AZ EN RU

Dünya azərbaycanlılarının həmrəyliyi tarixi Qələbəmizi daha inamlı etdi

Elçin Əlibəyli
Vistula Universitetinin 
magistr tələbəsi,

Polşa, Varşava

    Mən Naxçıvanda doğulmuşam, Naxçıvan şəhərindəki 2 nömrəli tam orta məktəbi bitimişəm. Naxçıvan Dövlət Universitetinin Turizm və otelçilik ixtisasında ali təhsil almışam. Bu il təhsilimi bu istiqamətdə peşəkarlaşmış təhsil müəssisəsində davam etdirmək qərarına gəldim. Artıq bir neçə aydır ki, Polşadayam və Varşavanın Vistula Universitetində magistr təhsili alıram. Bu mənim həyatımdakı ilk xarici ölkə təcrübəmdir. Burada mənimlə birlikdə onlarla azərbaycanlı tələbə təhsil alır, işləyir və həyatlarını burada davam etdirirlər. Mən burada, Vətənimizdən uzaqda belə bir daha xalqımızın birlik və bərabərliyinin şahidi oluram. Varşavaya gəldiyim ilk gündən bəri köməyə ehtiyacım olduğu hər an tanıdığım hər bir azərbaycanlı mənim üçün əlindən gələn köməkliyi göstərib.
    Xaricdə təhsil alan biz azərbaycanlı gənclər olaraq oxumaqla, öyrənməklə bərabər, həm də ölkəmizi təmsil edirik. Ona görə doğma ölkəmizi tanıtmaq işində fəallıq göstəririk. Bütövlükdə, bir azərbaycanlı tələbə onlarla, hətta yüzlərlə əcnəbi ilə bir yerdə oxuyur, bir yerdə yaşayır. Əcnəbilərdə həmyerlilərimiz vasitəsilə ölkəmiz haqqında ilk təsəvvürlər formalaşır. Yəni onların əksəriyyəti Azərbaycanı görməyib, ölkəmiz haqqında konkret bir fikirləri yoxdur, məlumatları yoxdur. Bizim simamızda onlar Azərbaycanı, Azərbaycan xalqını tanıyırlar. Ona görə də biz bu amilə xüsusi diqqət yetiririk.
    Bildirmək istəyirəm ki, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan xalqının birlik şüarının, Azərbaycançılıq ideologiyası ətrafında birləşməyinin simvolik günüdür. Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılar ilə əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Bu günün yüksək səviyyədə qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib. Ola bilər ki, ölkədə yaşayanda bunu çox adam hiss etməsin, bu günün mahiyyətinə varmasın. Amma ölkədən kənarda olanda bu möhtəşəm günün gücünü və həmrəyliyimizin əks-sədasını daha çox hiss etmək olur. Başqa ölkələrdə bir-birinə dayaq olan, kömək əlini uzadan həmyerlilərimizi görəndə, onlarla birlikdə müəyyən tədbirlərdə, dərnəklərdə iştirak edəndə Vətəndən uzaqdakı həmrəyliyin nə qədər vacib olduğunu, eyni zamanda öz xalqınla həmrəy olmağın dövlətimiz üçün nə qədər əhəmiyyət daşıdığını bir daha anlayırsan və bunu şəxsən yaşayırsan. 
    Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib. İndi həmrəylik gününü, hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş Azərbaycan əsilli diaspor nümayəndələri də qeyd edirlər. Bu isə daha çox qürurvericidir. Dünya azərbaycanlılarının həmrəyliyi Qələbəmizi daha inamlı etməsində də özünü göstərdi. Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə oldu. 
    Əziz xalqımız, dəyərli həmvətənlərimiz! Sizin hamınızı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, ailə səadəti, doğma Azərbaycanımıza isə daha işıqlı gələcək arzulayıram!

Nəşr edilib : 30.12.2023 18:32