AZ EN RU

Draqana Koiç: "BQXK müntəzəm olaraq Azərbaycan və Ermənistan əsirlərinə baş çəkir"

"Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları müntəzəm olaraq Azərbaycanda saxlanılan erməniəsilli şəxslərlə, həmçinin Ermənistanda saxlanılan azərbaycanlılara baş çəkir. Sonuncu dəfə saxlanma yerlərinə başçəkmələr oktyabr ayının sonu, noyabrın əvvəli olub".

Bu fikirləri BQXK-nın Azərbaycandakı Nümayəndəliyinin başçısı Draqana Koiç jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bu başçəkmələr zamanı Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları saxlanılan şəxslərin şəraiti, onlarla rəftarla maraqlanır, həmçinin bu şəxslərin ailələri ilə əlaqə yaratmaları üçün şəraitin olduğunu yoxlayır və bu şəraiti təmin edir.

"Biz Beynəlxalq Qızıl Xaç Komitəsi olaraq, bu fəaliyyətlə bağlı məlumatları ancaq əlaqədar qurumlarla ikitərəfli konfidensial qaydada bölüşür və müzakirə edirik. BQXK hər iki tərəf - istər Azərbaycan, istərsə də Ermənistanla mütəmadi olaraq bu məsələləri müzakirə edir", - D.Koiç vurğulayıb.

Nəşr edilib : 22.11.2023 12:33