AZ EN RU

DSX: 42 kiloqramdan çox narkotik vasitənin Azərbaycana keçirilməsinin qarşısını alınıb

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin əməkdaşları 42 kiloqram 85 qram narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısını alıblar.

DSX-nin mətbuat mərkəzindən verilən məlumata görə, noyabrın 1-də saat 14:40-da Zəngilan rayonunun Hacalı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 7 kiloqram 650 qram narkotik vasitə marixuana aşkarlanaraq götürülüb.

Həmin tarixdə saat 18:35-də Füzuli rayonunun Mahmudlu kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı 1 nəfər naməlum şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulmasını müşahidə edib.

Sərhəd pozucusunun gizləndiyi yeri təyin etmək məqsədilə havaya pilotsuz uçuş aparatı qaldırılıb, xidməti itlər də cəlb edilməklə keçirilmiş kompleks sərhəd axtarış tədbirləri nəticəsində 1 nəfər İran vətəndaşı saxlanılıb.

Saxlanılan şəxsin uzun illərdir müqabil ərazidə narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan qruplaşmanın üzvü olduğu müəyyənləşdirilib, üzərinə baxış zamanı ümumi çəkisi 31 kiloqram 50 qram narkotik vasitə (3 kiloqram metamfetamin, 28 kiloqram marixuana, 0,50 qram tiryək) və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 2000 ədəd Metadon M-40, 600 ədəd Pregabalin-150 müxtəlif təyinatlı dərman preparatları aşkarlanıb.

Noyabrın 4-də saat 10:55-də Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində qaçaqmalçılar tərəfindən gizlədilmiş 3 kiloqram 385 qram narkotik vasitə marixuana aşkarlanaraq götürülüb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Nəşr edilib : 06.11.2023 15:33