AZ EN RU

Dünya musiqi xəzinəsinin incisi, Azərbaycanın milli sərvəti – muğam

    Azərbaycan xalqının qədim və zəngin tarixini özündə ehtiva edən muğam sənəti xalqımızın dünya mədəni irsinə bəxş etdiyi böyük xəzinədir. Təfəkkür və düşüncə tərzimizin əksini tapdığı muğamlarımız xalqın ruhunu özündə əsrlərboyu yaşadıb və yaşatmaqdadır. Məhəbbət və nifrət, xeyir və şər, hicran və vüsal, mübarizə və döyüş, inam və qələbə üzərində köklənən muğamlar məzmun və fəlsəfi zənginlik yaradaraq hər bir azərbaycanlının mənəviyyatına daxil olub. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev muğamlarımızla bağlı deyirdi: “Bizim xalqımızın böyük musiqi mədəniyyəti tarixi var. Azərbaycan xalqının qədim dövrlərdən indiyə qədər yaşayan xalq musiqisi, xalq mahnıları, Azərbaycan muğamları milli sərvətimizdir”. Ulu Öndərimizin belə yüksək qiymət verdiyi muğamlarımızın xoş sədası bu sənətin beşiyi olan Şuşadan ucalaraq bütöv Azərbaycana yayılıb, xalqımızın qanına, canına, yaddaşına hopub.

     Muğamlarımız hansısa bəstəkar tərəfindən bəstələnmiş musiqi və ya avaz deyil. Muğam insan ruhunu oxşayan, onun psixologiyasına müxtəlif istiqamətlərdə təsir göstərə bilən unikal bir vasitədir. Yaşı bilinməyən muğamlarımızın müəllifi Azərbaycan xalqıdır. Onların bəstəkarı da, söz yazarları da xalq özüdür. Sanki müəlliflərinin adları da zamanın gərdişində buna görə unudulub ki, onlar yalnız bir adda, bir ünvanda tanınsınlar. Bütöv bir xalqın varlığına köçərək, tarixinin bir hissəsinə, milli-mənəvi sərvətinə çevrilsinlər. Xalqımızın milli-mənəvi zənginliklərini təcəssüm etdirən muğamlarımızın heyranı yalnız biz deyilik. “Çahargah”, “Rast”, “Şur”, “Humayun”, “Segah”, “Bayatı-Şiraz” və digər muğamlarımız dilindən, dinindən, irqindən asılı olmayaraq, hər bir musiqisevərin qəlbinə yol tapa bilir. Ona görə də muğamı yalnız Azərbaycanda, Şərq ölkə­lərində deyil, ümumilikdə, dünyada sevir, bəşəriyyətin mənəvi irsinin bənzərsiz xəzinələrindən hesab edirlər.
    Ötən əsrin 70-ci illərində Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə milli dəyərlərimizin yaşadılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində muğam sənətimiz yeni inkişaf mərhələsinə qədəm qoydu, muğam ifaçıları və bu sənəti yaşadanlar qayğı ilə əhatə olundular. 1971-ci ildə YUNESKO-nun 50 albomdan ibarət olan “Dünya ənənəvi musiqisinin antologiyası” seriyasına “Azərbaycan musiqisi plastinkası” da daxil edilib, 1975-ci ildə Azərbaycan muğamları “Musiqi mənbələri” seriyasında buraxılıb. Müstəqillik illərində Azərbaycan musiqisinin və muğamının inkişafında Ulu Öndərimizin müstəsna xidmətləri olub. 2002-ci ilin noyabr ayında YUNESKO tərəfindən muğam sənəti “Bəşəriyyətin qeyri-maddi mədəni irsi” reprezentativ siyahısına daxil edilib. Dahi şəxsiyyət Heydər Əliyevin 2003-cü il 16 may tarixdə imzaladığı “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikası Qanununa əsasən muğam-dəsgahlar, zərb muğamlar, təsnif və rənglər də qorunan folklor nümunələri siyahısına salınıb. 2003-cü ilin noyabr ayında Azərbaycan muğamı YUNESKO tərəfindən Bəşəriyyətin Şifahi və Qeyri-Maddi İrsinin Şah Əsəri elan olunub. Bütün bunlar sonrakı illərdə zəngin muğam sənətimizin inkişafı və tanıdılması baxımından dəyərli ənənənin əsasını qoyub. 
    Bu gün Azərbaycanda muğam sənətinə, musiqimizə dərin məhəbbət və ehtiram var. Onun qorunub saxlanmasına və təbliğinə xüsusi diqqət göstərilir. Ölkəmizdə elə bir musiqi tədbiri yoxdur ki, orada muğam sədası eşidilməsin. “Muğam Azərbaycanın milli sərvətidir. Azərbaycan xalqı əsrlərboyu bu gözəl sənəti öz həyatında uca tutmuşdur, öz qəlbində saxlamışdır…” – deyən ölkə başçısı cənab İlham Əliyevin Sərəncamı ilə yaradılan və yüksək səviyyədə inşa olunan Beynəlxalq Muğam Mərkəzi muğamsevərlərin istifadəsinə verilib. Bu Sərəncam qədim sənətə göstərilən diqqət və qayğının daha bir ifadəsidir. 
    Muğam sənətinin qorunub saxlanması və tanıdılması istiqamətində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən silsilə tədbirlər müstəsna rol oynayır. Son illər ölkəmizdə bir sıra irimiqyaslı layihələr həyata keçirilib, muğam müsabiqələri təşkil olunub, “Qarabağ xanəndələri” albomu buraxılıb, “Muğam” jurnalı, “Muğam ensiklopediyası” nəşr edilib. Muğama dair ilk tədris vəsaiti kimi 8 diskdən ibarət “Azərbaycan muğamı” multimedia toplusu hazırlanıb. Onu da qeyd edək ki, Azərbaycanda 2009-cu ildən başlayaraq iki ildən bir beynəlxalq muğam festivalı və bu festival çərçivəsində Beynəlxalq “Muğam aləmi” simpoziumu keçirilir. 30 illik həsrətdən sonra Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə beynəlxalq musiqi festivalı yenidən təşkil edilib. 12 may 2021-ci il tarixdə doğma Şuşanın səmasında illər əvvəl olduğu kimi, “Qarabağ şikəstəsi” eşidildi, illər sonra “Xarıbülbül” festivalına start verildi. Açılışda Prezidentimiz, müzəffər Ordumuzun Ali Baş Komandanı cənab İlham Əliyevin çıxışı həm tamaşaçıları, həm iştirakçıları ruhlandırdı. Bu festival tək musiqiçilər üçün deyil, hər bir Azərbaycan vətəndaşı üçün böyük bayram oldu. 
    Azərbaycan muğamının təbliğinə və inkişafına hər zaman böyük diqqət və qayğı ilə yanaşan Mehriban xanım Əliyeva bu təkrarsız sənət haqqında deyib: “Azərbaycanın zəngin mədəniyyətinin və tarixinin ən gözəl incilərindən biri olan muğam, muğam sənəti bizim milli sərvətimizdir. Muğam Azərbaycan xalqına xas olan ən gözəl xüsusiyyətlərin daşıyıcısıdır. Torpağa, köklərə bağlılıq, vətənpərvərlik, milli ləyaqət hissi, qonaqpərvərlik, xeyirxahlıq, mərhəmət, emosional zənginlik – bütün bu hisslər muğam fəlsəfəsinin əsasındadır. Odur ki, desəm, muğam gözəlliyin və məhəbbətin rəmzidir, – səhv etmərəm”.
    2010-cu ildə isə Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər il keçirilən Beynəlxalq Niaqara musiqi festivalının rəhbərliyi tərəfindən qəbul edilən Qərara əsasən 26 avqust – Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günü kimi qeyd olunur. Bu qərar Azərbaycan mədəni irsinə beynəlxalq səviyyədə göstərilən marağı, diqqəti, yüksək dəyəri əks etdirir. 26 avqust tarixi muğamsevərlərin, bu sənəti qoruyub yaşadan, inkişaf və təbliğ edənlərin bayramıdır. Bütün dünyanı öz sehrinə salan bu sənətin xalqımızın tarixinə dərin kökləri, bağlılığı hər ilin bu günü bir daha diqqətə çatdırılır. 
    Tədqiqatçıların belə bir fikri var: ifaçıların məhz Qarabağ torpağında dünyaya göz açması onların taleyini əvvəlcədən müəyyən edir. Yaxşı səsi olan hər kəsin doğulması üçün Qarabağ, doğrudan da, ideal bir yerdir. Çünki ən məşhur muğam ifaçılarına diqqət etdikdə, məhz bu torpaqların yetirmələri olduğunu aşkar şəkildə görürük. Sanki muğam bu yurdun insanları ilə birgə doğulur, eyni taleyi yaşayır. Xanın səsi ilə yüksəlir, Üzeyirin dühası ilə dünyanı fəth edir. Qarabağ muğam məktəbinin nümayəndələri Azərbaycan xalqının musiqi mədəniyyətini inkişaf etdirməklə, öz həmvətənlərinin ağıllarına, hiss və duyğular aləminə nəcib təsir göstəriblər. Bu yerlərin təbiətindən keçib gələn, ruhu oxşayan həmin gözəllikdir ki, nadir musiqi mədəniyyətində öz əksini tapıb. Qarabağ muğam məktəbinin rəmzinə çevrilən məşhur “Qarabağ şikəstəsi” buna bariz nümunədir.
    Bəstəkarlarımız üçün ilham mənbəyi olan muğam, həm də milli musiqi mədəniyyətimizin uğurlarının əsasında durur. Dahi Üzeyir Hacıbəyli “Leyli və Məcnun” operasını muğam üzərində yazıb, Fikrət Əmirov “Şur” və “Kürd-ovşarı” simfonik muğamları ilə dünya musiqisində simfonik muğam janrının əsasını qoyub. Tarixən Şuşada Xarrat Qulu Məhəmməd oğlunun, Mir Möhsün Nəvvabın, Şamaxıda Mahmud Ağanın, Bakıda Məşədi Məlik Mənsurovun məclisləri, bu məkanlardan çıxan böyük sənətkarlar muğamın milli musiqimizin ana dili olduğunu bir daha təsdiqləyir. Bu özlüyündə görkəmli rus ədibi Sergey Yeseninin məşhur “Şair deyilsə, Şirazdan, müğənni deyilsə, Şuşadan deyil” ifadəsini xatırladır. Yazıçı Əbdürrəhim bəy Haqverdiyev isə deyirdi ki, XIX əsrin ikinci yarısında Bakıda, Şamaxıda, Aşqabadda, Tehranda və ya İstanbulda musiqiçilərlə rastlaşsanız, hökmən onların arasında şuşalı olduğunu görəcəksiniz. Şuşa dünyaya o qədər ustad xanəndələr, görkəmli bəstəkarlar və musiqişünaslar bəxş edib ki, onlar haqqında ifaçılıq ustalığı üzrə böyük bir ensiklopediya da yaratmaq olar. Bu dilbər guşəmiz tarixən muğam məclisləri ilə o qədər şöhrət tapıb ki, nəticədə, musiqi mədəniyyəti baxımından Qafqazda nadir məkana çevrilib. Əbəs yerə deyil ki, Şuşanı haqlı olaraq Şərqin musiqi konservatoriyası da adlandırırlar. 
    Muğamlarımız nəsildən-nəslə keçərək Azərbaycan xalqının ruhuna hakim kəsilib, damarında axan qanına çevrilib, bu günümüzə gəlib çatıb. Sevindirici haldır ki, bu irs muxtar respublikamızda da lazımınca qorunur, təbliğ edilir. Naxçıvanda fəaliyyət göstərən uşaq musiqi məktəblərində, Musiqi Kolleci və Naxçıvan Dövlət Universitetinin konservatoriyasında muğam ixtisas kimi tədris olunur. Uşaq musiqi məktəblərini bu ixtisas üzrə bitirən şagirdlər Naxçıvan Musiqi Kollecinin muğam sinfində təhsillərini davam etdirirlər.
    Xalqımızın tarixini milli-mədəni sərvətimiz kimi əbədiləşdirən muğamlarımız ən ağrılı-acılı günlərimizdə, o cümlədən Qarabağsız keçirdiyimiz illərdə həm də mənəvi təskinlik mənbəyimiz olub. 2020-ci ilin Qarabağ Zəfərindən sonra isə muğam heyrətamiz hisslər, düşüncələr, müdriklik mənbəyimiz olaraq bizə Vətən torpaqlarına qovuşmağın qürur və fərəhini yaşadır!

Gülcamal TAHİROVA

Nəşr edilib : 25.08.2023 23:05