümüz zamanı öyrəndim ki, Naxçıvan Dövlət Universiteti əcnəbi tələbələrin sayına görə ölkəmizdə fəaliyyət göstərən ali təhsil ocaqları arasında ilk sıralardadır. Belə ki, təhsil ocağında Cənubi Koreya, Pakistan, Türkiyə, Özbəkistan, Nigeriya və bir neçə ölkənin vətəndaşları müvafiq ixtisaslar üzrə təhsil alır. Ən böyük üstünlüyü isə qardaş Türkiyə Respublikasının tələbə-gəncləri təşkil edir. Bununla yanaşı, Naxçıvan Dövlət Universitetinin Amerika Birləşmiş Ştatları, İngiltərə, Fransa, Türkiyə Cümhuriyyəti, İran İslam Respublikası, Rusiya, Macarıstan, Misir Ərəb Respublikası, Pakistan İslam Respublikası, Cənubi Koreya Respublikası, Çin Xalq Respublikası, Avstriya və digər ölkələrin universitetləri ilə əməkdaşlıq əlaqələri mövcuddur. Hesab edirəm ki, bu, dünya dövlətləri ilə qarşılıqlı əlaqələrin ən gözəl nəticəsidir. 
    Bununla belə məlumat verildi ki, universitetin tələbə təşkilatları gənclərimizin yaradıcılıq axtarışlarının, bilik və bacarıqlarının, dünyagörüşünün, təşkilatçılıq qabiliyyətlərinin daha da inkişaf edilməsinə, asudə vaxtlarının səmərəli təşkilinə geniş imkan yaradır. İnanıram ki, belə ali təhsil ocaqlarında yetişən gənclərimiz gələcəyin tanınmış alimləri, ziyalıları olacaqlar. 
   Müsahibim Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü kimi Azərbaycan və Yaponiya dövlətləri arasındakı qarşılıqlı münasibətlərdən də danışdı:
    – Qeyd etdiyimiz kimi, Azərbaycan hər zaman dünyanın inkişaf etmiş ölkələri ilə qarşılıqlı əlaqələrini sağlam təməllər əsasında qoruyub və inkişaf etdirib. Azərbaycanın xarici ölkələrlə əlaqələrinin genişlənməsində, bütövlükdə, dünya birliyinə inteqrasiyasında, beynəlxalq aləmdə təbliğində diaspor təşkilatlarının da üzərinə müəyyən öhdəliklər düşür. Məlumdur ki, bu gün Azərbaycan rəhbərliyinin yürütdüyü uğurlu xarici siyasət sayəsində beynəlxalq və regional problemlərin həllində ölkənin rolu getdikcə artır. Doğma yurdumuzun, Azərbaycanın sözügedən sahələrdə əldə etdiyi uğurlar Azərbaycan-Yaponiya münasibətlərində də öz əksini taparaq, öz layiqli nəticələrini göstərir. Bu məqamda bir tarixi faktı dilə gətirmək lazımdır ki, Yaponiya Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk dövlətlərdən olub. Təbii ki, bu hal təsadüfi deyildi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hər bir sahədə əldə etdiyi əvəzsiz uğurlar Azərbaycanın bu istiqamətdəki gələcək taleyinə də öz müsbət təsirini göstərmişdi. Bu məqsədyönlü tədbirlərin nəticəsində dünyanın böyük siyasi, iqtisadi gücə malik ölkələrindən sayılan, dünya güclərinin bir araya gəldiyi “Səkkizlər” qrupuna daxil olan Yaponiyanın 1991-ci ildə Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanıması haqqında bəyanatla çıxış etməsi, hələ o zamanlar gənc respublika olan Azərbaycan dövlətinin böyük qələbəsi idi. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanla Yaponiya arasındakı münasibətlərin inkişafı xüsusilə daha ardıcıl və səmərəli xarakter aldı. Yaponiyanın Beynəlxalq İqtisadi Əməkdaşlıq Fondunun Azərbaycanın çətin günlərində ölkəmizə verdiyi dəstək əlaqələrin formalaşmasında mühüm rol oynadı. Hətta 90-cı illərin sonunda Yaponiyanın Beynəlxalq İqtisadi Əməkdaşlıq Fondunun nümayəndə heyətini qəbul edərkən Heydər Əliyev Azərbaycan dövlətinin Yaponiya ilə əməkdaşlığa xüsusi diqqət verdiyini, iki ölkə arasında əməkdaşlığın inkişafına maksimum səy göstərəcəyini bildirmişdir. Bu gün həmin tarixi əlaqələrin bəhrəsini hər iki müstəqil dövlətin timsalında aydın şəkildə görürük. Bununla belə, sevinirik ki, adıçəkilən əməkdaşlıqlar təhsil sahəsində də özünü sürətlə doğruldur. Bu gün Yaponiyada kifayət qədər azərbaycanlı tələbələr təhsil alır, eləcə də Azərbaycanda və Naxçıvanda bu yöndə olan xarici tələbələrin üstünlüyünü görürük. Biz çalışdığımız qədər gənc həmyerlilərimizi diqqətdə saxlayır, onlara əlimizdən gəldiyi qədər nəvaziş göstəririk. Bu bizim vətəndaşlıq borcumuzdur. Savadlı gənclərimizin hər biri doğma yurdumuzun gələcək təmsilçiləri, bizlərin isə layiqli davamçılarıdır. Hətta bu istiqamətdə son olaraq bir reallığı da sizin diqqətinizə çatdırım ki,  Yaponiya- Azərbaycan Dostluq Cəmiyyəti xaricdə yaşayan soydaşlarımızın hər zaman yanında olmaqla yanaşı, onların fərdi problemlərinin həllində yaxından iştirak edir, bizlər də əlimizdən gəldiyi qədər Azərbaycanın təbliği, ölkəmizlə bağlı həqiqətlərin daha geniş yayılması işində üzərimizə düşən bütün vəzifələri ən gözəl şəkildə yerinə yetirməyə səy göstəririk.
    Gənclərimizə isə tövsiyə edərdim ki, Vətəni sevsinlər. Harada olmalarından asılı olmayaraq, dərk etsinlər ki, onlar öz yurdlarının təmsilçiləridir. Mən artıq 42 ildir ki, xarici ölkədə yaşayıram, amma Vətən eşiqini hər zaman qəlbimdə daşımışam və daşıyacağam. Gənclərimiz bacardıqca çox öyrənsinlər, oxusunlar, savad sahibi olsunlar. Bu gün parta arxasında əyləşən hər bir gənc sabahın böyük bir dahisi olacaqdır. İnansınlar ki, insan yalnız zəhməti qədər həyatdan mükafat alır. Nə qədər çox zəhmət çəkib, elm yolunda çalışsalar, bir o qədər yaxşı nəticələr qazanacaqlar. Buna əmin olsunlar. 

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 29.04.2022 22:11