AZ EN RU

Dünya Robot Olimpiadasının Azərbaycan final mərhələsində qalib olan məktəblilərlə görüş keçirilib

    Sentyabrın 5-də STEAM Təlim-Tədris Mərkəzində Dünya Robot Olimpiadasının Azərbaycan final mərhələsinin iştirakçıları və “Robosport” kateqoriyası üzrə qalib olan “Deusra” komandasının   üzvləri ilə görüş keçirilib.
    Görüşdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov olimpiadada qalib olan məktəbliləri təbrik edib. Bildirilib ki, muxtar respublikada da 2020-2021-ci tədris ilindən STEAM təhsil metodunun tətbiqinə başlanılıb və qısa müddət ərzində nazirliyin tabeliyində STEAM Təlim-Tədris Mərkəzi qurulub, 156 təhsil müəssisəsində STEAM kabinələri yaradılıb, ümumtəhsil məktəblərinin 70 faizi STEAM təhsilinə, 400-dən artıq müəllim STEAM təlimlərinə, 19 minə  yaxın şagird isə STEAM təhsilinə cəlb olunub.  Diqqətə çatdırılıb ki, məktəblilərimiz Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən “Saf-2021” və “Saf-2022” festivallarında iştirak edərək uğurlu nəticələr əldə ediblər.
    1-3  sentyabr tarixlərdə Azərbaycan Respublikası  Gənclər və İdman, Elm və Təhsil, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin, Dünya Robot Olimpiadası Assosiasiyasının  və Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən VI Robot Olimpiadasında məktəblərin qalib olması Naxçıvan təhsilinin növbəti uğurudur. 
    STEAM təlimçisi Fuad Babayev  bildirib ki,  160 komanda arasında birinci olmaq STEAM təhsilinin muxtar respublikanın ümumtəhsil  məktəblərdə  uğurlu tədrisinin nəticəsidir.
    Rəhman Məmmədov qalib komandamız olan “Deusra”nın   cari ilin 7-9 noyabr tarixlərdə Panama Respublikasında keçiriləcək Dünya Robot Olimpiadasında ölkəmizi təmsil edəcəyini də bildirib. 
    Sonda Dünya Robot Olimpiadasının Azərbaycan final mərhələsində məktəblilərin  iştirakından bəhs edən videoçarxa baxış olub.  

Naxçıvan Muxtar Respublikası Təhsil  Nazirliyinin
 mətbuat xidməti

 

Nəşr edilib : 05.09.2023 11:46