AZ EN RU

Dünənin, bu günün və gələcəyin partiyası

Yeni Azərbaycan Partiyası – 30

    Çoxəsrlik tarixə, qədim və zəngin keçmişə malik Azərbaycan xalqı tarixboyu öz müstəqil dövlətini yaratmaq, onu qorumaq, inkişaf etdirmək amalı ilə mübarizə aparmışdır. Qəhrəmanlıq tariximizi əks etdirən bu mübarizə ağır sınaqlardan keçmişdir. Zəngin dövlətçilik ənənələrini özündə yaşadan xalqımız, nəhayət, ötən əsrin 90-cı illərində öz müstəqilliyinə yenidən qovuşdu. Azərbaycanın müstəqilliyini elan etməsi xalqımızın əldə etdiyi mühüm tarixi nailiyyət idi. Lakin müstəqilliyi qoruyub saxlamaq, möhkəmləndirmək onu əldə etməkdən daha çətindir.  
    Bu mənada vurğulamaq yerinə düşər ki, Yeni Azərbaycan Partiyası ictimai-siyasi zərurətdən yaranan ümumxalq partiyasıdır. Çünki ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə hökm sürən xaos, anarxiya və hərc-mərclik Azərbaycanı öz müstəqilliyini itirmək təhlükəsi ilə üzbəüz qoymuşdu. Hakimiyyətdə olan səriştəsiz qüvvələr ölkəni dərin siyasi böhrandan xilas etmək iqtidarında deyildi. Ulu öndərin sözləri ilə desək: “Vəziyyət elə təhlükəli xarakter almışdı ki, 1991-ci ildə yaranmış müstəqil dövlətimiz qəsdən və yaxud səriştəsizlikdən yaranan idarəsizlik nəticəsində real itirilmək təhlükəsi ilə üz-üzə qalmışdı”.
    Bu hadisələrin fonunda Naxçıvanda isə ulu öndərin rəhbərliyi ilə müstəqil dövlət quruculuğu yolunda mühüm qərarlar qəbul olunurdu. Məhz belə bir şəraitdə öz liderinin ətrafında birləşən xalqımızın siyasi iradəsi o vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyən ulu öndərimizə ziyalılar tərəfindən ünvanlanmış və “Səs” qəzetində dərc olunmuş “Azərbaycan Sizin sözünüzü gözləyir” tarixi müraciətində əks olunmuşdu. Həmin müraciətdə deyilirdi: “İndiki vəziyyətdə bu çətin, məsuliyyətli işi öz öhdəsinə götürməyə qadir yeganə şəxs Sizsiniz! Siz bu gün siyasi, iqtisadi, hərbi və mənəvi blokadada olan Naxçıvan Muxtar Respublikasını məhz öz şəxsi nüfuzunuz və uzaqgörən diplomatik səriştənizlə qoruyub saxlayır və idarə edirsiniz... İstərdik ki, bu işləri bütün Azərbaycan üçün görəsiniz... Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”. 
    Ümummilli lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli “Yeni, müstəqil Azərbaycan uğrunda” cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verərək deyirdi: “Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”.
    Bu tarixi cavabdan sonra 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyası təsis olundu. Ölkəmizin müxtəlif bölgələrindən gələn 550 nəfər nümayəndənin iştirakı ilə keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyasının proqram və nizamnaməsi qəbul olundu, ulu öndər Heydər Əliyev partiyanın Sədri seçildi. Yeni Azərbaycan Partiyası fəaliyyətinin ilk günlərindən bütün xalqın partiyası oldu. Dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəs bu partiyada öz yerini gördü. Yarandıqdan cəmi 7 ay sonra Yeni Azərbaycan Partiyasının hakim partiyaya çevrilməsi ulu öndərin şəxsiyyətinə böyük xalq inamının ifadəsi idi.
    Ümummilli lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılması zərurətini belə dəyərləndirirdi: “Yeni Azərbaycan Partiyası o vaxtkı vəziyyətdə bütün Azərbaycan xalqının mənafelərinə xidmət etmək və xalqın o ağır dövründə ölkəmizin qarşısında duran məsələlərin həll edilməsi üçün zamanın tələblərinə uyğun olaraq zərurətdən yaranmış bir partiyadır. Bu partiyanı yaradarkən heç də düşünmürdük ki, qısa bir müddətdən sonra hakimiyyətə gələcəyik. Baxmayaraq ki, ölkəmizdəki vəziyyət, sizin hamınıza məlum vəziyyət bizi düşündürürdü. Ona görə də bir tərəfdən biz hesab edirdik ki, partiyanı yaradaraq, biz xalqımıza müəyyən bir xidmət göstərə bilərik. İkinci tərəfdən də ölkənin belə bir ağır vəziyyətində bir çox insanların ümidi, istəyi, nəhayət, bu partiyanın yaranmasına gətirib çıxartdı”.
    Beləliklə, 30 il əvvəl güclü sosial bazası, gerçəkliyə əsaslanan bitkin proqramı, ən əsası isə ulu öndər Heydər Əliyev kimi lideri olan Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycan dövlətçilik tarixində mühüm hadisədir. Ümummilli liderin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışı və Yeni Azərbaycan Partiyasının hakim partiyaya çevrilməsi ilə ölkəmizin müstəqilliyinin qorunması, dövlətçiliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatın inkişafı və sabitliyin bərqərar olunması sahəsində kompleks tədbirlər görülmüşdür. 
    Bəs qısa zamanda ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının gücü nədədir? Ölkə Prezidenti, partiyamızın sədri cənab İlham Əliyev bu barədə belə deyir: “Yeni Azərbaycan Partiyasının gücü, ilk növbədə, onun əvəzsiz lideri Heydər Əliyevdir. Yeni Azərbaycan Partiyasının gücü bundadır ki, onun təməlində duran prinsiplər əməli surətdə həyata keçirilir. Yeni Azərbaycan Partiyasının gücü ondadır ki, Yeni Azərbaycan Partiyası liderinin daxili və xarici siyasətini xalq bəyənir və dəstəkləyir”.
    Bu gün ölkəmizin əsas aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının qüdrətini təmin edən çox mühüm amillərdən biri də partiyanın təməl prinsipləridir. Bunlar müstəqil dövlətçilik, qanunçuluq, Azərbaycançılıq, vətənçilik, varislik, yaradıcı təkamül, konstruktiv əməkdaşlıq, vətəndaş həmrəyliyi və sosial ədalətdir.
    Yeni Azərbaycan Partiyasının cəmiyyətdə daha da güclü siyasi təşkilata çevrilməsində ulu öndər Heydər Əliyevin siyasi xəttini davam etdirən, Heydər Əliyev amallarını yaşadan, onun layiqli davamçısı, partiyanın Sədri cənab İlham Əliyev amili mühüm rol oynayır.
    Cənab İlham Əliyev ölkəmizdə ümummilli lider Heydər Əliyevin yaratdığı inkişaf konsepsiyasını yeni dövrün reallıqlarına uyğun çevik, özünəməxsus, modern idarəetmə platformasına çevirib, idarəçilik fəlsəfəsinin yeni komponentlərini yaratmaqla dövlət aparatı sistemində ən mükəmməl və demokratik meyarlara əsaslanan unikal idarəetmə formulu müəyyənləşdirib. Bu, Azərbaycanın milli dövlətçiliyinin möhkəmlənməsini təmin etməklə bərabər, bölgə ölkələrinin geniş əməkdaşlıq vektorlarının mühüm prinsiplərini özündə ehtiva edir. Region dövlətlərinin liderlərinin öyrənmək istədiyi bu formula demokratiyanın, milli birliyin, tolerantlığın, sivilizasiyalararası geniş əməkdaşlığın, multikulturalizmin dərinləşməsinə töhfəverici faktor qismində çıxış edir, regionlararası səmimi təmas nöqtələrinin trayektoriyalarını müəyyən edir. Odur ki, cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət öz mühüm nəticələrini göstərməkdədir.
    2020-ci ildə Yeni Azərbaycan Partiyasının Sədri, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin düşmən tapdağı altında qalan torpaqlarımızı işğaldan azad etməsi ölkəmizin gücünün, qüdrətinin daha bir nümayişi oldu. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun sentyabrın 27-dən başladığı Zəfər yürüşü 44 gün ərzində 30 ilin həsrətinə son qoydu, avantürist Ermənistanın təcavüzkar silahlı qüvvələrini darmadağın etdi, işğal altında qalan torpaqlarımızı əsl sahibinə qaytardı, Zəfər tariximiz yazıldı.
    Cəmiyyət daim yeniləşir, ictimai münasibətlərin inkişaf səviyyəsi yeni çağırışlar və reallıqlar yaradır. Bütün bunlar da, öz növbəsində, Yeni Azərbaycan Partiyasının hakim partiya kimi qarşısında yeni tələblər və vəzifələr qoyur. Burada bir məqam xüsusilə qeyd edilməlidir ki, Yeni Azərbaycan Partiyası həm cəmiyyətin irəliyə doğru, keyfiyyətcə yeni inkişaf mərhələlərinə daxil olmasını və onun mütərəqqi inkişafını təmin edən aparıcı siyasi qüvvə kimi çıxış edir, həm də yaratdığı yeni çağırışları və reallıqları özü tənzimləyərək, gələcəyə istiqamətlənmiş məqsəd və vəzifələr müəyyənləşdirir. Məhz bundan irəli gələrək, Yeni Azərbaycan Partiyasının 2021-ci il martın 5-də keçirilmiş VII Qurultayında partiyanın qarşısına yeni hədəflər və vəzifələr qoyulmuşdur. Partiyanın Sədri qurultaydakı genişməzmunlu çıxışında partiyanın yarandığı vaxtdan indiyə kimi müstəqil dövlətçiliyin və demokratik siyasi sistemin möhkəmlənməsi, ölkəmizin davamlı inkişafı, milli birliyin və vətəndaş həmrəyliyinin təmin olunması istiqamətində göstərdiyi fəaliyyətlə bağlı dəyərli fikirlər irəli sürmüşdür. 
    Ulu öndər həmişə Naxçıvanın inkişaf etməsini, abadlaşmasını istəyirdi. Dahi şəxsiyyət deyirdi: “Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım yerinə yetirilsin”.
    Bu gün əminliklə demək olar ki, yaradıcısı ümummilli lider olan Yeni Azərbaycan Partiyasının ideyaları məhdud zaman çərçivəsinə deyil, uzun tarixi proseslərə hesablanıb. Ulu öndər Heydər Əliyevin dediyi kimi: “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır”. 

Yeni Azərbaycan Partiyası 
Naxçıvan Muxtar Respublika Təşkilatı Aparatı

Nəşr edilib : 18.11.2022 20:34