AZ EN RU

Dram müsabiqəsinin qalibləri mükafatlandırılıb

    Dünən “Məktəblilərin dram müsabiqəsi”nin yekununa həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov muxtar respublikada təhsilə göstərilən dövlət qayğısından danışıb. Qeyd olunub ki, yaradılan şərait şagirdlərin mənəvi aləminin zənginləşməsi, dünyagörüşünün və bilik dairəsinin genişlənməsi, məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında mühüm amildir. Bu istiqamətdə keçirilən tədbirlərdən biri də “Məktəblilərin dram müsabiqəsi”dir. 2021-ci il  dekabrın 13-dən  başlayaraq 3 mərhələdə keçirilən müsabiqədə 183 məktəb üzrə 1200-dən artıq şagird iştirak edib. Əsərlərdən səhnələşdirilən parçalar münsiflər heyəti tərəfindən qiymətləndirilib. 
    Təhsil naziri ümumtəhsil məktəblərində və məktəbdənkənar təhsil müəssisələrində şagirdlərin istedad və bacarıqlarının üzə çıxarılması üçün yaradılan əlverişli şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib. 
    Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Nətavan Qədimova çıxışında qeyd edib ki, bu gün muxtar respublikada teatrların fəaliyyətinə hərtərəfli dövlət qayğısı göstərilir. Son illər muxtar respublikada teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, teatr binaları yenidən qurulub və ya əsaslı təmir olunaraq istifadəyə verilib. Hazırda muxtar respublikada fəaliyyət göstərən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı, və digər teatrlar tamaşaçıların asudə vaxtlarının mənalı təşkilində əhəmiyyətli rol oynayır.
    Mədəniyyət naziri bildirib ki, “Məktəblilərin dram müsabiqəsi” bundan sonra da şagirdlərin kitab mütaliəsinə marağının artmasına, onların bədii-estetik zövqünün və bədii qiraət bacarığının formalaşmasına, nəhayət, muxtar diyarımızda teatr sənətinə olan marağın güclənməsinə dəyərli töhfə olacaqdır. 
    Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev isə çıxışında şagirdlər arasında keçirilən “Məktəblilərin dram müsabiqəsi”nin muxtar respublikamızda ədəbiyyata göstərilən diqqətin, qayğının bariz ifadəsi olduğunu vurğulayıb. 
    Sonda qaliblərə təşkilatçılar tərəfindən plaket və oxunması zəruri olan kitablar hədiyyə olunub.
    “Məktəblilərin dram müsabiqəsi”ndə  Ordubad rayon Vənənd kənd tam orta məktəbinin şagirdləri hazırladıqları Cəfər Cabbarlının “Solğun çiçəklər”, Naxçıvan Qızlar Liseyinin şagirdləri səhnələşdirdikləri  Mirzə Fətəli Axundzadənin “Heykayəti Müsyo Jordan və Dərviş Məstəli şah” əsərləri ilə  III, Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin şagirdləri Moris Meterlinkin “Göy quş” əsəri ilə II yerə layiq görülüb. Kəngərli rayon Qarabağlar kənd 1 nömrəli  tam  orta məktəbin şagirdləri isə Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” əsəri ilə müsabiqənin qalibi elan olunubblar. Həmçinin müsabiqə müddətində aktyorluq bacarığı ilə fərqlənən 8 şagird də mükafatlandırılıb.
    Sonra “Məktəblilərin dram müsabiqəsi”nin seçim mərhələləri ilə bağlı hazırlanan videoçarx təqdim edilib. Tədbirin sonunda müsabiqənin qalibi olan məktəblərin hazırladıqları səhnələr nümayiş olunub.

   Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 07.04.2022 19:53