AZ EN RU

Dünya təcrübəsində mərkəzi hökumətin siyasi muxtariyyətdə təmsilçilik təcrübəsi

BMT üzvü olan 193 dövlətin böyük əksəriyyəti, yəni 85 faizə yaxını unitar dövlətlərdir. Bu dövlətlərin 20-yə yaxınında bütövlükdə 40-dan artıq bu və ya digər dərəcədə özünüidarəetmə səlahiyyətlərinə malik siyasi muxtariyyət mövcuddur. Bu ölkələrin coğrafiyası Amerika, Avropa, Asiya, Afrika qitələrini və Okeaniyanı əhatə edir. Panama, Nikaraqua, Böyük Britaniya, Portuqaliya, İspaniya, İtaliya, Fransa, Danimarka, Finlandiya, Serbiya, Gürcüstan, Azərbaycan, Çin, Filippin, İndoneziya, Papua Yeni Qvineya, Tanzaniya tərkibində ən azı bir siyasi muxtariyyətin olduğu unitar quruluşa malik dövlətlərdir.

Azərbaycan Respublikasının tərkibindəki Naxçıvan Muxtar Respublikası 1924-cü il fevralın 9-da 1921-ci ildə imzalanmış Moskva və Qars müqavilələrinə əsasən yaradılıb. Dünya təcrübəsindəki siyasi muxtariyyətlərin, demək olar ki, hamısından fərqli olaraq, Naxçıvan muxtariyyətinin yaradılması bilavasitə və müstəsna olaraq yalnız bir – işğal amili ilə bağlı olub. 1918-1920-ci illərdə Azərbaycanın Zəngəzur bölgəsində ermənilərin həyata keçirdiyi soyqırımı və deportasiya, nəticədə mahalın işğalı Naxçıvan ərazisinin coğrafi baxımdan ölkənin əsas hissəsindən ayrı düşməsi ilə nəticələndi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlət başçısı kimi imzaladığı Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyinin keçirilməsi haqqında 4 fevral 1999-cu il tarixli Fərmanında bu barədə deyilirdi: “İlk olaraq Azərbaycan torpağı Zəngəzur mahalı Ermənistan SSR-in tərkibinə qatıldı. Əslində isə ermənilərin planları daha geniş idi və onların torpaq iddialarının əsas hədəfi məhz Naxçıvan idi. Onlar Zəngəzurun ilhaq edilməsini bu yolda atılmış mühüm addım hesab edirdilər. Beləliklə də, Naxçıvanı Azərbaycandan ayıran Azərbaycan torpaqlarının – Zəngəzur mahalının Ermənistana verilməsi Naxçıvanın muxtariyyəti məsələsini zəruri etdi”.

Beləliklə, tarixən hər zaman Azərbaycana məxsus olmuş, Azərbaycan türklərinin yaşadığı ərazi olmuş Naxçıvan bölgəsinin ölkənin tərkibində muxtariyyət statusu qazanması yalnız hərbi-siyasi və tarixi-coğrafi amillərlə bağlı olub, etnik-milli amilin tamamilə istisna edilməsi ilə şərtlənir.

Naxçıvan muxtariyyətinin beynəlxalq təcrübədə mövcud olan muxtariyyətlərlə müqayisəsi bir sıra paralellərin aparılmasını zəruri edir. Bu müqayisəni şərtləndirən aktual məsələlərdən biri də unitar dövlətlərdə mərkəzi hökumətin (muxtariyyətin tərkibində olduğu dövlətin) siyasi muxtariyyətdə təmsilçilik təcrübəsidir. Belə ki, 2022-ci il dekabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi haqqında” Fərman imzalayıb. Fərmanla “Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi haqqında Əsasnamə” təsdiq edilib, beləliklə, özünün mövcudluğu tarixində ilk dəfə olaraq, Naxçıvan Muxtar Respublikasında Azərbaycan dövlətinin muxtariyyətdə rəsmi təmsilçisi institutu təsis olunubdur.

Dünya təcrübəsində bir sıra ölkələrdə dövlətin tərkibində olan muxtariyyətdə təmsilçisi institutu uzun illərdir ki, mövcuddur.

Belə ki, unitar respublika quruluşuna malik Fransanın tərkibində olan siyasi muxtariyyətdə – Yeni Kaledoniyada Fransa prezidenti tərəfindən təyin edilən Respublikanın Ali komissarı fəaliyyət göstərir. Ali komissar regionda dövlətin səlahiyyətlərinin və mənafeyinin qoruyucusudur və Yeni Kaledoniyada Fransa Hökumətini təmsil edir. Fransanın 13 dənizarxası ərazisindən biri olan Yeni Kaledoniya Sakit okeanda Avstraliyadan 1500 km şərqdə, Yeni Zelandiyadan 1800 km şimalda yerləşən adalar qrupudur. Ərazisi 18575 km2 olan muxtariyyətin əhalisi 270 min nəfərdən çoxdur. Əhalinin 41 faizdən çoxunu avtoxton kanaklar, 24 faizini Avropa mənşəlilər, 11 faizdən çoxunu qarışıq millətlərdən olanlar, 8 faizini uollis və futunalılar (Fransaya məxsus digər adalar qrupu) və digərləri təşkil edir.

Digər Qərbi Avropa ölkəsi, unitar konstitusiyalı monarxiya olan – Danimarkada da Ali Komissar dövlətin Farer adalarında əsas təmsilçisi olub, ölkənin Farerdəki administrasiyasına başçılıq edir. Ali Komissar Laqtinqdə (muxtariyyətin qanunverici məclisi) dövlətin ümumi işlərinə dair bütün müzakirələrdə səsvermə hüququ olmadan iştirak edir. Ali Komissar Laqtinq və Landsstayrın (muxtariyyətin hökuməti) qəbul etdiyi qərarlar haqqında dərhal məlumatlandırılır, qanunların və Daxili Hökumətin digər normativ aktlarının surətləri ona göndərilir. Atlantik okeanın şimal hissəsində yerləşən Farer arxipelaqı 18 adadan ibarətdir ki, onların da 17-si məskunlaşıbdır. Ümumi ərazisi 1399 km2 olan arxipelaqın əhalisinin sayı 50 min nəfərə yaxındır. Arxipelaq Danimarkaya 1117 km uzaqda yerləşir. Əhalinin 92 faizi farerlilər, 5 faizi danimarkalılar, qalanı isə əsasən islandiyalılar, ingilislər, filippinlilər, norveçlilər və başqalarıdır.

Unitar respublika olan İtaliyanın 20 əyalətindən 5-i milli (ərazi) muxtariyyəti statusuna malikdir. Onlardan ən məşhuru Trentino-Alto Adice Muxtar Regionunun tərkibindəki iki əyalətdən biri olan Cənubi Tiroldur. İtaliya mərkəzi hökumətini ofisi Cənubi Tirol Muxtar Əyalətinin inzibati mərkəzi olan Bolzano şəhərində yerləşən Hökumət komissarı təmsil edir. Əyalətin hakimiyyət orqanları – Landtaq (əyalət parlamenti), Əyalət Hökuməti və Əyalət Prezidentidir. Ərazisi 7400 km2 olan Cənubi Tirolun əhalisi 530 min nəfərdən çoxdur. Cənubi Tirol İtaliyanın şimalında yerləşib, şimalda və şərqdə Avstriya, qərbdə İsveçrə ilə həmsərhəddir. Əyalət əhalisinin 69,4 faizini almanlar, 26,1 faizini italyanlar, 4,5 faizini isə ladinlər təşkil edir.

Unitar respublika olan Finlandiyanın tərkibində Aland adaları siyasi muxtariyyəti vardır. Finlandiya Hökumətini Aland muxtariyyətində Qubernator təmsil edir. Finlandiya, Aland da daxil olmaqla, inzibati cəhətdən 19 regiona bölünür və regionların hər birinə birbaşa qubernator təyin edilir. Yalnız xüsusi statuslu region kimi Aland Qubernatorunu Prezident Laqtinqin sədri ilə razılaşdıraraq təyin edir. 6554 adadan ibarət olan arxipelaq Baltik dənizindən Botnik körfəzinə girişdə, Finlandiya ilə İsveç arasında yerləşir. Dünyanın ən böyük adalar yığımı olan arxipelaqın cəmi 50 adası məskunlaşıbdır. Aland adalarının ümumi sahəsi 6784 km2, torpaq sahəsi 1552 km2, əhalisi 30 min nəfər civarındadır. Muxtariyyət əhalisinin 95 faizi isveçlilərdir.

Unitar respublika olan İndoneziyanın tərkibindəki Açe Xüsusi Əyalətində mərkəzi hakimiyyəti Qubernator təmsil edir. O, mərkəzi hökumətin təmsilçisi vəzifəsini həyata keçirməklə yanaşı, muxtariyyətin qanunvericilik orqanı qarşısında (əyalətin əhalisi tərəfindən seçildiyi üçün) cavabdehlik daşıyır. Ölkə Hökuməti Açe Hökuməti və dairə/şəhər hökumətlərinin fəaliyyətinə nəzarət hüququna malikdir: o, bunun üçün norma, standart və prosedurları müəyyənləşdirir. Muxtariyyətin ərazisi 58377 km2, əhalisi isə 5 milyon nəfərdən çoxdur. Açedə əyalətin əsas əhalisi olan açelilərlə (70,6 faiz) yanaşı, yavalılar (9 faiz), qayolar (7,2 faiz), bataklar (3,3 faiz), alaslar (2,1 faiz), simeuluelər (1,5 faiz) və digər xalqlar yaşayır. Əhalinin böyük çoxluğu (98 faizdən çox) islam dininə sitayiş edir.

Unitar respublika quruluşuna malik Mərkəzi Amerika ölkəsi olan Panama inzibati-ərazi bölgüsünə görə 10 əyalət, 77 dairə, 5 muxtar ərazidən (komarka) ibarətdir. Əyalət statusunda olan komarkalar qubernatorlar tərəfindən idarə olunan Quna Yala, Kuna-de-Madunqandi, Kuna-de-Varqandi, Embera və Nqobe-Buqledir. Bunlardan ilk üçündə köklü hindu xalqı olan qunalar yaşayır. Kuna de-Madunqandi, Nqobe-Buqle və Kuna de-Varqandi komarkalarında muxtariyyət hüququ xeyli məhduddur. Mərkəzi hakimiyyətin muxtariyyətlərdə təmsilçilik institutu eyni olduğundan, daha geniş muxtariyyət səahiyyətlərinə malik olan Quna Yala əyalətinin nümunəsinə baxmaq kifayət edir. Quna Yala komarkasında Panamanın mərkəzi hökumətinin təmsilçisi vəzifəsini 1953-cü ildən mərkəzi hökumətin qeyri-köklü əhali arasından təyin etdiyi Qubernator təmsil edir. Panamanın şimal hissəsində yerləşən Quna Yala regionunun ərazisi 2358 km2, əhalisi 33 min nəfərdən çoxdur (köklü xalq olan qunaların ölkədəki ümumi sayı 80 min nəfərdən artıqdır). Komarka ərazisinin 87 faizi meşə örtüyündən ibarətdir.

Beləliklə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi haqqında” Fərmanı ilə təsis edilən Naxçıvan muxtariyyətində səlahiyyətli nümayəndəlik institutu beynəlxalq təcrübəyə tam uyğun şəkildə tətbiq olunmuş yeni idarəçilik institutudur. Müvafiq Fərmanla təsdiq edilən “Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi haqqında Əsasnamə”də səlahiyyətli nümayəndəliyin fəaliyyətinin bütün istiqamətləri, hüquq və vəzifələri icra hakimiyyəti çərçivəsində nəzərdə tutulubdur. Belə ki, səlahiyyətli nümayəndəlik muxtar respublikada fəaliyyət göstərən yerli icra hakimiyyəti orqanlarının fəaliyyətini əlaqələndirir və onların fəaliyyətinə nəzarəti həyata keçirir, muxtar respublikanın davamlı sosial-iqtisadi inkişafını təmin etmək məqsədilə yerli icra hakimiyyəti orqanlarının digər dövlət orqanları (qurumları) ilə qarşılıqlı fəaliyyətini təmin edir, eyni zamanda bölgənin ictimai, sosial və iqtisadi vəziyyətlə əlaqədar Azərbaycan Respublikasının Prezidentinə mütəmadi hesabatlar təqdim edir, Azərbaycan Prezidentinin müəyyən etdiyi digər istiqamətlərdə fəaliyyət göstərir.

Səlahiyyətli nümayəndəliyin vəzifələrinə yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinə nəzarəti həyata keçirmək; yerli icra hakimiyyəti orqanları arasında, habelə yerli icra hakimiyyəti orqanları ilə digər dövlət orqanları (qurumları) arasında əlaqələndirməni təmin etmək, müvafiq ərazidə əhalinin rifahının yaxşılaşdırılması üçün dövlət proqramları layihələrinin hazırlanmasında və təsdiq edilmiş proqramların icrasına nəzarətdə iştirak etmək; aidiyyəti dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının təklifləri əsasında müvafiq ərazinin sosial-iqtisadi inkişafına dair təkliflər hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək; Azərbaycan Respublikası Prezidentinin aktlarının və tapşırıqlarının müvafiq ərazidə dövlət orqanları (qurumları) tərəfindən yerinə yetirilməsi vəziyyətini qiymətləndirmək və bununla bağlı Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək kimi məsələrə daxildir.

Bununla yanaşı səlahiyyətli nümayəndəliyin yerli icra hakimiyyəti orqanları tərəfindən müvafiq ərazinin inkişaf meyillərinin müəyyənləşdirilməsi və proqnozlaşdırılması, sosial əhəmiyyətli sifarişlərin öyrənilməsi işinin təşkilinə nəzarət etmək; yerli icra hakimiyyəti orqanlarının kadr potensialının artırılması ilə əlaqədar təkliflər vermək və s. daxildir.

Bu vəzifələrin icrası üçün səlahiyyətli nümayəndəliyin yerli icra hakimiyyəti başçılarına tapşırıqlar vermək; yerli icra hakimiyyəti başçısının müavininin (müavinlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi üçün, həmçinin, yerli icra hakimiyyəti başçıları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirlərinin tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinə təqdimat vermək; yerli icra hakimiyyəti başçılarının fəaliyyətləri haqqında hesabat vermələri üçün müddətləri müəyyənləşdirmək; normativ hüquqi aktların layihələrinə dair təkliflər vermək; təhlillər aparmaq, təkliflər, tövsiyələr, rəylər, arayışlar, analitik və digər yönümlü materiallar hazırlamaq, onları aidiyyəti üzrə təqdim etmək; səlahiyyətlərinə aid olan məsələlərlə bağlı dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə yazılı və ya şifahi sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq; müxtəlif görüşlər, iclaslar, müşavirələr və digər tədbirlər keçirmək və bu kimi hüquqları vardır.

Bütün bunlar sübut edir ki, bu institutun tətbiqi eyni zamanda Azərbaycan Respublikası Konstitusiyasının 99-cu maddəsinin (“İcra hakimiyyətinin mənsubiyyəti”) Naxçıvan Muxtar Respublikasında mərkəzi hakimiyyətin, bilavasitə Azərbaycan Respublikası Prezidentinin nəzarəti altında daha effektiv icrasının təmin edilməsinə yönəlibdir ki, bu da tamamilə qanuna və unitar dövlət anlayışına uyğundur. Xatırladaq ki, həmin maddənin məzmunu aşağıdakı kimidir: “Azərbaycan Respublikasında icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur”. Bu baxımdan bütövlükdə ölkədə və onun ərazisinin ayrıca götürülmüş hər hansı bir hissəsində, o cümlədən, Naxçıvan Muxtar Respublikasında icra hakimiyyətinin həyata keçirilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası Prezidentinin müstəsna konstitusion səlahiyyətidir.   

Elman Cəfərli

Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri,

tarix üzrə fəlsəfə doktoru, dosent

Nəşr edilib : 13.01.2023 12:38