AZ EN RU

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Ümummilli Liderin dövlətçilik tariximizə bəxş etdiyi ümumxalq bayramıdır

“Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır. Əgər mən buna nail ola bilsəm, ən xoşbəxt adam kimi həyatımı başa çatdıracağam. Buna da nail olmağa çalışıram və çalışacağam” - Ümummilli Lider Heydər Əliyev bu fikirləri ilə vətəninə, torpağına, xalqına nə qədər bağlı olduğunu açıqlayırdı. Onun Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə fəaliyyətinin əsasını vətənə sədaqət, xalqa xidmət təşkil edib.

Azərbaycanın nəinki keçmiş sovetlər birliyi məkanında, eləcə də dünya miqyasında tanınması, xalqlar arasında öz layiqli yerini tutması ilə səciyyələnən 1969-1982 və 1993-2003-cü illər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz bu illərdə Azərbaycan keçmiş SSRİ-nin 15 respublikası arasında tutduğu axırıncı yerlərdən sürətlə ön cərgəyə çıxdı, bütün göstəricilərə görə yüksək templə inkişaf etməyə, sözün əsl mənasında, tərəqqi yolu ilə irəliləməyə başladı. Ulu Öndər Heydər Əliyev Azərbaycanı sənaye cəhətdən yüksək inkişaf etmiş respublikalar səviyyəsinə çıxardı. Hakimiyyətinin ikinci dövründə də ölkənin sosial-iqtisadi inkişafı əsas prioritet kimi diqqətdə saxlanıldı. "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" tezisi həyata keçirilən siyasətin əsasını təşkil etdi. 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının əsası qoyuldu.

Ölkəmizin iqtisadi qüdrətinin artması siyasi mövqeyinin möhkəmlənməsi ilə müşayiət olundu. Azərbaycan çox qısa zamanda müstəqil dövlət kimi beynəlxalq aləmdə varlığını təsdiqlədi, müstəqil siyasəti ilə yerini və rolunu möhkəmləndirdi. Ulu Öndər Heydər Əliyevin xarici ölkələrə səfərləri, eyni zamanda bu və ya digər dövlət rəsmilərinin Azərbaycana səfərləri ikitərəfli əməkdaşlıq əlaqələrinin genişlənməsinə müsbət təsir göstərdi. Ölkəmizin beynəlxalq təşkilatlar səviyyəsində də əlaqələri yüksələn xətt üzrə inkişaf etdi. Azərbaycan dünyanın nüfuzlu təşkilatlarına üzv qəbul olunmaqla həqiqətlərini dünyaya çatdırmaq üçün tribunalar qazandı.

1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev ilk gündən ölkəmizin ətrafında yaradılan informasiya blokadasının yarılması istiqamətində ciddi səylər göstərdi. Dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızı bir amal - azərbaycançılıq ideyası ətrafında sıx birləşməyə çağırdı. Bəyan etdi ki, hamımızın bir vətəni var - Azərbaycan. Harada yaşamasından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsinə, ölkəmizin tərəqqisinə, inkişafına öz töhfəsini verməlidir.

Ümummilli Lider Heydər Əliyev çoxşaxəli siyasi fəaliyyətində daha bir tarixi missiyanı - dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı kimi çətin, ancaq vacib bir vəzifəni də üzərinə götürdü və onu dövlət siyasətinin əsas tərkib hissəsi kimi daim diqqətdə saxladı. Milli dövlətçilik tariximizdə ilk dəfə siyasi prinsiplər və milli-mənəvi dəyərlər soydaşlarımızın təşkilatlanmasına çalışan Heydər Əliyevin simasında vəhdət təşkil etdi: "Mənim üçün hər şeydən üstün mənim milli mənliyimdir. Milli mənliyim məni həmişə bütün çətin vəziyyətlərdən çıxarıb." Müdrik və tarixi şəxsiyyət kimi "gücümüz birlikdədir" kəlamını istinad nöqtəsi hesab edən Ulu Öndər “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü” ilə əlaqədar Fərman imzalayanda çox yaxşı bilirdi ki, soydaşlarımızın təşkilatlanması, diaspor hərəkatının başlanması təkcə ölkənin siyasi-iqtisadi inkişafı deyil, tariximizin, adət-ənənələrimizin, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, dünya xalqlarına tanıdılması baxımından da vacibdir.

Ulu Öndərin bu siyasi irsi 1991-ci il dekabrın 16-da onun rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul olunması ilə bir daha təsdiq olunub. Həmin qərara əsasən 1991-ci ilin 31 dekabr tarixi muxtar respublikada ilk dəfə olaraq həmrəylik bayramı kimi qeyd edilib. Dünyada yaşayan bütün azərbaycanlıların birlik və həmrəyliyi istiqamətində atılmış ilk addım olan bu bayram xalqımızın vahid ideologiya ətrafında birləşməsində mühüm rol oynayıb. Dünya azərbaycanlılarının mütəşəkkilliyinin möhkəmlənməsi, soydaşlarımızın milli birlik və həmrəyliyinin, sözün həqiqi mənasında, təmin edilməsi Ümummilli Liderimiz Heydər Əliyevin ən böyük arzularından biri idi.

Soydaşlarımızın mütəşəkkilliyini, dünya ölkələrinə inteqrasiyasını beynəlxalq siyasətin tələblərinə uyğun hərəkat adlandıran Ulu Öndərin bu tövsiyəsi qarşıdakı onillər üçün hesablanmış proqram sənədi oldu: “Mən demirəm ki, azərbaycanlıların hamısı bir yerə yığışsın, bu heç lazım da deyil. Ancaq hamısının qəlbi, fikri, gələcəyə baxışı və Azərbaycan haqqında fikirləri bir olsa, əlbəttə ki, respublikamız öz müstəqilliyini bundan sonra daha da möhkəmləndirər, inkişaf yolunu məharətlə keçə bilər.”

Azərbaycanlıların ideya, məfkurə birliyini gələcək mütəşəkkilliyin təməli hesab edən Ulu Öndərin bu fikirləri, ideyaları təkcə söz olaraq qalmadı. Dünya azərbaycanlılarının birliyinin təminatına yönəldilmiş vəzifələr “Yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti”ndə konseptual əksini tapdı.

Müraciətdə qarşıya qoyulan vəzifələrin davamı olaraq həmin ildə Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayındakı çıxışı ilə diaspor hərəkatına xeyir-dua verən Ulu Öndərin rəhbərliyi və başçılığı ilə milli-tarixi inkşafımızın yeni mərhələsi başladı. Onun xidmətləri və təşkilatçılığı ilə dünyanın bütün qitələrində, Avropa ölkələrində məskunlaşan soydaşlarımızın diaspor təşkilatları ətrafında birləşmələri sayəsində yeni mədəniyyət mərkəzləri, dərnəkləri, icmaları yaradıldı. Ümummilli Lider Heydər Əliyev etiraf edirdi ki, Sovetlər birliynə daxil olduğumuz illərdə azərbaycanlı gəncləri ittifaqın tanınmış ali məktəblərinə təhsil almağa göndərərkən diaspor işinin təməlini qoyurdu. Ümummilli Lider tam əmin idi ki, azərbaycanlı gənclərin Amerikaya, Rusiyaya, Avropaya göndərilməsi diaspor hərəkatının möhkəmlənməsinə, sərhədlərimizdən kənarda Azərbaycan həqiqətlərinin təbliğatının gücləndirilməsinə xidmət edən başlıca amillərdəndir.

İndi fəxrlə deyə bilərik ki, Avropada, Amerikada mütəşəkkil Azərbaycan-türk icmaları, birlikləri fəaliyyət göstərir. Bütün bunlar isə təməli Ulu Öndər tərəfindən qoyulmuş diaspor hərəkatının artıq mütəşəkkil bir qüvvə kimi formalaşmasının nəticəsidir. Ulu Öndər bu gücün daha sıx tellərlə birləşməsi üçün ilk növbədə azərbaycançılıq, türkçülük ideyasının təbliğinə böyük önəm verirdi.

Ümummilli Liderin üzaqgörən, müdrik siyasəti nəticəsində dünya sivilizasiyasına, mədəniyyət xəzinəsinə böyük dühalar bəxş edən, Şərqdə ilk demokratik respublika olan Azərbaycan XXI əsrə Avropa xalqları ailəsinin bərabərhüquqlu üzvü kimi qədəm qoydu. Soydaşlarımızın birliyinin təzahürü olan diaspor hərəkatı artıq formalaşıb, mütəşəkkil qüvvəyə çevrilib. Azərbaycançılıq ideyası ətrafında birləşən bu yenilməz qüvvənin məqsəd və vəzifələri aydındır: Güclü diasporun varlığı Vətənin qüdrətlənməsinə, daha vacib olan lobbiçilik fəaliyyətinin formalaşmasına, Azərbaycanın maraqlarının qorunmasına xidmət edir.

Milli birlik, həmrəylik, vətəndaşlıq borcu, azərbaycançılıq... Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılan, soydaşlarımızın dünyaya inteqrasiyasının növbəti, sivil mərhələsi olan diaspor hərəkatı bu ideyalar əsasında inkişaf edir, möhkəmlənir, dövlət siyasətinin prioritetləri kimi böyük önəm daşıyır. Türkdilli xalqların birliyinin nümunəsi kimi Bakıda keçirilən Azərbaycan və Türk diaspor rəhbərlərinin birinci Forumunda, Dünya Azərbaycanlılarının II Qurultayında, Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq, Əməkdaşlıq qurultayında Ulu Öndərin diaspor hərəkatının yaradılması üçün göstərdiyi xidmətlər yüksək qiymətləndirildi, tarixi hadisə kimi dəyərləndirildi.

Bu gün Ümummilli Liderimiz Heydər Əliyevin milli birlik, həmrəylik və Azərbaycançılıq ideyaları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının bu sahədə gördüyü işlər dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın Vətənə bağlılıqlarının artırılmasına mühüm töhfələr vermişdir. Eyni zamanda bugünədək keçirilən qurultaylar ölkədən kənarda yaşayan soydaşlarımızın Azərbaycanla əlaqələrində mühüm rol oynamışdır.

Xarici ölkələrdə yaşayan soydaşlarımızın ümummilli ideyalar ətrafında birləşməsi üçün daha geniş imkanlar yaranıb. İldən-ilə siyasi, iqtisadi, mədəni, diplomatik nüfuzu artan Azərbaycan artıq beynəlxalq aləmdə mühüm tərəfdaşlardan birinə çevrilib. Ölkə rəhbərliyi tərəfindən dünya azərbaycanlılarının toplaşdığı diaspor təşkilatları ilə daha yaxından iş aparılır. Bunun nəticəsində Azərbaycan haqqında məlumatlar daha obyektiv və sistemli şəkildə bütün dünyaya çatdırılır.

Cənubi Qafqaz regionunun lider ölkəsi olan Azərbaycan bu gün bütün dünya azərbaycanlılarının güvənc yeridir. Tarixi Qələbədən keçən müddət ərzində dünya azərbaycanlıları milli mənlik şüuru əsasında sıx birləşməyin əhəmiyyətini indi daha dərindən dərk edirlər. Hər kəs anlayır ki, Azərbaycan xalqının varlığı və gələcəyi, milli dövlətçiliyimizin əbədi olaraq davam etməsi dünya azərbaycanlılarının birliyindən və mütəşəkkilliyindən çox asılıdır. Ölkə Prezidenti cənab İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində dünya azərbaycanlılarına müraciətlərinin birində dediyi kimi: “Ümidvaram ki, harada yaşamalarından asılı olmayaraq, soydaşlarımız məskunlaşdıqları ölkələrin həyatına inteqrasiya ilə yanaşı, öz milli kimliyini, mənəvi-əxlaqi dəyərlərini, tarixi Vətənlə bağlılığı qoruyacaq, Azərbaycanın bu günü və aydın sabahı naminə əməl və əqidə birliyi, sarsılmaz həmrəylik nümayiş etdirəcəklər. Xarici ölkələrdəki çoxsaylı diaspor təşkilatlarımızın gələcəkdə də əzmkar iradə və yüksək vətənpərvərliklə bu amallar uğrunda çalışacağına, xalqımızın və dövlətimizin şərəfli adını daim uca tutacağına inanıram.”

Məcid Seyidov

Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini, Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının sədri

 

 

 

Nəşr edilib : 31.12.2023 17:06