AZ EN RU

Dünya qədər sevgi payı

Böyük ümidlər bəslədiyimiz yeni ilin astanasındayıq. Geriyə boylandıqda canımız, qanımız, doğma Azərbaycanımızın gündən-günə çiçəklənməsi, qüdrətlənməsi yolunda dövlətimizin imza atdığı böyük uğurları göz önünə gətirib qürurlanırıq. Elə dekabrın 21-də Xankəndi stadionunda xalqımız daha bir qürurlu hadisənin, dünya ictimaiyyəti isə tarixi reallığın şahidi oldu. Otuz iki ildən sonra ilk dəfə Xankəndi stadionunda futbol matçı keçirilirdi. Bu unudulmaz hadisə Azərbaycan xalqının  hədsiz sevincinə, fərəhinə səbəb oldu. Şəhidlərin ruhuna ehtiram və vətənpərvərlik nümunəsi olan yarış dünya ictimaiyyətinə tutarlı bir mesaj idi: “Qarabağ Azərbaycandır!”.

...Xalqın lideri olmaq böyük şərəfdir. Lakin xalqın sevimli lideri, əziz Prezidenti olmaq şərəfdən ziyadə həm də, xoşbəxtlik, bəxtəvərlikdir. Elə dövlət başçımız cənab İlham Əliyevin özünün qeyd etdiyi kimi, O xoşbəxt insandır. Xoşbəxtdir ona görə ki, uşaqdan-böyüyə hər kəsin könlündə məhəbbət taxtı qurub, səmimiyyəti, sadəliyi, təvazökarlığı, insanpərvərliyi ilə xalqın sonsuz inamını, etibarını və əbədi sevgisini qazanıb. Bu sevginin ən təmiz, ən saf üzü isə uşaqların ona bəslədiyi təmənnasız sevgidir. Bu ucsuz-bucaqsız, saf, təmiz sevgini ölkəmizin başçısı cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhid övladları ilə birgə yarışı izləyərkən bir daha şahidi olduq.  Dövlət başçısı üçün ayrılmış sektorda oyuna tamaşa edən uşaqlar Prezident və onun xanımı Mehriban Əliyevadan bir an olsun ayrılmaq istəmədi. Cənab İlham Əliyevin uşaqlarla maraqlı dialoqu hər birimizin üzündə təbəssümə səbəb olan, dəfələrlə izləsək də doymadığımız görüntülər idi. Prezident uşaqlardan birindən hava soyuq olduğu üçün üst geyimini geyinməsini istədi. Digər uşağın onu videolentə aldığını görən ölkə başçısı gülümsəyərək, kameraya zəfər təəssüratlı görüntülər sərgilədi. Həmin kadrlar milyonlarla izləyici tərəfindən rəğbətlə qarşılanaraq günün videosuna çevrildi. Uşaqlarla sevgi dolu fotolar çəkdirən, onlarla elə onların dili ilə söhbət edən Prezident və onun xanımının şəhid övladları ilə səmimi görüntüləri hamımızın qəlbini riqqətə gətirdi. Oturacağını Prezidentə əmanət edən şəhid övladına “Yerini saxlayacağam, qoymacağam heç kimi...” dialoqu isə günün əsl gündəminə çevrildi. Həmin gün qarşılıqlı pak hisslərdən, səmimi duyğulardan yaranan sevgilərini, heyranlıqlarını uşaqlar hərəsi bir cür ifadə etdi. Bu Prezidentin uşaqlarla ilk səmimi görüntüləri deyildi. Belə kadrların dəfələrlə şahidi olmuşuq. Elə Laçında bir neçə ay əvvəl Prezidentin laçınlı uşaqlarla görüşü zamanı uşaqların sevinci yerə-göyə sığmırdı. Və eləcə də könüloxşayan sevgi dolu digər görüşlər...

...Deyirlər, sadəlik və səmimiyyət insan xarakterinin, bəlkə də, ən vacib keyfiyyətlərindən biridir. Özü də bu insani xüsusiyyətlər təbii olanda zərifləşir, ülviləşir, sahibinə əzəmət gətirir. Bir də sevgi… Müdrik dünyanın əyilməz sütunu olan saf, təmiz, pak sevgi… Bu sevgini səmimiyyətin, sadəliyin, humanizmin parlaq nümunələri olan cənab İlham Əliyev və adı kimi mehriban, nəcib, təvazökar xanım Mehriban Əliyevanın Vətəninə, xalqına, millətinə olan sevginin timsalında görürük. Elə bu sevgidir Azərbaycanımızı nura qərq edən, al-əlvan rənglərə boyayan… Qoy yurdumuza sevgi şölələri hər an işıq saçsın! Bütöv Azərbaycanımız bu nurla, bu işıqla süslənsin!

Gülcamal TAHİROVA

Nəşr edilib : 29.12.2023 12:35