AZ EN RU

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbirlər keçirilib

    AMEA Naxçıvan Bölməsində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib.
    Tədbiri giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb. Bölmə rəhbəri söyləyib ki, 16 dekabr 1991-ci ildə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olarkən 31 dekabr tarixinin “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” kimi qeyd olunması barədə qəbul etdiyi qərar milli birliyə, həmrəyliyə gedən yolda mühüm tarixi addım idi. Həmrəyliyimizin əsası – Azərbaycançılıq ideologiyasının önəmindən söz açan akademik Ulu Öndərin ideyalarının Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın yaratdıqları təşkilat və cəmiyyətlərdən, Azərbaycan diasporunun fəaliyyətindən danışıb. Çıxışının sonunda İsmayıl Hacıyev kollektivi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il bayramı münasibətilə təbrik edib, xoş diləklərini çatdırıb.
    Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyeva tədbirdə “Həmrəyliyimiz milli birliyimizdir” mövzusunda məruzə edib. Məruzəçi ölkəmizdə ötən əsrin sonlarında başlanan həmrəylik hərəkatı, milli birlik məsələsi, onun əhəmiyyəti kimi mövzulara toxunub. Xalq həmrəyliyini 30 ildən artıq bir müddətdə mərhələlər üzrə təhlil edib, həmrəyliyimizin bugünkü nəticələrindən danışıb.
    Ümummilli Lider Heydər Əliyevin “Milli azadlığa nail olmaq üçün milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır”  fikrini xatırladan tədqiqatçı Ulu Öndərin milli həmrəyliyə nail olunması, Azərbaycan diasporunun yaradılması istiqamətindəki əvəzsiz xidmətlərindən bəhs edib. Bildirilib ki, bu ənənə Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. 2006, 2011, 2016, 2022-ci illərdə keçirilən növbəti qurultaylar xarici ölkələrdə yaşayan  minlərlə soydaşımızın təşkilatlanmasında, bir araya gəlməsində mühüm rol oynadı.
    44 günlük Vətən müharibəsində əzəli torpaqlarımızın azadlığı uğrunda haqq savaşımızda dünya azərbaycanlılarının bir məram ətrafında birləşdiyini diqqətə çatdıran alim deyib ki, bu həmrəylik XX əsrin sonlarında baş verən həmrəylik hərəkatından fərqli olaraq xalqın iqtidara qarşı həmrəyliyi deyil, xalq-iqtidar birliyinin dünya azərbaycanlıları tərəfindən birmənalı olaraq dəstəkləndiyinin göstəricisi idi.

***

    Naxçıvan Dövlət Universitetində keçirilən tədbirdə tələbələrin bədii qiraəti, Tələbə Teatr Studiyasının hazırladığı pantomim səhnəciyi, Orkestr alətləri kafe­drasında yeni yaradılmış “Belkanto” vokal qrupunun ifası, Şaxta baba və Qar qızın gəlişi xoş ovqat yaradıb. Naxçıvan Musiqi Kollecinin tələbələrinin ifasında rəqs nümayiş olunduqdan sonra bayram münasibətilə ali təhsil ocağının Təsviri incəsənət kafedrası və Musiqi Kollecinin birgə təşkil etdiyi vətənpərvərlik və Yeni il mövzusunda, ümumilikdə, 70 rəsm əsəri və dekorativ-tətbiqi sənət nümunələrindən ibarət sərgiyə baxış olub. 

    Fakültənin akt zalında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 
    Universitetin rektoru, dosent Elbrus İsayev bildirib ki, Ulu Öndər Heydər Əliyevin  dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşadılmasına qayğı təşkil edib. Vurğulanıb ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü – Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. “Bu gün xalqımızın birliyi, həmrəyliyi ölkəmizin inkişafını daha da sürətləndirib”, – deyən rektor 44 günlük Vətən müharibəsində Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, həmçinin ordumuzun gücü, xalqımızın mübarizliyi nəticəsində torpaqlarımızın işğaldan azad olunduğunu vurğulayıb.
    Elbrus İsayev 2022-ci ildə ölkəmizin və universitetin əldə etdiyi uğurların, nailiyyətlərin 2023-cü ildə də davamlı olacağını qeyd edərək 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə hər kəsi təbrik edib.
    Sonra Yeni Azərbaycan Partiyası Naxçıvan Dövlət Universiteti Ərazi Partiya Təşkilatının sədri, Beynəlxalq münasibətlər kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Arzu Abdullayevin “Dünya azərbaycanlılarının həmrəyliyinin əsasında Ümummilli Lider Heydər Əliyevin ideyaları durur” mövzusunda çıxışı dinlənilib. Diqqətə çatdırılıb ki, müstəqilliyin qazanılması üçün ilk öncə həmrəylik və ideologiya olmalıdır. Arzu Abdullayev Ulu Öndər Heydər Əliyevin doğma Naxçıvanda qəbul etdiyi tarixi qərarlar, fərman və sərəncamların müasir Azərbaycanın təməl daşını və birliyini, milli ideologiyasını yaratdığını vurğulayıb. 
    Tədbirin bədii hissəsində universitetin Xalq çalğı alətləri kafedrasının “Buta” instrumental ansamblının müşayiəti ilə klassik bəstəkarlarımızdan Cahangir Cahangirovun “Cənnətim Qarabağ”, “Leylam”, Cavanşir Quliyevin “Bura vətəndir”, Tofiq Quliyevin “Naxçıvan”, Emin Sabitoğlunun “Sən bağışladın”, “İncə bellim”, “Gözəldir”, Oqtay Kazıminin “Qaytar eşqimi”, “Çal-çal” və digər mahnıları səsləndirilib. 

***

      31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Naxçıvan Muxtar Respublikası Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi və Səhiyyə nazirliklərinin, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində tədbir keçirilib. Mərkəzin uşaqları ilə bərabər Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbində təhsil alan uşaqlar da şənlikdə iştirak ediblər.

    Tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparat rəhbəri Vüsal Süleymanlı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova və Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Samrat Gəncəyeva uşaqlara göstərilən dövlət qayğısından danışıblar. Bildirilib ki, uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, onların şəxsiyyət kimi formalaşmasının əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.  Bu gün ölkədə bütün uşaqların, həmçinin məhdud fiziki imkanlı uşaqların sosial müdafiələrinin gücləndirilməsi üçün məqsədyönlü tədbirlərin həyata keçirilməsi, cəmiyyətə inteqrasiyası daim diqqət mərkəzində saxlanılır.  Uşaqların sağlamlıqlarının qorunması ilə bağlı həyata keçirilən tədbirlərin nəticəsi olaraq uşaq tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, müasir avadanlıqlarla təchiz edilməsi əhali arasında geniş maarifləndirmə işinin aparılması nəticəsində ildən-ilə xüsusi qayğıya ehtiyacı olan uşaqların sayı azalır. Həmçinin ailələrimizin davamı, dövlətimizin gələcəyi olan uşaqlarla bağlı gerçəkləşdirilən uğurlu siyasətin nəticəsidir ki, muxtar respublikanın dövlət uşaq müəssisələrində valideynləri tərəfindən tərk edilmiş, məktəbdən yayınan, hüquq pozan, cinayət məsuliyyətinə cəlb olunmuş uşaq yoxdur.
    Çıxış edənlər əlamətdar günlərdə uşaqlarla görüşlərin keçirilməsinin, mütəmadi olaraq onlarla maraqlanılmasının əhəmiyyətinə toxunub, qarşıdan gələn bayramlar münasibətilə uşaqları təbrik edərək mərkəzin və məktəbin kollektivinə uğurlar arzulayıblar.
    Daha sonra təşkilatçılar tərəfindən uşaqlara hədiyyələr verilib.
    Tədbirin bədii hissəsində uşaqlara Naxçıvan Dövlət Kukla Teatrının aktyorlarının ifasında səhnəciklər nümayiş etdirilib. Şaxta baba və Qar qızın gəlişi, onların gətirdiyi hədiyyələr isə uşaqlar tərəfindən sevinclə qarşılanıb.

***

    Naxçıvan Muxtar Respublikası Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Ordubad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ordubad şəhər tam orta internat məktəbində də bayram şənliyi olub.

     Çay süfrəsi ətrafında keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparat rəhbəri Vüsal Süleymanlı çıxış ediblər. Onlar ölkəmizdə uşaqlara göstərilən diqqət və qayğıdan danışıb, bu sahədə görülən işlər haqqında ətraflı məlumat veriblər. Çıxışların sonunda uşaqları qarşıdan gələn bayram münasibətilə təbrik edən təşkilatçılar onlara təhsillərində, gələcək həyatlarında uğurlar arzulayıb.
    Sonra təşkilatçılar tərəfindən 43 uşağa hədiyyələr verilib.
    Tədbirin bədii hissəsində isə Naxçıvan Dövlət Kukla Teatrının aktyorlarının ifasında səhnəciklər və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin mahnı və rəqs qrupunun çıxışları nümayiş etdirilib. 

Xəbərlər şöbəsi

Nəşr edilib : 30.12.2022 20:54