AZ EN RU

DSX: 27 kiloqrama yaxın narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” və “Lənkəran” sərhəd dəstələrinin əməkdaşları tərəfindən ümumi çəkisi 26 kiloqram 945 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.

Bu barədə DSX-in mətbuat xidmətindən məlumat verilib.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində dekabrın 4-də saat 19:15-də “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Edişə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində 17 kiloqram 900 qram narkotik vasitə marixuana və dekabrın 5-də saat 05:30-da “Lənkəran” sərhəd dəstəsinin Astara rayonunun Sım kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 9 kiloqram 45 qram narkotik vasitə marixuana aşkarlanaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Nəşr edilib : 05.12.2023 14:35