AZ EN RU

Dünya şahmatının yeniyetmə ulduzları Naxçıvanda bir araya gəlir - FOTOLAR

Muxtar respublikamız mötəbər yarışa tam hazırdır

    Bu gün ölkəmizdə idmanın bütün növləri kimi, şahmatın da sürətli inkişafı, bu sahədə mühüm nailiyyətlərin qazanılması ulu öndərin adı ilə bağlıdır. Məhz ümummilli liderin diqqət və qayğısı sayəsində çox qısa müddətdə Azərbaycanda böyük şahmat infrastrukturu yaradılıb. Artıq Azərbaycan müasir dövrümüzdə şahmat ölkəsi kimi özünü təsdiq edib və mötəbər beynəlxalq yarışlara ev sahibliyi edən məkan kimi tanınır. Ölkənin bütün regionlarında olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da idmanın ən qədim növlərindən olan şahmatın inkişafına dövlət tərəfindən yüksək diqqət və qayğı ilə yanaşılır. Muxtar respublikamız idman tarixinin yeni səhifəsini yazmağa hazırlaşdığı bir məqamda daha bir mötəbər yarışa – 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasına ev sahib­liyi edəcək.  

Olimpiada tarixi

Böyük və mötəbər şahmat tədbirlərinə ev sahibliyi etmək hər bir ölkə üçün mühüm əhəmiyyət kəsb edir. Xüsusilə bu, olimpiada olarsa, daha çox diqqət mərkəzində olur. Belə yarışlardan biri də dünyanın hər zaman diqqətini cəlb edən 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasıdır. Olimpiadanın tarixi ötən əsrin 70-ci illərinə təsadüf etsə də, keçirilən ilk olimpiada 2001-ci ildən qəbul edilir. 1979-cu il 14-20 oktyabr tarixlərdə ilk dəfə Danimarkanın Viborq şəhərində dünya komandalar çempionatı təşkil olunub. 16 komandanın mübarizə apardığı çempionatın ilk qalibi kimi İngiltərə şahmat tarixinə düşüb. Digər maraqlı məqam bu çempionatda yalnız bir qız şahmatçının iştirakıdır. Sonralar çempionatın formatı qeyri-adi olduğuna görə bir daha təşkil edilməyib. 
    2001-ci ildə Braziliyanın Batatays şəhərində ilk dəfə olaraq 8 komanda ilə Ümumdünya Şahmat Olimpiadası keçirilib. Bu olimpiada həm də tarixin yaddaşına ən az komanda və ən az iştirakçısı (38 oyunçu) olan yarış kimi yazılıb. Tarixə nəzər yetirsək, 2013-cü ildə Çinin Çuntsin şəhərində keçirilən olimpiada ən çox komanda və iştirakçısı olan yarış kimi yaddaşlara həkk olunub – 72 komanda, 332 şahmatçı. Olimpiadaya ən çox ev sahibliyi edən ölkə isə Türkiyədir – 9 dəfə. Hindistan (2 dəfə), Malayziya, Sinqapur, Çin, Macarıstan, Monqolustan və Slovakiya da bu mötəbər yarışa ev sahibliyi edən ölkələr sırasındadır. 
    2019-cu ildə Türkiyənin Çorum şəhərində keçirilən və 6 qitədən 38 ölkənin 48 komandasının mübarizə apardığı Ümumdünya Şahmat Olimpiadası Azərbaycan üçün tarixi uğurla nəticələnib. Belə ki, komandamız bu olimpiadada bütün rəqiblərini qabaqlayaraq ilk dəfə qalib adını qazanıb. Ümumiyyətlə, olimpiadanı ən çox qazanan ölkələr Rusiya və Hindistan komandalarıdır – hərəyə 4 dəfə.

Niyə məhz Naxçıvan?

Müasir dövrün tələblərinə uyğun olaraq uşaqların mənəvi inkişafında şahmatın rolunun böyük olduğu aşkardır. İlk olaraq zəka oyunu hər bir fərdin formalaşmasında əhəmiyyətə malikdir. Bu gün fəxrlə deyə bilərik ki, muxtar respublikada şahmat gələcəyimiz olan uşaq və yeniyetmələr arasında kifayət qədər kütləvi hal alıb. Təbii ki, bunun müəyyən səbəbləri var. Ümumiyyətlə, şahmatın Naxçıvanda yeni model halında inkişafının əsası 2018-ci il sentyabrın 8-də Şahmat Federasiyasının seçki-hesabat konfransından sonra qoyulub. Konfransda quruma yeni sədr seçilən Seymur Talıbov ilk gündən etibarən federasiyada şahmatın inkişafı, kütləvi hal alması, yeni gənc istedadların axtarışı yönündə böyük işlər görməyə başlayıb.
    Məhz bunun bəhrəsidir ki, Naxçıvan şəhərində Azərbaycanda ilk dəfə olaraq 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadası keçiriləcək. Bu mötəbər tədbirin diyarımızda təşkili üçün 2019-cu ildə Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri FIDE və Ümumdünya Şahmat Federasiyasına müraciət edib. Rəsmi qurumlar isə Naxçıvan Muxtar Respublikasında şahmatın inkişafına yaradılan şəraiti, bu növə göstərilən diqqət və qayğını, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq şahmat festivallarının yüksək səviyyədə təşkil olunmasını nəzərə alaraq müraciəti qəbul ediblər. Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2022-ci il 21 iyun tarixli Sərəncamı ilə olimpiadanın keçirilməsi üçün Təşkilat Komitəsi yaradılıb, olimpiadanın rəsmi internet səhifəsi və əsasnaməsi hazırlanaraq FIDE-yə göndərilib. 
    Həmçinin 2022-ci il sentyabrın 14-də Naxçıvan Muxtar Respublikası Ali  Məclisində olimpiadaya hazırlıq və qarşıda duran vəzifələr barədə müşavirə keçirilib. Naxçıvan Muxtar Respublikası Ali  Məclisinin Sədri cənab Vasif Talıbov müşavirədə çıxış edərək demişdir: “Ölkə Prezi­denti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında şahmat dövlət səviyyəsində himayə olunur. Muxtar respublikada müasir şahmat infra­strukturunun yaradılması, şahmat məktəblərinin fəaliyyət göstərməsi, ümumtəhsil məktəblərində şahmatın tədrisi gənclərin bu idman növünə marağını artırmışdır. Naxçıvan Muxtar Respublikasında 3 mindən artıq gənc şahmatla məşğul olur. Naxçıvanda beynəlxalq şahmat yarışlarının keçirilməsi sahəsində də təcrübə və ənənə formalaşmışdır”. Ali Məclisin Sədri muxtar respublikada şahmatın inkişafı sahəsində görülən işlərdən bəhs edib, aidiyyəti üzrə tapşırıqlar verərək olimpiadanın yüksək səviyyədə keçiriləcəyinə əminliyini bildirib, qarşıya qoyulan vəzifələrin icrasında müşavirə iştirakçılarına uğurlar arzulayıb.

Təşkilati işlər yüksək səviyyədə aparılıb

    16 yaşadək yeniyetmələr arasında keçiriləcək Ümumdünya Şahmat Olimpiadası öncəsi görülən işlərlə yaxından tanış olmaq üçün Naxçıvan Şahmat Mərkəzinə yollandıq. Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədr müavini Emin Hacıyevlə söhbətimizdən məlum oldu ki, federasiya təşkil olunacaq mötəbər turnirə tam hazırdır. Olimpiada ilə əlaqədar olaraq bütün təşkilati işlər görülüb, Naxçıvan Şahmat Mərkəzində təmir-bərpa işləri aparılıb, iştirakçı ölkələrin bayraqları yerləşdirilib, bannerlər və masalar quraşdırılıb, eyni zamanda masalara quraşdırılmaq üçün yeni elektron lövhələr alınıb. Oyunların canlı izlənilməsi üçün optik xətt ilə yüksəksürətli internet təşkil edilib. Həmçinin mərkəzdə əlavə olaraq 3 otaq hazırlanıb. Bunların biri mətbuat, biri həkim, digəri isə tamaşaçılar üçün nəzərdə tutulub.
    Uzun müddətdir, böyük yarışa hazır­laşan Naxçıvan Muxtar Respublikasının Şahmat Federasiyası diyarımızın təbliğatını da unutmayıb. Belə ki, yarışdan öncə Naxçıvan haqqında məlumat bülleteni hazırlanıb və bunun kitab şəklində çap olunması nəzərdə tutulub. Olimpiada müddətində isə qonaqların muxtar respublikanın tarixi abidələrinə və görməli yerlərinə səfərləri təşkil ediləcək. Eyni zamanda yarışda iştirak edəcək hər bir kəs üçün üzərində olimpiadanın loqosu olan fərqli köynəklər hazırlanıb. İştirak edəcək komandaların üzvlərinə təqdim edilmək üçün çanta, papaq, qələm-kitabça, bayraq və fincan da düzəldilib. Emin Hacıyev diqqətə çatdırdı ki, olimpiadada 24 ölkənin 34 komandasının 200-dən çox şahmatçısı mübarizə aparacaq. Hər komandanın tərkibində 6 zəka sahibi (4 oğlan, 2 qız) iştirak edəcək ki, onların 4-ü (3 oğlan, 1 qız) oyun zamanı əsas heyətdə mübarizə aparacaq. Eyni zamanda muxtar diyarımıza 100-ə yaxın qonaq təşrif buyuracaq. Ümumiyyətlə, olimpiadada iştirak etmək üçün dünya ölkələrinin şahmat federasiyalarına və bir neçə federasiya rəsmilərinə elektron və poçt vasitəsilə dəvət məktubları göndərilib, onlarla daim əlaqə yaradılıb. Bununla yanaşı, Hindistanda başa çatan Dünya Şahmat Olimpiadasında məlumat guşəsi açılıb, olimpiada və Naxçıvan haqqında məlumat bülleteni hazırlanıb, bukletlər paylanılıb. Azərbaycanın və digər ölkələrin internet səhifələrində olimpiada ilə əlaqədar olaraq anonslar verilib, Türkiyənin nüfuzlu televiziya kanalı olan “Haber qlobal”da olimpiada haqqında videosüjet efirə gedib. Həmçinin Naxçıvan şəhərində olimpiada başa çatanadək 14 yerdə banner,            4 yerdə işıqlı şahmat fiqurları quraşdırılıb, xüsusi ayrılmış avtobusların üzərinə olimpiadanın loqosu həkk olunan bannerlər vurulub.

Naxçıvan komandasının heyəti

Göründüyü kimi, Ümumdünya Şahmat Olimpiadasının keçirilməsi üçün bütün təşkilati işlər aparılıb. Bu olimpiada həm də zəka sahiblərimiz üçün böyük sınaqdır. Dünyanın tanınmış yeniyetmə şahmatçılarının Naxçıvana gəlişi, onların burada mübarizə aparması şahmata yeni başlayanlar üçün də əlavə stimuldur. Naxçıvan komandası ikinci dəfədir ki, beynəlxalq olimpiadada mübarizə aparacaq. İlk dəfə olaraq 2019-cu ildə Türkiyənin Çorum şəhərində keçirilən analoji yarışda komandamız 3 qələbə qazanmışdır. Cari yarışda komandamızın kapitanı məşqçi-müəllim, beynəlxalq qrossmeyster Urfan Sevdimalıyevdir. Mübarizə aparacaq 6 nəfərlik heyətdə Hüseyn Seyid (2097), Rza Həsənli (1566), Rəcəb Abdullabəyli (1506), Sadiq Abbasov (1542), Nazlı Hümbətova (1632) və Zərifə Abbasova (1480) yer alıb. 

Hakimlərin adları məlumdur

Naxçıvanda keçiriləcək 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasının artıq hakimləri və Apelyasiya Komissiyasının üzvləri də məlumdur. Bu mötəbər yarışın baş hakimi fransalı Freyd Lorandır. Onun müavinləri isə Türkiyədən Atilla Gürkmen və Azərbaycandan Lütfiyar Rüstəmovdur. Yarış ərəfəsində Xusan Turdaliyev (Özbəkistan) “feer player”, Anton Juravlyov (Rusiya) FIDE texniki direktor və Marika Japaridze (Gürcüstan) isə hakim vəzifəsini yerinə yetirəcəklər. Eyni zamanda beynəlxalq hakimlər Qüdrət İsmayılov, Rəhim Qasımov, Azər İbrahimov, Şaiq Quliyev, Rauf Hacılı, İbrahim Məmmədov, Mahir Cəfərov və Elşad Abdullayev də Ümumdünya Şahmat Olimpiadasında hakim kimi fəaliyyət göstərəcəklər.
    Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədr müavini Emin Hacıyev və FIDE hakimi Tural Zeynalov da bu yarışda hakim kimi iştirak edəcəklər. Antiçitinq kimi isə beynəlxalq hakim Məcid Əfəndiyev və naxçıvanlı FIDE hakimi Röya Cəlilova çalışacaq.
    Ümumdünya Şahmat Olimpiadasının Naxçıvan Muxtar Respublikasında təşkil olunması bir daha onu göstərir ki, muxtar respublikamız özünü dünyada müasir, inkişaf edən region, həm də şahmat diyarı kimi tanıdıb. Bu, çox əhəmiyyətli və mühüm bir beynəlxalq yarışdır. Olimpiadanın Naxçıvanda təşkili hər bir zəka sahibini, bu növə marağı olanları sevindirir.  Yarışın təşkilati məsələləri yüksək səviyyədə həll edilib. Muxtar diyarımızın daim böyük və əhəmiyyətli beynəlxalq yarışlara, turnirlərə ev sahibliyi etməsi artıq ənənə halını alıb. Eyni zamanda bu gün muxtar respublikamızda yaradılan şahmat infrastrukturu, şahmat məktəblərinin fəaliyyəti regionda nümunə kimi qəbul edilir. Hər il ənənəvi olaraq ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq şahmat festivalında dünyanın nüfuzlu zəka sahibləri iştirak edirlər. Yüksək səviyyədə təşkil edilən bu festivala hər zaman Azərbaycan və digər ölkələrin şahmatçıları tərəfindən maraq böyük olur. Muxtar diyara səfər edənlər burada düzgün inkişaf strategiyasını, şahmat idman növünün inkişafı üçün aparılan işlərin şahidi olurlar. Hər il keçirilən ənənəvi beynəlxalq şahmat festivallarında naxçıvanlı şahmatçıların dünya və Avropa çempionları, beynəlxalq reytinqli şahmatçılarla qarşılaşması isə onlara böyük təcrübə və əlavə stimul yaradır. Bütün bunlar isə  müasir dünya idman arenasında daha çox diqqəti cəlb edir. Odur ki, 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasına Naxçıvanın ən yüksək səviyyədə ev sahibliyi edəcəyinə əminik. İndi əminliklə deyə bilərik ki, bu olimpiadadan sonra bütün qonaqlar öz vətənlərinə ən xoş təəssüratlarla qayıdacaq, Naxçıvan şahmatı haqqında dünya şahmat ictimaiyyətinin fikri daha dolğun olacaq.

 Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 30.09.2022 21:32