AZ EN RU

Dünya dövlətçilik tarixinin möhtəşəm yüz ili...

    1299-1922-ci illərdə mötəbər, şanlı zəfərlərlə bəşər hərbi-siyasi salnaməsinə silinməz möhürünü vuran Osmanlı İmperiyasının layiqli varisi Türkiyə Respublikasının yaradılmasından 100 il ötür. Dünya dövlətçilik tarixinə qızıl hərflərlə həkk olunan möhtəşəm yüz il. Bu möhtəşəmliyə gedən yol heç də rəvan olmadı. Belə ki, 600 ildən artıq idi Osmanlı hegemonluğundan çəkinən bəzi müttəfiq qərb dövlətləri (Antanta) imperiyanın zəifləməsindən istifadə edərək onu parçalamaq, ərazilərini ələ keçirmək niyyətləri ilə hərəkətə keçdilər. Türkiyəni tarix səhnəsindən silmək məqsədi daşıyan I Dünya müharibəsinin acı nəticələrinə dair Mudros müqaviləsindən iki il sonra 1920-ci il avqustun 10-da 14 dövlətin səlahiyyətli nümayəndəsi tərəfindən Sevrdə (Fransa) imzalanan “Müttəfiq Dövlətlər və Türkiyə arasında sülh müqaviləsi” türk dövlətinin gələcəyini, taleyini sual altına salacaqdı; əgər bir sıra hərbi əməliyyatlarda uğur qazanmış, Osmanlı ordusunun ən istedadlı generallarından olan Mustafa Kamal Atatürk qurtuluş savaşına başçılıq etməsəydi. 1919-cu ildə dahi öndərin rəhbərliyi ilə türk ordusu haqq savaşına çıxaraq ölkəni işğal etmiş düşmənə sarsıdıcı zərbə vurdu, 1922-ci ilin avqustunda növbəti böyük qələbə dastanını yazdı.1923-cü il iyulun 24-də zəfər rəmzi sayılan Lozanna müqaviləsi bağlanılmaqla tarixi ədalətsizliyə xidmət edən Sevr müqaviləsi əhəmiyyətini itirdi. Bununla da 1923-cü il oktyabrın 29-da müstəqil Türkiyə Respublikası yaradıldı və zamanla öz hərbi qüdrəti, iqtisadi gücü ilə beynəlxalq aləmdə böyük nüfuz, söz sahibinə çevrildi. Qələbənin qazanılmasında Azərbaycan və Türkiyənin tarixi dostluq, qardaşlıq əlaqələri də öz rolunu oynadı, xalqımızın mərd oğulları türkiyəli qardaşları ilə birgə çiyin-çiyinə döyüşdülər, respublikanın qurulmasına aparan milli azadlıq mücadiləsində can qoydular. Dahi Mustafa Kamal Atatürk də xalqımızın qardaşlığa sadiqliyini yüksək qiymətləndirib: “Azərbaycan xalqının bizimlə bizdən çox maraqlandığını bilirik”.

Möhtəşəmliyin zirvəsi – 100-ün 20-si

Bir əsrlik sarsılmaz, möhtəşəm dövlətçilik yolu qət etən Türkiyənin tarixinə 2003-cü ildən bəri son 20 il daha böyük uğurları, nailiyyətləri yazdırıb. Terrorla mübarizədə qalib olan qardaş ölkə mühüm güc mərkəzlərindən birinə çevrilərək siyasət meydanında da öz diktəsini yeritməyi bacarır. Regionda spesifik liderlik bacarığı, cəsarətli addımları, nüfuzu ilə seçilən Rəcəb Tayyib Ərdoğanın həm baş nazir, həm də prezidentlik dövrünə təsadüf edən bu qısa zaman kəsiyində qardaş ölkə siyasi, iqtisadi, mədəni, hərbi, bir sözlə, bütün sahələrdə nümunəvi inkişaf göstəriciləri əldə edib. Türkiyədə milli pul vahidi – türk lirəsi dəfələrlə devalvasiyaya uğrayıb dəyərini itirsə də, azad sahibkarlığın geniş yayılması, əlverişli biznes mühitinin formalaşması sayəsində bu amil iqtisadiyyata o qədər də mənfi təsir göstərə bilməyib. Əksinə, ilbəil həm daxili bazarda rəqabətqabiliyyətli məhsul istehsalı artır, həm də xaricə ixracda yüksələn temp özünü göstərir. Qeyd etdiyimiz məzənnə enişlərinə və inflyasiyaya rəğmən Türkiyə iqtisadiyyatı son 20 ildə real ifadədə 3 dəfə böyüyüb. 2003-cü ildə 314 milyard dollar ümumi daxili məhsula malik olan Türkiyə iqtisadiyyatı indi 900 milyard dollardan böyükdür. Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, bu il Türkiyədə ÜDM-in 1 trilyon 29 milyard dollara çatması gözlənilir. Ölkə­mizdə də alıcıları kifayət qədər olan geyimlərin istehsalında Türkiyə şirkətləri, sözün əsl mənasında, brend formalaşdırıblar. Dünyanın hər yerində, o cümlədən Rusiya, Serbiya, Bəhreyn, Qətər, Livan, Səudiyyə Ərəbistanı, Qazaxıstan, Azərbaycan və digər ölkələrdə mağazaları, filialları fəaliyyət göstərən iri şirkətlər hər il iqtisadiyyata böyük həcmdə sərmayə yatırımları qazandırırlar. 
    Son illərdə qardaş ölkədə iqtisadiyyatın bütün sahələri, o cümlədən hərbi və avtomobil sənayesi güclü inkişaf yoluna qədəm qoyub. Hərbi sənaye istehsalında minimum itki ilə müasir, çevik döyüş əməliyyatlarının aparılmasında ən yeni texnologiyaların tətbiqi, xüsusilə diqqəti çəkir. Bu il Ankarada ilk dəfə keçirilən, Prezident cənab İlham Əliyevin də iştirak etdiyi “TEKNOFEST” aerokosmik və texnologiya festivalı da Türkiyənin ən modern müdafiə sənayesinə malik olduğunu bütün dünyaya göstərdi. Təbii ki, məhsulun keyfiyyəti onun praktikasından bəlli olur və digərlərinə nisbətdə sınaqdan çıxarılmış, effektivliyi sübut olunan vasitələrə daha böyük qiymət verilir. Təsadüfi deyildir ki, Azərbaycanın tarixi zəfərlə başa vurduğu 44 günlük Vətən müharibəsində düşmənin qurduğu mühüm strateji obyektləri darmadağın edən “Bayraktar TB2” pilotsuz uçuş aparatlarına da məhz müharibədən sonra böyük maraq yaranıb, dünyanın güclü ölkələri öz hərbi arsenalına bu silahı daxil etməyə can atırlar.
    Türkiyə avtomobil sənayesində də böyük inqilabi inkişafa imza ataraq tarixə elektromobil istehsalçısı kimi də düşüb. Satışına bu ilin fevralında başlanılan, ikincisi Azərbaycan lideri cənab İlham Əliyevə verilən “Togg” Türkiyənin mobillik sahəsində xidmət göstərən qlobal texnologiya markasıdır. Müəssisədə ildə 175 min avtomobil istehsal olunması planlaşdırılır və təxmini hesablamalara görə 2030-cu ilə qədər istehsal 1 milyonu ötəcək. Ümumiyyətlə, Türkiyənin iqtisadiyyatı, sənayesi o qədər geniş və çoxaspektlidir ki, bu barədə danışmağa kifayət qədər zaman lazımdır. Qısaca olaraq onu demək olar ki, son illər güclənən müdafiə sənayesi, qüdrətlənən iqtisadiyyatı sayəsində bu gün Türkiyə öz güclü ordusu, hərbi potensialına görə NATO-da ABŞ-dan sonra ikinci, iqtisadi gücü ilə “Böyük iyirmilik”də əsas üzvlərdən biridir...

“Türk qapısı”ndan Dilucuya 
uzanan qardaşlıq körpüsü...

Türk dünyasının iki böyük lideri Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” və Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamlarında özünün mükəmməl ifadəsini tapan qardaşlıq, dostluq əlaqələri tarixin ən çətin dönəmlərində öz sözünü deyib. I Dünya müharibəsində türkiyəli qardaşlarına pənah aparan azərbaycanlıların ötən əsrin 90-cı illərində, ondan sonrakı mərhələdə də haqq səsinə səs verən Xalq şairi Bəxtiyar Vahabzadənin təbirincə desək, ayı bir, ili bir, eşqi bir, yolu bir olan, dar gündə tanınan dostları idi. Şübhəsiz ki, Mustafa Kamal Atatürkün təkidi və təzyiqi nəticəsində 1921-ci ildə imzalanan və bu gün də qüvvədə olan Qars müqaviləsinin Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanın işğaldan qorunmasında müstəsna rolunu da xatırlatmamaq olmaz...
    Mustafa Kamal Atatürkün “Türk qapısı” adlandırdığı Naxçıvanı ağır blokada şəraitindən çıxarmaq, insanları aclıqdan, səfalətdən, qıtlıqdan qurtarmaq üçün gecəsini gündüzünə qatan Ulu Öndər Heydər Əliyev çıxış yolunu məhz Türkiyə ilə əlaqələrin siyasi cəhətdən daha da möhkəmləndirilməsində görürdü. Uzaqgörən siyasətçi bu məqsədlə 1992-ci il mart ayının 22-dən 24-dək Türkiyəyə səfər etdi və səfər çərçivəsində “Azərbaycana bağlı Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında əməkdaşlıq protokolu” imzalandı. Qısa zamanda Naxçıvanla Türkiyə Cümhuriyyəti arasında gediş-gəlişi təmin etmək məqsədilə Sədərək-Dilucu körpüsünün tikintisinə başlanıldı.Ümummilli Liderin qardaş ölkəyə səfərindən iki ay sonra, daha dəqiq desək, 1992-ci il mayın 28-də arzuların, ümidlərin çiçək açdığı həmin körpü istifadəyə verildi. Beləliklə də, vaxtilə iki qardaşı ayrı salan, həsrət yanğısı ilə əsib-coşan Araz çayı həmin qardaşların vüsalına, birliyinə də vəsilə oldu. Ümummilli Liderimiz Heydər Əliyevin dediyi kimi: “Bu gün bu qocaman Araz çayı üzərində, qədim Türk dünyasında, Azərbaycan torpağında böyük bir tarixi hadisə baş verir. Türkiyə ilə Azərbaycan arasında “Ümid” körpüsü, “Həsrət” körpüsü açılır. Biz azərbaycanlılar, türklər əsrlərboyu Araz çayının o sahilində, bu sahilində dost, qardaş kimi yaşamışıq. Ancaq 70 il bir-birimizlə görüşmək üçün, əlaqə saxlamaq üçün həsrət çəkmişik. 70 il biz bu görüşü həsrətlə gözləmişik. İndi isə bizim bu arzularımız, diləklərimiz gerçəkləşib”. İnsanların maddi rifah halının yaxşılaşdırılmasına, muxtar respublikanın dünyaya tanıdılmasına, qərbə inteqrasiyasına yol açan bu addım, eyni zamanda həmin dövrdə Sədərək və Şahtaxtı gömrük-keçid məntəqələrinin fəaliyyətə başlaması Naxçıvanın Türkiyənin yaxın vilayətləri ilə iqtisadi, ticarət əlaqələrinin genişlənməsinə, beynəlxalq daşımalara qoşularaq nəqliyyat imkanlarının artmasına da təkan verdi. Beləliklə, ötən əsrin 90-cı illərinin əvvəllərində ölkə­mizi müstəqilliyinə aparan yolun təməl daşlarının atıldığı mübarək türk torpağı Naxçıvanda həm də iki qardaş – Türkiyə və Azərbaycanın əlaqələrində yeni mərhələnin körpüsü salındı...

Dahi sələflərin ənənələrinə 
layiqli xələflərin sədaqət nümunəsi...

Azərbaycan və Türkiyə xalqları arasında tarixən mövcud olan qardaşlıq, dostluq münasibətləri dahi öndərlər Mustafa Kamal Atatürk və Heydər Əliyev tərəfindən siyasi cəhətdən, rəsmi səviyyədə möhkəmləndirildikdən sonra bu qırılmaz əlaqələri hər iki ölkə başçısı cənab İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan etibarlı tərəfdaşlıq, sıx əməkdaşlıq, siyasi müttəfiqlik mərtəbəsinə qaldırdılar. Sözün əsl mənasında, “Bir millət, iki dövlət” şüarı “bir yumruq” tandeminə çevrildi. Bu özünü həyatın bütün sahələrində, həm siyasi, ictimai, iqtisadi, həm də təhsil, mədəniyyət istiqamətlərində göstərdi. Hər iki lider Prezident seçkilərindən dərhal sonra ilk dövlət səfərlərini qardaş ölkəyə etməklə, müxtəlif jestlərlə, bəyanatlarla siyasi arenalardan bu birlik və bərabərliyin mesajlarını ötürüblər. Bu barədə onlarla nümunə çəkmək olar. Sadəcə, iki nümunə kifayətdir: Prezident cənab İlham Əliyevin Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının sammitindəki çıxışı zamanı “Bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam”, torpaqlarımızın hələ erməni işğalı dövründə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Qarabağ Azərbaycan qədər bizim də məsələmizdir” bəyanatları milliliyə, soykökə bağlı­lığın, dahi sələflərin tarixi ənənələrinə layiqli xələflərin sədaqətinin müfəssəl inikasıdır... 
    Müxtəlif dövrlərdə hər iki ölkə liderləri tərəfindən yüksək kürsülərdən səsləndirilən siyasi bəyanatlarla yanaşı, çox uzağa getmədən yaxın keçmişdə baş verən bir neçə hadisəni, faktı incələmək yetər ki, bu dostluğun, qardaşlığın nələrə qadir olduğunu bir daha görək. Buna illərdir, orduları həm terrorla, həm də ərazi bütövlüyünə qəsdlərə qarşı mübarizədə döyüş təcrübəsinin qazanılmasına imkan yaradan birgə taktiki təlimləri, 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhd, ölkəmizin parlaq Zəfəri ilə bitən 44 günlük Vətən müharibəsi, antiterror tədbirləri zamanı göstərilən mənəvi dəstəyi, müharibədən sonrakı mərhələdə imzalanan “Şuşa bəyannaməsini”, 2023-cü il fevralın 6-da Türkiyənin 10 vilayətində baş verən güclü zəlzələlərin fəsadlarının aradan qaldırılmasında qardaş yardımını qeyd etmək olar. Türkiyə liderinin Vətən müharibəsinin başlandığı anda “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır”, eləcə də antiterror tədbirləri zamanı “Qarabağ Azərbaycan torpağıdır” bəyanatları dünya siyasi elitasına ünvanlanan ciddi mesajlar kimi təxribatçı qüvvələri yerinə oturdub ölkəmizin haqq-ədalət savaşını zəfərlə başa vurmasında böyük dəstək rolunu oynadısa, Şuşada tarixi bəyannamənin imzalanması əlaqələrimizi siyasi müttəfiqlik səviyyəsinə yüksəltdi. Qardaşlığın önəmi barədə danışdığımız zaman Şuşada təşkil olunması nəzərdə tutulan Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının “Fəlakət-fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusunda Fövqəladə Zirvə görüşünün məhz Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə cari il martın 16-da Türkiyədə keçirilməsini də xüsusi qeyd etmək lazımdır...
    Qars müqaviləsinin 100-cü ildönümü ərəfəsində, 2021-ci il iyunun 15-də Şuşada imzalanan bəyannamə müharibədən sonrakı dövrdə sülhə, tərəfdaşlığa xidmət edən mühüm akt hesab olunur və bəyannamədə diqqəti çəkən məqamlardan ən mühümü isə hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır. Belə ki, mühüm tarixi sənəddə qeyd edilir ki, iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, bir-birini qoruyacaqlar. Beləliklə, 100 il öncə Qars müqaviləsi ilə Naxçıvanın təhlükəsizliyini iki qardaş ölkə necə təmin etdisə, 1 əsr sonra da daha mötəbər şəkildə bir-birinin ərazi bütövlüyünə, suverenliyinə birgə təminat verdilər. “Şuşa bəyannaməsi” ilə ölkələrimiz arasındakı siyasi dialoqlar, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edən müttəfiqlik əlaqələri rəsmi formada daha da genişləndirildi. Bu xüsusda Qarabağda, Şərqi Zəngəzurda gün ötdükcə həcmi genişləndirilən mühüm infra­struktur layihələrinə Türkiyə şirkətlərinin verdiyi töhfələri də qeyd etmək olar. Ümumilikdə, Azərbaycanın siyasi, diplomatik və iqtisadi uğuru hesab olunan bu tarixi sənədin müddəaları Qarabağ ərazisində yaşayan erməniəsilli Azərbaycan vətəndaşlarının inteqrasiyası üçün əlavə imkanlar yaratdı ki, bu həm də antiterror tədbirlərinin nəticəsinə aparan yolda zamanında atılan mütərəqqi addım kimi qiymətlidir...

“Ümid” körpüsündən etibarlı
 tərəfdaşlıq yoluna...

Bir ürəkdə iki canı – Türkiyə və Azərbaycanı quru sərhədlə birləşdirən yeganə ərazi Naxçıvan tarixinin müxtəlif dönəmlərində, o cümlədən ötən əsrin əvvəllərində bu iki qardaşı necə qovuşdurdusa bu gün də siyasi müttəfiqlik, etibarlı tərəfdaşlıq yoluna qədəm qoymağına da geniş üfüqlər açır. 2008-ci il iyunun 4-dən 15 il sonra 2023-cü il sentyabrın 25-də türk sivilizasiyasının əsas mərkəzlərindən hesab olunan Naxçıvan diyarı yenidən iki qardaş ölkənin – Türkiyə və Azərbaycan prezidentlərinin görüşünə, bir sıra tarixi-siyasi addımların atılmasına şahidlik etdi. Regionda böyük nüfuz sahibi olan hər iki lider siyasi elitaya mühüm mesajlar verdilər, siyasi müttəfiqliyə, etibarlı tərəfdaşlığa xidmət edən anlaşma memorandumu, saziş, niyyət protokolu imzalandı.
    Naxçıvan görüşündə regionun siyasi, iqtisadi mənzərəsini dəyişdirəcək ən mühüm tarixi hadisə İğdır-Naxçıvan qaz kəmərinin təməlqoyma mərasiminin keçirilməsi, eyni zamanda dünyada nümunə olan iki ölkə liderinin birgə hərbi obyekt açılışı etməsi idi. Prezident cənab İlham Əliyevin dediyi kimi: “İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi qardaşlıq münasibətlərimizin tarixində önəmli hadisədir və bizim əlaqələrimizə yeni təkan verəcək, Naxçıvanın enerji təhlükəsizliyini daha böyük ölçüdə təmin edəcək”. Liderlərin görüşündə muxtar respublikanın “yaşıl enerji zonası”na çevrilməsinin əsas hədəf olduğu da açıqlandı və bu sahədə birgə əməkdaşlığın vacibliyi ön plana çəkildi. Həmin tarixi hadisədən cəmi 4 gün sonra sentyabrın 29-da Naxçıvan şəhərində Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın həmsədrliyi ilə keçirilən Azərbaycan-Türkiyə III Enerji Forumu və “Naxçıvan – Yaşıl Enerji Zonası” Beynəlxalq Konfransı da bu məsələdə həlledici əhəmiyyətə malik oldu. Konfrans və forum müddətində, panel iclaslarda səsləndirilən fikirlər, hər iki nazirin mətbuata verdiyi açıqlamalar, külək və günəş enerjisi üzrə 1500 MVt-lıq istehsal güclərinin yaradılması və onun ən azı 1000 MVt-nın ixrac edilməsi planları çərçivəsində beynəlxalq enerji şirkətləri ilə imzalanan əməkdaşlıq sənədləri Naxçıvanın Türkiyə üzərindən “yaşıl enerji”nin istehsalı – ixracının mənbəyinə çeviriləcəyinə əsaslı zəmin yaratdı. Ümumilikdə, “Şərqin qapısı”nda, Türk dünyasının sivilizasiya məkanında bu gün atılan mütərəqqi addımlar bir vaxtlar böyük ümidlə dostluq körpüsü salan iki qardaşın tərəfdaşlıq yolunda atdıqları inamlı addımlarının səsi, etibarlarının təntənəsidir...
    Yüzillik möhtəşəm dövlətçilik salnaməsi yazan Türkiyə Respublikasının tarixi inkişaf yoluna nəzər saldıqda son 20 ildə aparılan siyasətin bəhrəsi olaraq əsrə bərabər, regionda təsir gücü yaradacaq böyük layihələrin reallaşdırıldığını görürük. Şübhəsiz ki, Türkiyə-Azərbaycan etibarlı tərəfdaşlığı, qardaşlıq prsinsipi əsasında birgə icra edilən TANAP, TAP, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və digər böyük layihələrin də qardaş ölkənin dünyanın siyasi, iqtisadi güc mərkəzinə çevrilməsində əvəzsiz payı vardır. Əminliklə demək olar ki, tarixi ənənələrə sadiqlik göstərən “bir ananın iki oğlunu” sarsılmaz tellərlə bağlayan bu siyasi müttəfiqliyin, etibarlı tərəfdaşlığın gətirəcəyi daha böyük uğur və nailiyyətlər hələ qarşıdadır...

Nail ƏSGƏROV

Nəşr edilib : 28.10.2023 23:50