AZ EN RU

Dubayda Ümumdünya İqlim Sammiti başlayıb

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 28-ci Tərəflər Konfransının (COP28) əsas tədbiri olan Ümumdünya İqlim Sammitinin açılış mərasimi başlayıb.

Sammitin keçirildiyi “Expo City Dubai” sərgi mərkəzində yerləşən “Əl-Vaha” teatrının əsas zalında 140-dan çox ölkənin lideri toplaşıb. Ümumdünya İqlim Sammitinin açılışında Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zaid Əl Nahayyan, Britaniya kralı III Çarlz və BMT-nin Baş katibi Antonio Quterreş çıxış edəcək.

Tədbirdə iştirak edən dövlət və hökumət başçıları iki gün ərzində - dekabrın 1-2-də ekoloji problemlər, ərzaq təhlükəsizliyi, təbii fəlakətlərdən qorunma, yaşıl enerji, maliyyə məsələləri, iqlim dəyişikliyinin nəticələrini aradan qaldırmaq üçün az inkişaf edən ölkələrə dəstəklə bağlı ölkələrinin mövqelərini çatdıracaqlar.

Dekabrın 12-dək davam edəcək COP28 konfransında müxtəlif ölkələrdən 70 mindən çox nümayəndə, o cümlədən iri biznes və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, tədqiqatçılar, ekspertlər və jurnalistlər iştirak edəcəklər.

Nəşr edilib : 01.12.2023 15:10