AZ EN RU

Dünənimizə, bu günümüzə, gələcəyimizə işıq tutan dahi ömrünə şahidlik edən isti ocağın manifesti

Ümummilli Lider Heydər Əliyevin gənclik illərinin keçdiyi və 
ölkəmizə rəhbərliyinin Naxçıvan dövründə yaşadığı hər iki evdən monoloq-reportaj

    Düzdür, o illəri xatırlamaq xalqımız üçün çox çətindir, dözülməzdir...Ancaq düşünəndə ki, zamanın çətinlikləri, dövrün qanlı-qadalı hadisələri, zülmə məruz qalan günahsız soydaşlarımızın ərşə ucalan haqq səsi Onu məğrur əllərindən tutub dünənimizə, bu günümüzə, sabahımıza gətirdi, o zaman illərdir, çəkdiyimiz əziyyətlərə dəydi, Vətənimizin göstərdiyi mübarizlik, qəhrəmanlıq öz yerini haqqın heç əyilməyən qələbəsinə verdi söyləyirik. Çünki O, “Canım, varlığım qədər sevdiyim Azərbaycanım, mənim qibləgahımdır!” şüarını əlində ədalətin, istiqlalın bayrağı edərək gəlmişdi görüşümüzə, uzun illər imperialist qüvvələrin təzyiqi, təqibi altında əzilən millətimizin imdad çağırışlarına qulaq verib azadlıq, müstəqillik andı içmişdi. Andına son nəfəsinədək sadiq qaldı da...Bu gün Onun səsinin yetdiyi, əlinin toxunduğu hansı xatirəyə işıq tutsaq, tarixin hansı qapısını döyüb Onu soruşsaq Vətənin xilaskar oğlundan – Ümummilli Lider Heydər Əliyev dühasından ürəkdolusu danışır. Elə Ulu Öndərin 80 illik ömrünün müəyyən dövrlərinə şahidlik etmiş əşyalar, eksponatlar, Onunla görüşmək şərəfini qazanmış insanlar da, hətta onunla çiyin-çiyinə bir ömürdən üç ili birgə bölüşmüş, yaşadığı çətinliklərdə, sevinclərdə, kədərlərdə ona həmdəm olmuş, qarşısında dayandığım bu ev də eyni duyğunu bölüşür. Dahi siyasi xadimin ölkəmizə rəhbərliyinin Naxçıvan dövründə yaşadığı evi deyirəm, bu vaxtacan doğulub, boya-başa çatdığı məmləkətində heç bir jurnalistin qonaq olmadığı o müqəddəs ocağı...

Yurdum, yuvam, ocağım...
Salam, evim eşiyim. 

Bu evi görmək, onun söhbətini dinləmək bizim kimi neçə xoşbəxt insana qismət olacaq, bilmirəm...Ancaq hələ mənzilə daxil olmamışdan bir zamanlar Ulu Öndərin hər səhər işə yollandığı, hər axşamüstü evinə daxil olduğu darvaza, asta yerişlərlə, təmkinli addımlarla qalxdığı pillələr, açdığı qapılar illər sonra gələn qonağı Ümummilli Liderin adına layiq şəkildə, böyük qonaqpərvərliklə qarşılayır. Biz də böyük sevinc və qürur hissi ilə evə daxil oluruq...İkimərtəbəli, sadə döşənmiş evin giriş hissəsində, dahi rəhbərin hər gün vaxt keçirdiyi qonaq otağındayam. Bu vaxta qədər böyük ümidlə xatirələrini bölüşmək istəyən əşyalar, eksponatlar sanki əllərimdən tutub evi gəzdirir. Evin hər guşəsindən bir əşya sanki nə isə bölüşür bizimlə, masa üzərində dayanan lampa, qələm, kitab rəfində Ulu Öndərin oxuduğu kitablar, məktublar, hər gün işə yollandıqda tamaşa etdiyi güzgü və daha nələr-nələr...Onunla bağlı ilk xatirələrini salonun bir tərəfində dayanan, nikbin ovqatla bizi salamlayan saat bölüşür, Ümummilli Liderin hər anının, hər dəqiqəsinin şahidi olduğu üçün ürəyini açır oxucularımıza: – 1923-cü ildə, may ayının 10-da gəlişi ilə Əlirza kişinin evinə sevinc, ruzi-bərəkət gətirmişdi. Maddi imkanları zəif olsa da, bu ailəni, daim halal çörəyi, təmiz vicdanı hər şeydən üstün tutardı. Ümummilli Lider sağlığında da heç zaman bu günü ilə öyünməzdi, lakin hər zaman zəhmətkeş ailəsindən, ata-anasından, uşaqlıq illərindən ürəkdolusu danışardı, qürurla, şərəflə kamala çatdığı ailəsini belə vəsf edərdi: “Mən balaca bir evdə, zəhmətkeş ailəsində, bir yaz günü dünyaya göz açmışam. Anadan olanda, yəqin ki, beş-on, uzağı otuz-qırx nəfər sevinib. İndi, bəlkə də, bir o qədər qeyri-təvazökar səsləndi, amma deməliyəm ki, anam məni, bütövlükdə, Azərbaycanımız üçün dünyaya gətirib...” Təbii ki, ilk baxışdan çox sadə görünən bu ailə Azərbaycan xalqına 3 alim-akademik, 1 Xalq rəssamı, 2 elmlər namizədi, 1 general sərkərdə bəxş etdi. 8 övladlı ailənin 4-cü övladı olan Ulu Öndərimiz Heydər Əliyev uşaqlıqdan elmə, təhsilə böyük maraq göstərirdi. 1938-1939-cu illərdə Naxçıvan Pedaqoji Texnikumunda oxudu, oranı müvəffəqiyyətlə başa vurdu...Hələ Naxçıvan ibtidai məktəbində oxuyarkən O məktəb tamaşalarında tez-tez iştirak edirdi, həmişə də şahzadə, sərkərdə rollarında oynayırdı. Çünki, Onun gözəl qaməti, aydın diksiyası, cəlbedici natiqlik istedadı var idi. Həmçinin gözəl rəsmlər də çəkə bilirdi. Bu rəsmlərdən bir neçəsi muzeylərimizdə qorunub yaşadılır. Beləliklə, onun fitri istedadı, gözəl qabiliyyəti hələ uşaqlıqdan özünü büruzə verməyə başlamışdı...

Məşəl kimi yanan ürək...

Bu ev Ümummilli Liderimizsiz artıq 30-cu ilinə qədəm qoyur... Bu qədər uzun vaxt keçməsinə baxmayaraq, nə xatirələr köhnəlib, nə də onunla olanlar, yaşananlar, yaddaşlarda qalanlar silinib...Bu evdə yerləşən hər maddi mədəniyyət nümunəsi, hər bir əşya tarixə işıq tutur, illərin tozlanmış hafizəsini silkələyir, nəyisə tapır, çıxarır, nədənsə elə hey danışır. Sözü-söhbəti rəvan, “qəlbi” sinədəftər olanlardan biridir qarşısında dayandığım, üzərinə dahi rəhbər Heydər Əliyevin gənclik illərinin əvəzsiz xatirələri hopmuş bu güzgülü şkaf: “O, tariximizin ən çətin anında, Stalin repressiyasının heç səngimədiyi bir anda həyat yoluna qədəm qoymuşdu. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu müvəffəqiyyətlə bitirdikdən sonra elə həmin ildə Azərbaycan Sənaye İnstitutunun Memarlıq fakültəsinə qəbul oldu. O, hələ uşaqlığından memar olmaq arzusu ilə yaşayırdı və bu ümidi ilə də 1941-ci ilə qədər orada uğurla təhsil aldı. Ancaq, təəssüf ki, 1941-ci ildə İkinci Dünya müharibəsinin başlaması, bir çox gəncin taleyində olduğu kimi, onun da həyatına təsirsiz ötüşmədi. Müharibənin başlaması ilə təhsilini yarımçıq qoymalı oldu. Təbii ki, bu kiçik uğursuzluq heç zaman Onu ruhdan sala bilməzdi, bilmədi də. Belə ki, səmərəli fəaliyyəti, yüksək siyasi duyumuna görə 1941-ci ildə gənc Heydər Əliyev Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Daxili İşlər Komissarlığı tərəfindən Naxçıvana, Ona doğma olan şəhərə çağırıldı. Gənc olmasına baxmayaraq, O, Naxçıvanda Xalq Daxili İşlər Komissarlığında və Xalq Komissarları Sovetində məsul bir işdə – şöbə müdiri vəzifəsində çalışdı. 1944-cü ilə qədər bu vəzifədə işlədi. 1944-cü ildə rus dilini gözəl bildiyinə, qeyri-adi istedad və səriştəsinə, çox məsuliyyətli olduğuna görə irəli çəkildi və Dövlət Təhlükəsizlik Orqanlarında işə başladı. Bütün bu uğurları, etimadı O öz zəhməti, alın təri ilə qazanmışdı. Elə həmin illərdə Leninqradda xüsusi ali təhsil almağa da başlamışdı. Həmçinin bundan bir neçə il sonra – 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə qəbul oldu və 1957-ci ildə oranı müvəffəqiyyətlə bitirdi. Bundan sonra onun elm, təhsil yolundakı qətiyyətlərini siyasi səriştəsi əvəz etdi...

Heydər dedim coşdu qələm, cənnətməkan oldu sinəm...

Dəqiqənin, saatın necə keçdiyini bilməmək çox qəribə hissdir, insanı sanki bu dünyadan uzaqlaşdırır, tamam fərqli bir aləmə qərq edir. Bəlkə də, başqa bir yerdə, ayrı məkanda olsaq, bu düşüncəyə qapılmarıq. Ancaq bu evdə Ümummilli Liderin əlinin toxunduğu hər bir əşyaya toxunmaq, onun keçdiyi dəhlizlərdən keçmək, bütün sadaladıqlarımızla muzeydə olduğu kimi, şüşə altından yox, məhz canlı surətdə təmasda olmaq... bu hissi ancaq yaşayanlar bilər, sözlə ifadə etmək isə çox çətindir...Salonun ən başında yerləşən pilləkən bizi evin ikinci mərtəbəsinə, Ümummilli Liderin iş otağının yerləşdiyi yerə çıxarır. Geniş bir dəhliz, qonaq otağı və dəhlizdən keçib dahi rəhbərin iş otağına daxil oluram. Otağın bir guşəsində Ulu Öndərin oxuduğu kitablar, qəzetlər olan kitab rəfi, digər tərəfində isə üzərində ölkəmizin tarixi taleyi ilə bağlı qəbul etdiyi fərmanları, tapşırıqları imzaladığı iş masası dayanır. Otağa hakim kəsilmiş sükutu kitabların sirli-sehrli aləmindən qopan kəlmələr pozur, sanki üzümüzdəki sevinci hiss edirmiş kimi bizimlə söhbətə tələsir: – Azərbaycan xalqının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycançılıq ideologiyasının banisi, Azərbaycanda milli özünüdərk prosesinin müəllifi və rəhbəri Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının dövlətçilik tarixində o qədər böyük yeniliklərə, o qədər böyük işlərə imza atıb ki, yuxarıda sadaladığımız titulların heç biri Onun sətirlərə sığmayacaq fəaliyyətini tam əhatə etməyə yetmir... Bu evdə yerləşən hər bir əşyanın, eksponatın Onunla bağlı o qədər maraqlı xatirəsi var ki, hansından başlayacağımızı, ən əsası, 30 il sonra görüşümüzə gələn qonaqlarımızı, yəni sizləri necə razı salacağımızı bilmirik. Amma söhbətə mütləq bir məqamdan başlamaq lazımdır. Axı sizin də bura gəliş məqsədiniz var... Dahi şəxsiyyət Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratdı və gələcəyə aparan yolları müəyyən etdi. Məhz buna görə də Azərbaycan tarixinin 1969-cu ildən bəri yaşanan dövrü bu böyük dühanın adı ilə sıx bağlıdır. Bu dövrün Azərbaycanın gələcək tarixi taleyi baxımından başlıca məzmunu isə Azərbaycançılıqdır, bir sözlə, Azərbaycan xalqıdır. Bu dövlətçilik strategiyasında Azərbaycançılıq məfkurəsi xüsusi yer tutur. Dahi şəxsiyyət Heydər Əliyevin 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi anti-azərbaycan siyasi xəttinə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa verməsi, 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı  daimi nümayəndəliyində bəyanatla çıxış edərək Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etməsi, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını qətiyyətlə tərk etməsi vətənpərvərliklə, Azərbaycançılıq məfkurəsi ilə bağlı idi. Bu, əsl vətənpərvərlik mövqeyinin nümayişi olmaqla bərabər, həm də Ümummilli Lider adını daşımaq gücündə olan şəxsə – Heydər Əliyevə yaraşan addım idi. 

Tarixə çevrilmiş imzalar, bir qələmdən yazılanlar, 
pozulanlar...

Otağın bir guşəsində dayanan iş masası da danışır bizə o illərdən. Bu evdə yer alan bütün əşyaları göz önünə gətirsək, ən çox söz haqqı ona düşər, bəlkə də... Çünki bu masa, üzərində dayanan kitab, qələm, ağ vərəqlər kim bilir nə hadisələrə, nə həqiqətlərə şahid olub. Nə bilmək olar, bəlkə də, Vətənimizin tarixi ilə bağlı qərarlar məhz bu masanın üzərində imzalanıb, neçə-neçə soydaşımızın gələcək müqəddəratı bu masada öz xoşbəxt həllini tapıb. Əminəm ki, 90-cı illərdə Naxçıvanın, bütövlükdə, ölkəmizin tarixi taleyi xalqımızın məhz bu masaya, üzərindəki qələmə, ən əsası onlara həyat verən Ulu Öndərə çox şey borcludur. Ən yaxşısı onun söhbətini dinləyək: – Bu gün hər bir azərbaycanlı üçün sirr deyil ki, 1990-cı ildə Azərbaycan olduqca mürəkkəb situasiya qarşısında idi. SSRİ-nin dayaqlarının sarsıldığı bir dövrdə keçmiş ittifaq miqyasında baş alan hərc-mərclik ölkələrin daxili həyatına da sirayət etmişdi və idarəetmə potensialı aşağı olan respublikalarda çox mürəkkəb siyasi-hüquqi hadisələr cərəyan edirdi. Eyni zamanda həmin dövrdə Naxçıvan Muxtar Respublikasının blokada şəraitində olması, sosial-iqtisadi durumunun bərbadlığı, hakimiyyətin muxtar qurum üzərində oynamağa çalışdığı oyunlar Naxçıvanın vəziyyətini olduqca mürəkkəbləşdirmişdi. Yalnız 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən Ümummilli Lider Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində muxtar respublikada sabitlik təmin edildi və Naxçıvanda sosial-iqtisadi vəziyyət yaxşılaşdırıldı. Müharibənin davam etdiyi, sənaye məhsullarının çatışmadığı, elektrik enerjisinin olmadığı, sosial-iqtisadi vəziyyətin həddindən artıq ağır olduğu şəraitdə Ali Məclisin Sədri seçilən Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayəsində Naxçıvanda sabitliyin, tərəqqinin və həmrəyliyin təmin edilməsinə nail oldu. Həmin dövrə nəzər saldıqda bu mərhələnin milli dövlətçilik ənənələrinin bərpası baxımından da xüsusi əhəmiyyət kəsb etdiyi görünür. Belə ki, bu istiqamətdə muxtar respublikanın dövlət rəmzləri bərpa edildi, milliləşdirmə siyasəti uğurla həyata keçirildi. 17 noyabr 1990-cı il tarixdə Naxçıvan Ali Məclisinin I sessiyasında ilk dəfə olaraq üçrəngli bayrağımız qaldırıldı. Milli bayraq məsələsi ilə əlaqədar 2 bəndlik qərar qəbul edildi. Bununla yanaşı, Naxçıvan Muxtar Sovet Sosialist Respublikası adından “Sovet” və “Sosialist” sözləri çıxarıldı. SSRİ-nin mövcud olduğu bir dövrdə belə bir qərarın qəbul və icra edilməsi olduqca yüksək siyasi səriştə və cəsarət tələb edirdi ki, Ulu Öndər Heydər Əliyev bunu bütün cəsarəti və siyasi uzaqgörənlik ilə nümayiş etdirdi. Bununla da Naxçıvan bu gün olduğu kimi, müasirlik və tərəqqi yolunda ilk addımlarını atdı. 

30 ildən sonra çalınan qapı, gələn qonaqlar və səhifələnən xatirələr...

Ümummilli Liderin iş otağı ilə vidalaşıb evin həyətinə enirəm. 27 ildir ki, dahi rəhbərin evinə bələdçilik edən Səyyad əmi bizə evdən bir qədər aşağıda, eyni məhəllədə Ulu Öndərin bacısı Surə xanımın evinin olduğunu deyir. Təbii ki, bu məhəllədə doğulub böyüdüyüm üçün Surə xanımın evinin burada olduğunu yaxşı bilirdim. Həm də rəhmətlik nənəmdən Onun mehriban, səmimi qonşuluğu barədə çox şey eşitmişdim... Səyyad əmidən bizi həmin evə aparmasını xahiş etdim. Sağ olsun, böyük məmnuniyyətlə razılaşdı. 22 illik ömrümdə mən bu küçədən hər gün, hər saat keçmişəm, ancaq bu dəfə sanki yollar, ayaq basdığım yerlər, uşaq ikən qaçdı-tutdu oynadığım o evin qarşısı daha da doğmalaşıb mənim üçün. Söhbət edə-edə, dahi rəhbərlə bağlı eşitdiklərimizi, bildiklərimizi, Səyyad əmi isə gördüklərini bizimlə bölüşə-bölüşə gəlib ünvana yetişirəm. İlahi, 30 ildir, döyülməyən bu qapı, bir gün gələr bu elin, yurdun əziz insanları, qonaqları qapımızı çalar, bizi sevindirər vüsalı ilə yaşayan xatirələr...necə də şirindir, əzizdir. Səyyad əmi qapını açır, bu o qapı idi ki, bir zamanlar Ümummilli Lider Moskvadan qayıdarkən ilk onun qarşısında dayanar, ədəblə bacısını səsləyər, ya da sakitcə qapını çalıb bir söz deməzdi. İstərdi ki, Surə xanım qapını açarkən gələn bu qonağın sevincini doya-doya yaşasın, sevinsin, şad olsun. Bacısı da ocaq üstündə dəmlənən plovu, qaynayan samovarı tez hazır edib qardaşının nazını çəkərdi, hal-əhval tutardı, ailəsinin, övladlarının kefini xəbər alardı. Sonra bu mehriban ailə – Ulu Öndər, Surə xanımın övladları, yoldaşı və xətirlərini əziz tutan qohum-qonşular bir stol arxasında əyləşib şam edərdi. Ümummilli Lider də onlara maraqlı söhbətlər edər, Moskva xatirələrindən danışar, ya da gələcək planları barədə nə isə deyərdi... İndi biz həmin stol ətrafındayıq, fotomüxbirimiz bu vaxta qədər nəinki Naxçıvan mediasında, heç ölkə mətbuatında olmayan şəkilləri fotoaparatın yaddaşına köçürüb əbədiləşdirir. Biz də evi gəzib, dolanır, xatirələrə dalırıq. Divarda asılmış bir fotoşəkil diqqətimi çəkir, yaxınlaşıb ona tamaşa edirəm. Bu zaman arxadan Səyyad əminin səsini eşidirəm: “Ulu Öndərimizin bacısıdır bax, Surə xanımdır. “Görəsən dahi rəhbərin bacısı olmaq necə şərəfli, qürurlu hissdir insan üçün”, – deyə düşünürəm. Elə bu zaman xatirələr, illər arxasından gələn səslər yenə də bizi ağuşuna alır. Xalqın Heydər babasının necə bir şəxsiyyət olduğunu, bir də öz bacısının “dilindən eşidirik:” – Xoş gəlmisiz, gələn ayaqlarınız var olsun... Qardaşımla bağlı ən gözəl xatirələri, sözləri öz varlığı, canı qədər sevdiyi Azərbaycan xalqı illərlə danışacaq. Bəlkə də, bir az qeyri-təvazökar səslənəcək, ancaq rəhmətlik anam İzzət xanım Onu bizim üçün, ailəmiz üçün yox, bütöv Azərbaycan üçün dünyaya gətirmişdi. O, mehriban ailə başçısı, qayğıkeş ata, səmimi yoldaş olduğu qədər, bütün bacı-qardaşlarına da ömrünü, həyatını həsr edəcək bir şəxsiyyət idi. Uşaqlıq illərindən hər birimiz çox çətinlik çəkmişik, yoxsulluq görmüşük. Ancaq ailəmiz hər zaman halal ruzi qazanmağı, uşaqlarını oxudub savad sahibi etməyi hər şeydən üstün tutub. Bəlkə də, elə buna görə idi ki, qardaşım nə vaxt maddi imkanı zəif olan, övladını oxutmaq gücündə olmayan ailələrdən xəbər tutsa, özü onları xaricdə oxudar, iş-güc sahibi edərdi. Ailəmizdə, xüsusən də əziz və mehriban gəlinimiz Zərifə xanıma xüsusi məhəbbəti var idi. Onların dövlətimizin inkişafı yolunda birgə etdiyi xidmətləri, yaxşılıqları hər birimiz çox yaxşı bilirik. Bəlkə də, ülvi sevgidən güc alan əqidələri onları xalqa bu qədər sevdirdi. Bütün həqiqətləri bir kənara qoysaq, təkcə 1990-cı ildə iyulun 22-də Naxçıvana gəlməsi və 80 min naxçıvanlının Onu təmtəraqla, şövqlə qarşılaması qazandığı sonsuz sevginin, dəyərin göstəricisi idi. Allah Ona rəhmət eləsin, ruhu şad olsun. Qardaşımın xatirəsini sevən, Onu əziz tutan Azərbaycan xalqı var olduğu müddətdə bu böyük dahi də var olacaq, elə bizlər də...

Bu xalqın ümidi, vüsalı hər dəm,
Heydər dühasından baxar dünyaya

İki otaqdan ibarət sadə tikili evin salonunda bir portret də yerləşir. Bu müəllifi bizə məlum olmayan əsərdə dahi rəhbər gül-çiçəklər içərisində Günəşin üfüqlərini seyr edir. Uzağa dikilmiş gözlərində şölələnən ümid eşqi ilə harasa baxır, bilmirəm, bəlkə də, yenidən qurulan azad, müstəqil, qalib Vətəninə tamaşa edir. Qəlbi doludur sözlərlə, amma niyəsə danışmaq istəmir. Həyatda çox zaman belə hadisələr olur; insan düşüncəsinə sığmayan xatirələr özünü sükutla büruzə verir. Amma biz duya bilirik onun nə dediyini, nəyi çatdırmaq istədiyini. Bir tək bizə onu söyləyir:” Vətəninin ən dar günündə onun dadına çatan bir rəhbərin xatirəsini üzərində daşımaq çox şərəflidir, qürurludur. Bu portreti ərsəyə gətirəndə edilən söhbətləri, yada salınan hadisələri, Ümummilli Liderlə bağlı deyilənləri, xatırlananları düşünəndə özümü xoşbəxt, bəxtəvər hiss edirəm. Nə yaxşı ki illərdir, məhz bu evdə Onunla bağlı həqiqətləri bölüşürəm... Sizlər də ona görə xoşbəxtsiniz ki, bu evi görmək, Onun söhbətini dinləmək məhz siz jurnalistlərə və qəzetinizə qismət olub. Sizə təşəkkür edirəm, 30 il sonra bizə bu xoşbəxtliyi yaşadan əziz qonaqlar...

Bir-iki kəlmə də müəllifdən...

Mən hər zaman “Şərq qapısı” qəzeti oxucularını xoşbəxt hesab etmişəm. Çünki bir zamanlar Ümummilli Liderin çörəkdən, sudan kəsib fasiləsiz nəşr etdirdiyi bu qəzet yeri gəlib bir fotonun izi ilə keçmişə işıq tutub, Naxçıvana gətirilən ilk traktorun tarixçəsini araşdırıb, tapıb və oxucularına çatdırıb, yeri gəlib dahi rəhbərlə görüşmək, söhbət etmək şərəfini qazanmış türk generalların xatirələrini gün üzünə çıxarıb, bu gündən keçmişə körpü salıb, ya da qardaş Türkiyə Respublikasında min illərdən bəri mövcud olan Naxçıvan məhəlləsinə qonaq olub Osmanlı saraylarından günümüzə gəlib çatan xəritələrin tarixi reallığını oxucularına təqdim edib. Bir sözlə, ölkə mətbuatının bir sıra ilklərinə məhz “Şərq qapısı” qəzeti imza atıb. Bu gün isə Ulu Öndərin 100 illik yubileyinə töhfə olaraq O dahi şəxsiyyətin bir zamanlar yaşadığı evlərdən salamladıq sizləri. İllərdir, heç bir jurnalistin ayaq basmadığı, tanış olmadığı evlərdən... Müstəqil və qüdrətli Azərbaycanın rəmzi olan, mənalı və şərəfli ömrünün hər anı xalqımız üçün əziz olan Ümummilli Liderimiz Heydər Əliyevin işıqlı xatirələrini yaşatdığı üçün müqəddəs bir ziyarətgaha, müzey-kompleksə çevrilməklə dünya siyası-mədəni irsinə layiqli töhfə verə biləcək evlərdən... Söhbətimizə isə Ümummilli Liderin bu qəzetə verdiyi tarixi qiymətlə nöqdə qoyuruq: “Mən “Şərq qapısı” qəzetinin təsiri altında tərbiyələnmişəm. Hələ gənc ikən burada orta məktəbdə, pedaqoji texnikumda oxuyanda müxtəlif məsələləri öyrənmək üçün “Şərq qapısı”ndan çox istifadə etmişəm. O vaxtdan nüfuzlu qəzet kimi hafizəmdə qalıb”. 

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 17.07.2023 18:45